Jurnalistlər İlham Əliyevə müraciət etdilər

Jurnalistlər İlham Əliyevə müraciət etdilər
  01 Noyabr 2013    Oxunub:2958
Azərbaycanın bir qrup jurnalisti “Xəzər” tv-nin “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuranın səhhətinin pisləşməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.
AzVision.az-a daxil olan məlumata görə, jurnalistlər Hacı Nuranın sağlıq durumunun hazırda cox kritik vəziyyətdədir və onun müalicəsi üçün bütün vəsaitlər tükənib, müalicəsini davam etdirmək üçün müaliyyəyə ehtiyacı var.

Həmin müraciəti təqdim edirik:

Hörmətli cənab Prezident,

biz, bir qrup azərbaycanlı jurnalist, Sizə həmkarımız, tanınmış jurnalist Nuran Hüseynova kömək etmək xahişi ilə müraciət edirik. İnsanlara kömək məqsədi daşıyan “Xeyir körpüsü” televiziya verilişinin aparıcısı olaraq o, bədbəxtliyə düçar olmuş və xəstəliklərlə üzləşmiş insanları dəstəkləməyə və onları xilas etməyə çalışırdı. Amma iş elə gətirdi ki, 2012-ci ilin yazında Nuran özü bədbəxtliklə üzləşdi. Jurnalistdə ağır xəstəlik - limfoqranulematoz (limfa toxumasının bədxassəli xəstəliyi ) aşkar olundu.

İndiyə kimi Nuran Hüseynov Avstriyada, Filippində və Almaniyada müalicə alıb. Xəstəliyin müalicəsi böyük maliyyə vəsaitləri tələb edir. Nurana kömək məqsədilə onun dostları və həmkarları dəfələrlə xeyriyyə aksiyaları keçiriblər. Beynəlxalq Muğam Mərkəzində , Bakı caz mərkəzində və Azərbaycan Dövlət Filarmoniyasında xeyriyyə məqsədilə tanınmış aktyorların və ifaçıların iştirakı ilə keçirilən konsertlərdə 150 000 avroya yaxın vəsait toplanıb. Amma təəssüf ki, əldə olan vəsaitlər artıq tükənib. Bu günlərdə Nuran Hüseynovun vəziyyəti pisləşib və onun təcili tibbi müdaxiləyə ehtiyacı var. Bununla belə, maddi vəsaitlərin çatışmazlığı üzündən jurnalistin müalicəsi yubanır.

Cənab Prezident,
Siz dəfələrlə Azərbaycan jurnalistlərinə dəstək və diqqət göstərmisiniz. Sizin şəxsi göstərişinizlə leykoz xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Nicat Dağlar Azərbaycan dövlətinin hesabına Almaniyada müalicə olunur.
Sizdən ağır xəstəliyinin müalicəsini başa çatdırmaq üçün köməyə ehtiyacı olan jurnalist Nuran Hüseynovun taleyinə biganə qalmamağı xahiş edirik. Nuran Hüseynov həyat uğrunda mübarizədə artıq böyük və mürəkkəb yol keçib, xeyli ağrı və əzablara tab gətirib. Ağır xəstəlik üzərində qələbə çalmaq üçün son addımı atması və tezliklə Vətənə qayıtması üçün biz Sizdən jurnalistə yardım əlinizi uzatmağı xahiş edirik.

AzVision.az


Teqlər:  





Xəbər lenti