Rəsul Quliyev partiyasını dağıdır

Rəsul Quliyev partiyasını dağıdır
  05 Noyabr 2013    Oxunub:1278
ACP son nəfəsində: R.Quliyevdən Sülhəddin Əkbərə ağır zərbə

Açıq Cəmiyyət Partiyasında (ACP) yarpaq tökümü davam edir. Seçkilər başa çatdıqdan sonra Rəsul Quliyev Milli Şuranın acı məğlubiyyətindən özünü sığortalamağın yolunu tapa bildi. O, heç nə olmamış kimi çulunu sudan çıxartmaq üçün lideri olduğu partiya (ACP) və Milli Şura ilə yolları ayırmaq qərarına gəldi. Milli Şuraya facebook üzərindən qoşulan eks-spiker elə son qərarını də bu məkandan açıqladı.

Siyasi proseslərdən usulluca kənara çəkilən R.Quliyevin sahibi olduğu partiyadan imtina edəcəyi gözlənilməsə də o, bu addımı atmağı bacardı.

Siyasi etika baxımdan R.Quliyev bu hərəkəti bəlkə də həyatının ən düzgün addımı atdı.

Onun bu gedişinə ancaq bir anlam vermək olardı: “Məğlub Milli Şura və öz missiyasını yerinə yetirə bilməyən partiya mənə lazm deyil“.

ACP-də istefalar R.Quliyevin gedişi ilə bitmədi. Daha sonra onun tərəfdarları - ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərova da partiyanı tərk etdiklər. Onlar bu istefaları Milli Şuranın seçki məğlubiyyəti ilə əlaqələndirdilər.

Z.Dünyamalıyeva və Solmaz Ələsgərovun R.Quliyevin ən yaxın silahdaşları olduğu mətbuata qabaqcadan bəlli idi. Onların ACP-dən gedişi də məhz eks-spikerin istefası ilə bağlı idi.

Bir-birinin ardınca baş verən istefalardan sonra ACP-yə ən böyük zərbə partiyanın qərargahından qovulması oldu. ACP-nin icarəyə götürdüyü ofisdən çıxarılması, ofisin AXCP-yə “hədiyyə” edilməsi də təsadüf deyildi.

Sülhəddin Əkbərdən üz döndərdən R.Quliyev partiyadan çıxmaqla kifayətlənməyərək maddi dəstəyini də ACP-dən kəsdi.

Halbuki aylar öncə eks-spiker prezident seçkilərinə böyük ümidlərlə köklənmişdi. Hakimiyyətə gəlmək şansının olduğunu xəyal edən R.Quliyev ACP üçün şəhərin mərkəzində ofis icarəyə götürüb, partiya üzvlərinə “baxım-görüm“ edirdi. Yayılan məlumatlara görə, qərargahın icarəsi üçün o, nə az-nə çox aylıq 7 min dollar icarəhaqqı ödəyirmiş.

R.Quliyevin pulunun iyisinə yığılan dostları onun gedişi ilə ACP-də qala bilməzdilər. Onların gedişi gözlənilən idi.

Pulsuz, qərargahsız qalan partiyada növbəti istefalar Sülhəddin Əkbəri daha da məyus etdi. Belə ki, bu yaxınlarda ACP-nin Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlu da vəzifəsindən istefa vermək qənaətinə gəldi.

Keçmiş təşkilat sədri buna səbəb kimi R.Quliyevin partiyadan ayrıldığını göstərib.

Partiyanın siyasi məsələlər üzrə müavini Vaqif Mahmudov da R.Quliyevin gedişindən sonra partiyadan ayrılanlar sırasındadır.

Seçkidən cəmi bir ay keçməmiş ACP 5 funksionerini itirdi. Eks-spikerin gedişi ilə hər kəs pərəm-pərəm oldu. Partiya funksionerlərinin istefa verməsinin R.Quliyevin tapşırığı ilə bağlı olduğu danılmazdır. Onlar ACP-yə R.Quliyevin xahişi ilə gəldikləri kimi, tapşırığı ilə də getdilər.

ACP-nin bundan sonrakı fəaliyyəti sual doğurur. Partiya sədri etiraf etməsə də faktiki olaraq ACP-nin fəaliyyəti hiss olunmur. Onun partiya olaraq yalnız adı qalır. Nə qərargahı, nə müavinləri, nə də tərəfdarları var. ACP-nin yalnız Sülhəddin Əkbərdən ibarətdir.

Maddi dəstək olmadan ACP-nin yola davam etmək şansının sıfıra bərabər olduğunu nəzərə alsaq böyük ehtimalla partiyanın tarixə qovuşacağı günün gec olmadığı gün kimi aydındır. Lorı dildə desək R.Quliyev gedişi ilə ACP-nin “fatihə“sini vermiş oldu.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti