Rübabə Muradovanın qızı: “Ana kimi onun qayğısını görməmişik” - MÜSAHİBƏ (FOTOLAR)

Rübabə Muradovanın qızı: “Ana kimi onun qayğısını görməmişik” - MÜSAHİBƏ (FOTOLAR)
  23 Oktyabr 2018    Oxunub:54896
"Anam haqqında deyilənlər yalandır. O, cəmi iki dəfə evli olub"
Unudulmaz müğənni Rübabə Muradovanın qızı Qəmər Muradovanın Azvision.az-a müsahibəsi:

- Uzun müdətdir ki, sizinlə görüşüb söhbətləşə bilmirdik.

- Səhhətimdə ciddi problemlər var idi. Açıq ürək əməliyyatı keçirdim, ikinci dəfə ürəyimə stend qoydular, fevralın birində yoldaşım rəhmətə getdi. Başımız ona qarışdı. Bunlardan dolayı sizinlə görüşə bilmirdik.



- Bildiyimə görə, yas məclislərini idarə edirsiniz. Bu, səhhətinizə pis təsir etmir?

- Ağırdır. Əlbəttə, çətinlik yaradır. Amma bu mənim işimdir. Hər bir işdə hamı öz məsuliyyətini hiss edir. Əgər məni məclisə çağırırlarsa, deməli, məni istəyirlər.

- Ən çox hansı xüsusiyyətiniz ananıza bənzəyir?

- Mehribanlığım, insanpərvərliyim, insanlarla ünsiyyət qurmağım. O da çox mehriban idi. Heç vaxt deməzdi ki, bu kasıbdır, mən onun toyuna getməyim. Evinin qapısı həmişə açıq idi. Heç kimi özündən narazı salmırdı.

- Rübabə xanımın həyat yolunu haqqında yazılan kitablardan, məqalələrdən oxumuşam. Siz isə mənim üçün ilkin və daha etibarlı mənbəsiniz. İllər boyu vətən, Ərdəbil həsrəti çəkən bu xanımın və ailəsinin şimala gəliş səbəbi nə idi?

- Babam Mirzə Xəlil feldşer olub. Onun 4 qızı, iki oğlu var idi. Anamın 16 yaşı olanda atam Xəlilağa onun ailəsini bura gətirib. Çünki anamın atası 1946-cı il İran inqilabı zamanı siyasi məhbus kimi həbs olunmuşdu. Atam isə həmin vaxt zindan rəisi olub və babamla araları yaxşı idi. Babam atama deyib ki, Xəlil ağa, mənim balalarımı qıracaqlar. Artıq farslar bunların üstünə gəlirmişlər. Xəlil ağa da “Vilis” maşını ilə bunların evinə gəlib, ailənin hamısını tələsik götürüb, Arazın bu tərəfinə keçirib.



Anamı orada görüb vurulub. Atam çox yaraşıqlı kişi olub. Nənəm rəhmətlik Sidqiyə xanım deyərdi ki, at çapanda hamı onun tamaşasına dayanardı. O qədər gözəl, yaraşıqlı kişi idi. Sonra atam da İranda ara qarışdığı üçün bu tərəfə keçib. Və burada babamgillə rastlaşıb. Babam deyib ki, ailəmi ölümdən qurtardın, Rübabəni sənə verirəm. Anamın 16 yaşında evləniblər.

Xəlil ağanın atası istəmirmiş oğlu bu tərəfə gəlsin və anamla evlənib burada məskunlaşsın. O, sərhədə gəlib və deyib ki, sənə halalıq vermirəm, Xəlil ağa, getmə ora. Sonradan babamı Kanavada güllələyiblər.

Anamgil isə Lənkəranda, Neftçalada, Salyanda, Sabirabadda, Şirvanda yaşayıblar. Atam ali təhsil almaq üçün Gəncəyə gedib. Anam da hamilə imiş. Qulu Əsgərov ilə birlikdə mədəniyyət sarayında oxuyurmuş. Atam bundan xəbər tutub, deyib, Rübabə, sən nə edirsən? Babam Mirzə Xəlil atama bildirib ki, qızım daha kluba gedib oxumayacaq.

Xəlil ağa yenidən Gəncəyə qayıdıb. Mən anadan olandan sonra anam yenə oxumağa davam edib. Bunu görən atam deyib ki, Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Bu səbəbdən də ayrılıblar. Çünki Xəlil ağa çox ağır xasiyyətli adam olub.



