Vahid Əhmədov: `Millət vəkili yol düzəldən deyil` - VİDEO

  04 Noyabr 2013    Oxunub : 2419
Vahid Əhmədov: `Millət vəkili yol düzəldən deyil` - VİDEO
`Planı vermək üçün gecə saat 3-də iclas keçirdiyim vaxtlar olub`

AzVision.az saytının qonağı, millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov oxucuların suallarına cavab verir:



Qubalı:
- Salam Vahid müəllim, Nazirlər Kabineti yaxşıdır, yoxsa Milli Məclis?




- Hərənin öz sahəsi var. Nazirlər Kabineti icra orqanıdır. Milli Məclis qanunverici orqandır. Mənim üçün fərqi yoxdur, ikisi də eynidir.

Quliyev Mirzə:
- Vahid müəllim, siz yaxşı zavod direktoru olmusunuz. Niyə yeni açılan zavodlardan birinə sizi rəhbər təyin etmirlər?




- Mənim artıq o vaxtım keçib. Zavodlarda 30 ilə yaxın işləmişəm. Onun bütün sahələrini keçmişəm. Ona görə də indi zavod direktoru işlməyə ehtiyac yoxdur.

Kasıb:
- İnsafla əlinizi ürəyinizin üstünə qoyub deyin: ölkədə maaşlar az deyilmi? Orta maaşa normal yaşamaq olarmı?




- Son vaxtlar müəyyən maaş artımı olub. Amma ümumi götürəndə yaşayış miniumumu 125 manatdır və bu, çox azdır. Bunu artırmağa ehtiyac var. Amma birdən-birə artırmaq olmaz. Müəyyən mərhələlər lazımdır.

Sizi tanıyan:
- Sovet vaxtı zavod direktoru olmaq nə demək idi? İndiki zavod direktorları ilə müqayisə apara bilərsinizmi?




- O vaxtkı zavod direktorları, tam məsuliyyətlə deyirəm ki, ağır şəraitdə çalışırdılar. Çünki planlı iqtisadiyyat idi. Mən zavod direktoru işləyəndə elə vaxt olurdu ki, gecə saat 2-3 də iclaslar keçirmişəm. O vaxtı çox ağır dövrlər idi. Zavod direktoru işləmək həm şərəfli, həm də ağır idi.
Hüseynov:
- Vahid müəllim, Pənah Hüseynov və Rəhim Hüseynov necə baş nazir idilər?..




- Rəhim Hüseynovla indi də əlaqələrim var. Pənah Hüseynovla da var. Amma Rəhim Hüseynov ağsaqqal bir adamdır. Uzun müddət dövlət vəzifələrində çalışıb. Çox normal baş nazir idi. Pənah Hüseynov isə cəmi 3 ay işlədi. Onunla da normal müansibətlərim var.

Cəlilabaddan:
- Milli MəclisCəlilabadın millət vəkilinə rast gələndə deyin ki, `get, Cəlilabadın kəndlərinin yollarını düzəltdir`. Ayıbdır, martdan bəri guya düzəldirlər.




- Ümumiyyətlə, millət vəkili yol düzəldən deyil. O, qanun qəbul edir. Amma müəyyən müraciətlər olanda biz nazirələrə göndəririk. Onlarla söhbət edirik, onlar da bizə kömək edir. Məsələn, mən Quba rayonunda bununla əlaqədar çox işlər görmüşəm. Yəni, nazirlər kömək edib. Ona görə də o, öz millət vəkillərinə müraciət etsin.

Alma :
- Vahid müəllim, necə düşünürsünüz, sizdə qubalı xarakteri varmı? mumiyyətlə, qubalıların başqa bölgələrdən fərqini nədə görürsünüz?




- Quba deyəndə, ümumiyyətlə, dağ zonasının adamları bir az qürurlu, ağır olurlar. Mən də qubalı, dağ adamıyam. Ona görə də bir az bizm təbiətimiz sərt olur.

