Komitə sədri ABŞ-da merlə görüşüb
Nümayəndə heyəti Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan “Azərbaycan Multikulturalizmi” adlı musiqili tədbirdə də iştirak edib. Məşhur Linkoln mərkəzində keçirilən tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın tolerant, çoxmillətli və mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu bildirib. Ölkəmizdə multikulturalizm ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Eyni zamanda, belə tədbirlərin müxtəlif mədəniyyətlərin və xalqların biri-birinə daha yaxından inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib. Konsert proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, soydaşlarımız və xarici qonaqlar da iştirak ediblər. İki saatadək davam edən tədbirdə milli musiqi mədəniyyətimiz geniş şəkildə təqdim edilib.
Dövlət Komitəsinin nümayəndə heyətinin çox sayda soydaşımızın yaşadığı Bruklin şəhərinin meri Erik Adamsla da görüşü olub. Şəhər meriyasında keçirilən görüşdə Erik Adams Bruklində yaşayan azərbaycanlılar və ölkəmizlə bağlı fikirlərini bölüşüb, soydaşlarımızın Amerikada fəal həyat sürdüyünü qeyd edib. Komitə sədri Fuad Muradov ölkəmiz və diaspor təşkilatları haqqında fikirlərini bölüşüb. O, şəhər merini Azərbaycana səfərə dəvət edib. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azvision.az