- Bəs, babanız Mirzə Xəlil ailənin dağılmasına nə üçün icazə verib?

- Anam heç kimə qulaq asmayıb, qardaşlarını da dinləməyib. İçindəki oxumaq istəyi, arzusu hər şeydən öndə olub. O cür səsi var idi, onun qarşısını kim ala bilərdi?

- Və Bakı həyatı başlayıb.

- Anam atamla ayrılandan sonra paytaxta gəlib. Burada evi olmayıb, uzun müddət kirayələrdə qalıb. Hətta tanınmış qarmonçalan Kübra xanımın da evində kirayə yaşayıb. Mənə isə nənəm Sidqiyyə xanım baxıb. Anam Bakıda ikinci dəfə Tələt adlı bir kişi ilə evlənib.

- Onun tacir olduğunu deyirlər...

Yox, tacir olmayıb. O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda evlilik davam edə bilməzdi. Anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb.



-Hətta eşitdiyimə görə, qısqanclıqdan gecə yatdığı yerdə Rübabə xanımın hörüklərini kəsib ki, səhnəyə çıxmasın.

- Yox, anam əməkdar artist adını alanda özü kəsmişdi. Yalan söhbətdir. Məni nənəm böyüdüb, belə şey olsaydı, bu barədə mənə nəsə danışardı. Bilirsən bəzən anam haqqında elə yalan şeylər yazırlar ki. Bir müddət bundan əvvəl də bir qadın çıxmışdı ki, atam Süleyman Rüstəm, anam da Rübabə Muradova olub. Qapılarda dilənçilik edir, anamın adından istifadə edir.

Söhbətimə qaldığım yerdən davam edirəm. O, təzə evinə köçəndən sonra nənəmi və məni Bakıya gətirdi. Babam isə rayonda qaldı. Məni 47, bacım Şahnazı isə 44 nömrəli məktəbə yazdırdılar. Əslində babamın yanında olarkən artıq birinci sinifə getməli idim. Ancaq atam və anam arasında mənə görə olan narazılıq bir az gecikdirdi. Xəlil ağa məni anamdan almaq istəyirdi. Buna görə məhkəmə oldu. Anam isə dedi ki, vermirəm, o, “Demokrat” komitəsinə müraciət etdi. Onların xətti ilə məni Rusiyadakı beynəlxalq internata yazdırdı. Altı ay orada qaldım, sonra adam yolladı, məni geri gətirdilər.



- Rübabə xanım ana kimi qayğıkeş qadın idimi?

- Biz ana kimi onun qayğısını görməmişik. Deyim ki, geyimimi təmizləyirdi, qarşıma yemək qoyurdu, yox. Bacıma və mənə nənəm Sidqiyyə xanım baxıb. Anam konsertlərdə, məşqlərdə, rayonlarda qastrollarda olurdu. Indi qastrollara getməyə nə var ki. Yazıq Rübabə xanım gəlib deyirdi ki, tövlədəki iy hələ də burnundan getməyib. Çöllük- biyabanlıqda oxuyurdu. Adı da, pulu da belə çətinliklərlə qazanıblar. Ən yaxşı halda onlara rayonun rəhbəri qonaqlıq verərdi...

Biz anamdan elə qorxurduq ki. Bir-iki dəfə məni ondan gizlin işlər gördüyümə görə döyüb. Deməli, öz başıma, xəlvətcə Əlibaba Abdullayevin rəqs ansambılına yazılmışdım. Dərsdən qaçıb orada oxuyub oynayırdım, sonra da heç nə olmamış kimi evə gəlirdim. Bir gün də Əlibaba müəllim dedi ki, bəs, Moskvaya bizdən bir dəstə uşaq gedəcək. Onların evlərinə zəng edib valideynləri ilə danışacağıq...