Qəlbinur Biləsuvarlı:
- Vahid müəllim sizə Azərbaycanın tanınmış savadlı və ziyalı şəxslərindən biri kimi hər yerdə hörmət var. Xahiş edirəm səmimi cavab verəsiniz. Vaxtilə Heydər Əliyev sizdən siyasi mövqeyinizi ortaya qoymağınızı deyəndə dediniz ki, mən siyasətlə məşğul deyiləm. Onda da deputat idiniz. Bu gün bu suala necə cavab verərdiniz? Siz siyasətlə məşğulsunuzmu?



- Mən elə deməmişəm ki, siyasətlə məşğqul deyiləm. Orada söhbət oldu ki, hansı qrupdasan, mən dedim ki, heç bir qrupda iştirak etmirəm. Mən indi də sərbəst, azad adamam və millət vəkili olaraq da sərbəst öz fikirlərimi bildirirəm.

Amil:
- Qubadakı avtovağzalın bilet məsələsi necə həll ola bilər? Tarif Şurasının müəyyən etdiyi qiymətə görə gediş haqqı 2.75 manat olduğu halda, sürücülər və ya konduktorlar tərəfindən 4 manat tələb olunur. Bu bilet mədəniyyətini necə qaydaya salmaq olar? Madam ki, sərnişinlərdən 4 manat nəğd pul tələb olunur, onda elə bilet də 4 manat olsun. Düşüncələrinzi bilmək yaxşı olardı. Ümidvarıq ki, bu məsələnin həllinə nail ola bilərsiniz.


- Qiymətlər Tarif Şurası tərəfindən təsdiq edilir. Ona görə də o qiymətə uyğun olaraq da vəsait vermək lazımdır. Artıq vəsait vermək olmaz. Rüşvəti verən də, alan da ikisi də məsuliyyət daşıyır.



Ramila:
- Qubalı olduğuma va sizin kimi bir deputatımız olduğuna görə fəxr edirəm. Sual yox, xahishim var. Sizin həm də tikinti ilə bağlı vəzifəniz var. 2 ildən artıqdır Kürdəmir rayonu ETALON MMC tikinti şirkətinin rəhbəri Sadıqov Müşffiq ev tikmək adi ilə 9200AZN pulumu alıb, qaytarmır. Vəzifəli qohumları var, 29 yaşında bacım bəlkə də son günlərini yaşayır, imkansızlıqdan kömək edə bilmirik, öz ödədiyim pulu geri almağa köməkliyiniz dəysə ömür boyu duaçınız olarıq.




- Ərizə ilə mənə müraciət etsin. Çalışaram ki, ona köməklik edim.

Fikrət:
- Vahid müəllim, niyə bütün ömrünü elmə həsr edən elmlər doktoru, professor hansıssa millət vəkilindən az maaş almalıdır?




- Millət vəkili əvvəla, yuxarı statusdur. Ona görə ki, millət vəkili xalq tərəfindən seçilən nümayəndədir. İkincisi də, mən o fikir ilə razı deyiləm ki, professor millət vəkilindən aşağı maaş almalıdır. Professorların, alimlərin maaşı, elmə ayrılan vəsaitlə ciddi məşğuluq. Və hər il dövlət büdcəsini təsdi edəndə bu sahəyə əlavə vəsait ayrılır.

Faiq:
- Vahid müəllim, Fətəli xanın heykəlinin ucaldılmasının vaxtı çoxdan çatıb, sizdən başqa heç kim edən deyil.


- Bununla əlaqədar olaraq mən cənab prezidentə müraciət etmişəm. Cənab prezidentin Nazirlər Kabinetinə göstərişi var ki, bu məsələ həllini tapsın.

Eldar:
- Vahid müəllim, 240 manat (pensiya+prezident təqaüdü +uşaq pulu) pensiya ilə əli və yaxud ayağı olmayan Qarabağ əlili 4 nəfər ailə üzvü ilə birlikdə Azərbaycanda necə yaşayır?



- Pensiya sistemində son vaxtlar islahatlar gedir. Mənə elə gəlir ki, pensiya problemi 5-6 ildən sonra müsbət həll olunacaq. Ümumiyyətlə, hər il dövlət başçısı tərəfindən az da olsa, pensiyalara artımlar edilir.

