Azərbaycanlı gənc musiqiçi ilkə imza atdı

Azərbaycanlı gənc musiqiçi ilkə imza atdı
  08 Noyabr 2018    Oxunub:12574
İlk dəfə Azərbaycanlı pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə tərəfindən Balaban və Simfonik Orkestr üçün hazırlanmış konsertin dünya premyerası keçirilib.
Tədbir ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində gerçekləşib. Konsert Azərbaycan əsilli amerikalı dirijor Fərhad Xudiyevin rəhbərliyində və Monterey Gənclik Balaban və Simfonik Orkestrinin ifasında baş tutub.



Milli zərb alətlərində Azərbaycanın Xalq artisti Natiq Şirinov, pianoda isə əsərin müəllifi Abuzər Manafzadə ifa edib. Əsər amerikalı dinləyicilər tərəfindən ayaq üstdə alqışlanıb. Balaban və Simfonik Orkestr üçün konsertin dünya premyerası səbəbindən Monterey şəhərinin küçələri Azərbaycan bayraqları ilə bəzənib.

Bütün biletlerin günlər öncəsindən bitdiyi, yüzlərlə insanın isə biletlər bitdiyi üçün zala girə bilmədiyi bu konsert, eyni zamanda dünya səhnələrində çox nadir görülən bir olaya da səbəb olub — 3 hissəli əsərin daha 1-ci hissəsinin sonunda dinləyicilər əsəri və solistləri ayaq üstdə alqışlayıblar.



Abuzər Manafzadə 2013-cü ildə bəstələdiyi Balaban və Simfonik Orkestr üçün yazılmış ilk konsert olan bu əsərini Azərbaycan Respublikasının 100 illiyinə ithaf etdiyini və musiqi tariximizdə bir ilkə imza atdığı üçün çox həyəcanlı olduğunu bildirib. Sənət həyatına pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi, hal-hazırda dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili alan ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə davam etməkdədir.

Azvision.az

Azvision.az


Teqlər:





Xəbər lenti