Zəng edib anama ki, Qəməri hazırlaşdır, onu Moskvaya aparıram. Anam da cavabında deyib, kimi aparırsan? Sən onu haradan tanıyırsan? Əlibaba müəllim isə təəccüblənib ki, məgər Qəmər evdə bildirməyib ki, həftə sonları onun ansamblına gedir? Dördüncü mərtəbədə qalırdıq. Mən də çantam çiynimdə oxuya-oxuya yuxarı çıxırdım. İçəri girən kimi dedi, haradan gəlirsən? Elə dərsdən gəldiyimi deyirdim ki, saçımdan tutdu. Onda gördüm başım dəhlizə qoyduğumuz soyuducudadır. Qapısı nə qədər içəri girmişdi, başımın forması üstündə qalmışdı. (gülür)

“Sən ansambıla gedirsən? Məndən icazəsiz?”- deyib döyən yerdə nənəm gəldi ki, yetimimi niyə döyürsən, oxumağa gedib də, dünya dağılıb?

O, xoşlamırdı. Əlibabaya telefonda bir sözlər dedi... ,“sən niyə mənə xəbər etməmisən, ora hansı cəhənnəmdir gəlib”.



Bir dəfə də toydan çox gec gəlmişdi. Yorğun idi, yatırdı. Xalalarım, mən, bacım səhərə yaxın deyib gülürdük. Bir dəfə qayıtdı ki, yorğun gəlmişəm, səsinizi kəsin. Biz də gülməyimizi kəsə bilirdik ki?! Bir neçə dəfə xəbərdarlıq etdi. Bir də gördüm, Tahirə xalamı Şahnaz bilib, o ki var döydü. O qədər güldük ki. Nənəm aş bişirərdi, anamın sənət yoldaşları Kübra, Mirxanım, Məryəm yığışıb bizdə yeyib içərdilər, lato oynayardılar. Nənəmin yeməyi necə dadlı olardısa, yenə istəyərdilər. İndi belə xatirələri danışıb gülürük ki, adamın yatıb yuxusuna girməz.

-Şahnaz xanımla münasibətəriniz necə idi? Bacı kimi yola gedə bilirdinizmi

- Nənəm ikimizə də qayğı göstərirdi, məktəbə yola salırdı. Anamız qazanıb gətirirdi, nənəm də bizə baxırdı. Yaxşı yollaşırdıq.

-Rübabə xanım evdə məşqlər edirdimi?

- Bəsətkar Bəxtiyar Kərimov, Şəfiqə Axundova həmişə bizdə olurdu. Birlikdə məşqlər edirdilər. Kənardan dayanıb onlara qulaq asırdıq, içəri girməyə icazə vermirdilər. Bir də görürdün, məni flarmoniyaya yollayırdı. Hansısa qəzəli orada oxuyub möhürləyirdilər. Çünki qəzəlin yazılışını səhv oxuya bilməzdin, belə olanda altı ay televiziyaya buraxırmırdılar. Bəxtiyar Vahabzadənin kitabı başının üstündə olardı. Ümumiyyətlə, çoxlu qəzəllər oxuyurdu.



- Ən çox hansı məcnunu bəyənirdi?

- Arif Babayev, Canəli Əkbərov və bir çox başqaları ilə oxuyub. Hər halda ən yaxşısını özü bilərdi ... Oxumaq üçün ürəyi gedirdi.

- Toylara gedirdimi?

- Hər toya getməzdi. Elə adamlar olurdu ki, onu toya çağırmaq üçün 10 dəfə qapıya gəlirdi. Ev yiyəsi hər yerdə elan edirdi ki, Rübabə bu gün toyda oxuyacaq.

-Eşitdiyimə görə, Rübabə xanım Kamil Cəlilovdan xahiş edib ki, dünyasını dəyişəndə onun dəfnində ifa etsin...

-Bəli, Kamil Cəlilov dəfndə ifa etdi, amma Habil Əliyev çalmadı. Kamanı da yanında idi. Dedi ki, ürəyim gəlmədi, çala bilmədim. Onu çox istəyirdilər. O vaxt qadınlar arasında yeganə muğam ustası idi. Sonra Zeynəb Xanlarova gəldi.



- Hansı xəstəlikdən əziyyət çəkirdi?

- Təzyiq, serroz, şəkər hamısı bir-birinə qarışmışdı. Dodağı parça- parça olurdu, su içirdi, vururdu ciyərinə təzyiqi qalxırdı. 54 il ömür yaşadı. 1983-cü ildə avqustun 28- də vəfat etdi.

- Son günlər nə istəyirdi, nə deyirdi?