Tahir:
- Vahid müəllim, nə vaxt 7-ci təsnifatda işləyən dövlət qulluqçularının əmək haqqı artırılacaq? Həmin təsnifatda əmək haqqı çox aşağıdır, 6-cı ildir ki, artırılmır. Ancaq dövlət qulluğu haqqında qanunun 4.1.11.maddəsinə əsasən dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsi təmin edilməlidir. Sizcə, 176 manata ləyaqətli yaşayış səviyyəsini təmin etmək olarmı?




- Mən oxucu ilə razıyam . Dövlət qulluğunda işləyənlərin, xüsusilə aşağı təsnifatdan olanların maşları aşağıdır. Bununla əlaqədar olraq mənim Maliyyə Nazirliyi ilə müəyyən söhbətlərim olub və dövlət büdcəsi müzakirə olunan zaman da bu məsələyə toxunalcaq. Axırncı dəfə də düz deyir ki, 5 il bundan qabaq dövlət qulluqçularının maaşı artırılıb. İndi də buna ehtiyac var.

Emin Abbasov:
- Vahid müəllim, sizdən xahişim budur ki, gənclər üçün ipoteka məsələsini Milli Məclisin və komissiyalarin iclasında gündəmə gətirib, bu məsələnin həlli ilə bağlı ciddi maraqlanıb, öz töhfənizi verəsiniz. Ümid edirəm, bu məsələni daim gündəmdə saxlayıb, əlinizdən gələni edəcəksiniz: 1) İlkin ödənişin azaldılması və ya ləğv edilməsi, 2)Faiz dərəcəsinin aşağı salınması, 3) Kredit məbləğinin artırılması.




- Bu məsələ mütamadi olaraq tərəfimdən Milli Məclisdə qaldırlır. Maliyyə Nazirliyinə də, Mərkəzi banka da bununla əlaqədar müəyyən təkliflərimizi vermişik. İpoteka kreditində həm faiz dərəcəsininin aşağı salınması, həm ilkin məbləğin artırlması, həm də ümumi məbləğin azaldılması ilə əlaqədar danışıqlar gedir. O cümlədən, gənclər və idman naziri Azad Rəhimov da Azərbaycan hökumətinə müəyyən təkliflər verib. Milli Məclisdə bu məsələ müzakirə olunanada biz məsələyə toxunacağıq.


Qubadan:
- Vahid muəllim, parlament seçkilərində istirak edəcəksiniz? Bu dəfə sizin əsas rəqibiniz deyirlər, Hacı adında cavan oğlandır...




- Sağlıq olsun. Problem olmasa, iştirak edəcəyəm. Cavan oğlana da uğurlar arzu edirəm.


Alim:
- Vahid müəllim, hər kəsə maraqlıdır ki, niyə sizə vəzifə verilmədi. Siz xalq tərəfindən sevilən, savadlı kadrsınız. Sizcə bu, bundan sonra mümkündürmü?




- Mən millət vəkliyəm. Bundan yüksək vəzifə yoxdur. Bu, elə ən yüksək vəzifədir. Seçicilərin etimadını doğrulmağa çalışıram.

Gülnaz :
- Hörmətli Vahid müəllim, məni maraqlandıran bir neçə sual var. İşə girmək üçün qadınlara yaş həddini kim qoyub? Ali təhsilliyik, yaş 35-dən yuxarı olanda deyirlər ki, yox olmaz. Bu məsləni Milli Məclisdə səsləndirin.




- Elə bir qanun yoxdur. Qadağa da yoxdur. Kimsə özündən bunu fikiriləşib icad edib.

Arzu:
- Vahid müəllim, siz Quba rayonu ərazisindəki çayların kənarında əhalinin məskunlaşmış hissəsində qum-çınqıl karxanalarının işlədilməsinə necə baxırsınız?




- Çox pis baxıram. Bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam. Milli Məclisin gündəliyinə də saldırmışam. Hətta bu yaxınlarda biz “avtomobil yolları haqqında qanun”a dəyişiklik edəndə bir daha bu məsələyə toxunmuşam. Hətta qanuna dəyişiklik etmişik ki, körpüdən bir kilometr o yana, bir kilometr bu yana heç kim çınqıl götürə bilməz. Bu, çox ciddi məsələdir. Hətta Cənab Prezident Qubada olanda yolların dağılması ilə bağlı əlavə göstəriş verib ki, ağır tonnajlı maşınlar bu yolda işləməsinlər. Yəni çınqılı çox yükləməsinlər.

