Süleyman Dəmirəl: `Heydər Əliyevlə səmimi söhbətlərimiz olurdu` - EKSKLÜZİV

Süleyman Dəmirəl: `Heydər Əliyevlə səmimi söhbətlərimiz olurdu` - EKSKLÜZİV
  04 Noyabr 2013    Oxunub:3646
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin AzVision.az saytına müsahibəsi

- Sizi Azərbaycanda görməkdən çox məmnunuq. Ölkəmiz haqqında təəssüratlarınız necədir?

- Azərbaycan bu bölgənin inkişafı üçün, bu bölgədə barışın bərqərar olması üçün çox vacib ölkədir. Qafqazın Avropa ilə Asiya arasındakı körpüsü sayılır. Türkiyə Azərbaycanı qardaş ölkə saydığı üçün bu ölkədə yalnız inkişaf, sabitlik görmək istəyir. Azərbaycandakı qardaşlarımızın xoşbəxt, firavan yaşamasını istəyirik.

- Son illər Azərbaycanda gedən proseslər barədə nə deyə bilərsiniz?

- Azərbaycan son 20 il ərzində inanılmaz dərəcədə inkişaf edib. Bunu bütün dünya görür və qiymətləndirir. Son prezident seçkiləri isə bu ölkənin demokratiyaya olan bağlılığını göstərdi. Azərbaycan xalqının iradəsini, Azərbaycan xalqının bu illər ərzində xalq üçün, dövlət üçün görülən işlərə verdiyi qiyməti göstərdi. Bunları görmək mənə hüzur verir.

Azərbaycanın inkişafı, rifahı həm bölgə üçün, həm də iki dövlət, bir millət olaraq bizim üçün böyük uğurdur. Və mən prezident ilham Əliyevi yenidən xalqın etimadını qazandığı üçün təbrik edirəm.

İki gün ərzində Azərbaycanı gəzməyə, burada dostlarla görüşməyə imkan tapdım və bu, məni çox sevindirir. Məhz bu otaqda mən dəfələrlə əziz dostum, Azərbaycan xalqının Milli Lideri Heydər Əliyevlə səmimi söhbətlərimiz olub. Mən o illəri xatırladım. Dost evində yenidən olmaqdan çox məmnunam.

- Siz 3-cü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiniz. Bu beynəlxalq forumu və ümumiyyətlə, Azərbaycanın beynəlxalq toplantılara ev sahibliyi etməsini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan bir dialoq mərkəzinə çevrilib. Hər baxımdan örnək göstəriləcək bir məkandır Azərbaycan. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək həm siyasi, həm də iqtisadi uğurdur. Bu gün Azərbaycanda dünyanın qlobal problemləri müzakirə olunur. Dünya xalqlarının rifahının yaxşılaşması, bəşəriyyəti narahat edən problemlərin həll yollarının axtarılması üçün dünya ölkələrinin nüfuzlu simaları, intellekt sahibləri, beyin mərkəzləri Bakıya toplaşıb. Bu, Azərbaycanın nüfuzunun artmasına xidmət edir. Biz dost və qardaş ölkə olaraq Azərbaycanın bu uğuruna sevinirik.

- Siz humanitar forumda çıxışınız zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundunuz. Dünya birliyini işğal siyasətinə son qoymağa çağırdınız...

- Bəli. Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bizi çox narahat edir. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın problemidir. Azərbaycan bu problemi dinc yolla çözmək istədiyini hər zaman söyləyir. Sivil yolla həll yolu tapmağa çalışır. Amma Ermənistanın prosesi uzatdığının şahidi oluruq. Bu, bütün dünyanı narahat etməlidir. Ermənistan da, dünya birliyi də anlamalıdır ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Təəssüflə qeyd etməliyəm ki, bu gün Ermənistanın Azərbaycana və Türkiyəyə düşmən münasibətini dəstəkləyən dostları var dünyada. Amma bu gün Ermənistan dünyadan təcrid vəziyyətinə salıb özünü. Və dostları da onu bu vəziyyətdən çıxara bilmir. Azərbaycan isə hər gün daha çox inkişaf edir. Və Azərbaycanın iqtisadi gücünün artması onun qalibiyyətini daha da yaxınlaşdırır.

- Sonda Azərbaycan xalqına arzularınızı eşitmək istərdik...

- Mən Azərbaycan xalqına sevgi və hörmətlərimi çatdırıram. Azərbaycan mənim də vətənimdir. Hər səfərimdə burada daha çox inkişaf, daha çox uğur görmək arzusuyla dönürəm Ankaraya. Bütün Azərbaycan xalqına rifah arzulayıram.

AzVision.az


Teqlər:  





Xəbər lenti