- Bağda olmaqdan ötrü ürəyi gedirdi. Təbiətə çox bağlı idi. Pirşağıda iki mərtəbəli ev tikdirmişdi. Çox böyük çətinliklə başa gətirmişdi. O vaxtlar tikməyə icazə vermirdilər. Bütün bağ boyunca üzümlük salmışdı. Amma şəkər xəstəsi olduğundan meyvə yemirdi. Yadıma gəlir, anam bağda aynabənddən baxırdı, mən də çörəklə əncir yeyirdim. Çağırıb dedi :“Ay yetimçə, çörəklə niyə yeyirsən ənciri?”. Dedim, nənəm elə yeyir, mən də elə xoşlayıram”.

Kefi olanda deyirdi, Qəmər, birdənə mənim üçün oxu. Deyirdim, yox e, sonra qışqıracaqsan ki, sən oxuyansan? O, mahnı əzbərliyəndə biz də mətbəxə keçib mızıldanardıq. Bərk səs edəndə deyirdi, bəlkə, səsinizi kəsəsiniz, mahnı yadımda qalsın.

- Oxumağınızı bəyənirdi?

- Oxumaq məsələsində heç nəyi bəyənmirdi. Sənətin, səhnənin çətinliyinə görə biz də oxumağa icazə vermədi. Səhnə adamına pis baxırdılar. O vaxt biri gözünə karandaş çəkəndə deyirdilər ki, bunun əxlaqı yoxdur. İndiki kimi heç nə asan deyildi. Şahnaz bacım da bir dəfə gizlin “Bənövşə”də xorda oxuyub. Onu televiziyada göstərəndə anam görmüşdü. Dedi, qızım oxuyan olacaqsan? Ora getdin deyə sənə ad verdilər? Saçından tutub döydü onu.



- Nazlı, özünə baxan xanım olub. Geyimləri, bəzək-düzəyi ilə kim məşğul olurdu?

- Özü seçirdi. Qızıl-zinət xoşlamazdı, nifrət edirdi. Nə qədər qızılı var idi, istifadə etmirdi. Ancaq geyinməyi xoşlayırdı, zövqlü idi.

-Doğrudurmu ki, ilk sevgisi olub, ancaq oğlanın anası oxuyan olduğuna görə evlənmələrinə icazə verməyib, ömrünün sonlarında yenidən birləşiblər. Bu barədə nə deyə bilərsiniz?

- Yox, bu söz-söhbətlər yazıçı Anarın anama həsr etdiyi “Qaragilə” əsərindən sonra yayılıb. Əsərdə göstərilir ki, çayxanada oturan bir oğlan radionu yandırır və görür müğənni “Qaragilə” mahnısını oxuyur. Oxuyanı işarə edərək deyir, bu sevgilim olub, indi oxuyandır. Həmin əsəri götürüb, anama calamışdılar. Guya ki, onun həyatıdır, yaxud bir qızı olub, o tərəfdə qalıb və s. Bunların hamısı nağıldır. Bizim elə şeylərdən xəbərimiz yoxdur. O cəmi iki dəfə ərdə olub, vəssalam, həyatında başqa kimsə olmayıb. Mənə zəng edib deyirdilər ki, Hindistanda sizin bacınız var. Dedim, anamın dünyaya neçə dəfə uşaq gətirdiyini mən bilirəm.

Onun yeganə sevgisi Ərdəbil idi, ölənə kimi doğulduğu yeri deyib ağladı. Öz məhəllələrinin, armud ağacının həsrətini çəkdi. Nənəmlə oturub danışanda ağlayırdılar. Yalvarmışdı, sərhəddən onu bir az içəri buraxmışdılar. Amma bu da həsrətinə su çiləməmişdi. Dayım bir həftə sağ qalsaydı, İrana gedə bilərdi. Mən oğlumla gedib anamgilin evlərini tapdım. Artıq üçüncü nəsilə satıblar.



- Rübabə xanımın adını ailənizdə kimsə daşıyır?

- Əşrəf dayım qızına Rübabə adını qoyub. Göyçək qızdır, gözəl də səsi var. Bacımın böyük oğlunun qızına da onun adını qoyduq.

- Hərdən hansı mahnısını oxuyursunuz?

- Muğamlarından hansı yadıma düşsə, oxuyuram.











Şahanə Rəhimli
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Rübabə-Muradova  





Xəbər lenti