Tural:
- Vahid müəllim, çox istərdim ki, Cənab Prezident tərəfindən sizə yüksək vəzifə verilsin.Çünki siz dövləti, milləti sevən, xalqı düşünən insansınız. Belə bir təklif gözlənilirmi?




- Cənab Prezidentin səlahiyyətində olan məsələdir. Ona görə də bununla bağlı bir söz deyə bilmərəm.

Nahid:
- Vahid müəllim, Prezident tərəfindən hər hansı vəzifə təklifi gəlsə, razı olarsınızmı? Amma tam səmimi cavab verin.


- O, baxır vəzifəyə.

Cahid:
- Çox istərdim ki, yeni hökümətdə sizi görüm, sizcə, bu, mümkündür?

- Yeni hökumət artıq təsdiq olunub. Mən onlara uğurlar arzu edirəm.

Pioner:
- Sizin baş nazirin müavini olduğunuz dövrdə Azərbaycanın iqtisadiyyatında nələr baş verirdi? Bilmədiyimiz nələrisə açıqlasanız çox təşəkkür edərdim!!!




- O zaman müstəqilliyimiz yenicə elan olunmuşdu. Biz 1992- ci ildə hakimiyyətə gəldik. Çox çətin, Azərəbaycanın ən ağır bir dövrü idi. Dövlət büdcəsində vəsait, ölkədə ərzaq yox idi. Mən belə hesab edirəm ki, o dövrdə fəaliyyət göstərən bütün dövlət , hökumət rəhbərləri hamısı fədakar insanlar olub.

Rəqsanə Zöhrabqızı:
- Salam, Vahid müəllim, Quba-Qonaqkənd yolunun istifadəyə verilməsi nə vaxta nəzərdə tutulub?




- Cənab Prezident Qubada olanda da mən ondan bu məsələni xahiş etdim. 2014-2015- ci ilə də yəqin ki, istifadəyə veriləcək. Artıq yolun tikitisinə başlanılıb.

Dövlət Qulluqçusu:
- Siz son dövrlərdə çıxışlarınızda dəfələrlə vurğulayırdınız ki, dövlət qulluqçularının əməkhaqları hissolunacaq dərəcədə artırılacaq. Bəs nə oldu? Az qala 5 ildən çoxdur ki, dövlət qulluqçularının əməkhaqları artmır. Son dövr artımların heç biri onlara şamil olunmayıb. Sizin dilinizlə desək, hissolunacaq dərəcədə artımı nə vaxt hiss edəcəyik? Ötən ilin büdcəsində nəzərdə tutulsa da, olmadı. Bu il isə nəzərdə tutulmayıb.




- Ümumiyyətlə, dövlət qulluqçularının maaşlarının artırılması ilə əlaqədar vəsait problemi yoxdur. Vəsait dövlət büdcəsində kifayət qədər var. Ayın 4-də 2014-cü ilin dövlət büdcəsini müzkirə edəcəyik. Mənim 9 sualım var, bir sualım da dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı olacaq.

Məmməd:
- Vahid müəllim sizi hər kəs yeni kabinetdə baş nazirin müavini görürdü.Siz seçki vaxtında da İlham Əliyevin təbliğatını apardınız.Bəs nə səbəbə bu kabinetdən kənarda qaldınız? Sizə niyə vəzifə verilmədi? Çox maraqlıdır, xahiş edirəm, ətraflı cavab verin.




- Bəyəm hər təbliğat aparana vəzifə verirlər? İlham Əliyevi mən seçkilərdə təbliğ etmişəm. Hesab edirəm ki, indiki şəraitdə Azərbaycana olan təhdidərin qarşısını ala biləcək yeganə insan İlham Əliyevdir.

Əlikram Bədəlbəyli
- Qubanin Yerfi kəndində Tibb Məntəqəsi yoxdur. Xahiş edirik, kömək edəsiniz. Qubanin yerfi kendinde Tibb məntəqəsi yoxdur.Xahiş edirik köməklik edəsiniz.

- Mən söz verirəm ki, 2104-cü ildə orada tibb məntəqəsi olacaq.

Şahanə Rəhimli
Video: Elnur Muxtar

Teqlər: