Pərviz Şahbazov 9 ayın hesabatını verdi

Pərviz Şahbazov 9 ayın hesabatını verdi
  19 Oktyabr 2018    Oxunub:5611
Cari ilin 9 ayı ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 17 mlrd. kVt-s olub. İstilik elektrik stansiyalarında 15,5 mlrd. kVt-s, su elektrik stansiyalarında 1,4 mlrd. kVt-s, Naxçıvan Günəş Elektrik Stansiyasında 28,4 mln. kVt-s elektrik enerjisi istehsal edilib.
Azvision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Nazir bildirib ki, bu müddətdə alternativ və bərpa olunan enerji mənbələri hesabına Dövlət Agentliyinin tabeliyindəki "Azalternativenerji” MMC tərəfindən 6,7 mln. kVt-s elektrik enerjisi istehsal olunub.

"Ümumilikdə cari ilin 9 ayında elektrik enerjisinin istehsalına 3 milyard 701,5 milyon kubmetr təbii qaz sərf edilib. Mütərəqqi hal ondan ibarətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 18,6 qram azalıb, yəni 279,5 min ton şərti yanacağa qənaət edilib".

P.Şahbazov qeyd eidb ki, son 15 il ərzində ümumi gücü 856,8 MVt olan 7 modul tipli ES, 525 MVt gücündə qaz-turbin tipli "Sumqayıt” İES, 780 MVt-lıq qaz-turbin tipli "Cənub” ES və ümumi gücü 151,4 MVt olan 13 SES istismara verilib.

"2015-ci ildə 20 MVt-lıq Naxçıvan Günəş Elektrik Stansiyası istifdəyə verilib. 2017-ci ildə onun gücü 22 MVt-a qədər artırılıb. Bundan başqa, yenidənqurma işləri nəticəsində Mingəçevir SES-in gücü 424,6 MVt-a, Varvara SES-in gücü 17 MVt-a çatdırılıb. Respublikada generasiya gücünün artırılması ilə yanaşı, energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 23 436 MVA olan 110-500 kV-luq 212 yarımstansiya fəaliyyət göstərir. Hazırda energetika sektorunda həyata keçirilən kompleks tədbirlər sayəsində müstəqillik dövründə 3068,3 MVt gücündə 28 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 32-yə çatdırılıb. Bu stansiyaların energetika sistemində ümumi gücü 6294,7 MVt-dır. Ölkədə müstəqil elektrik stansiyaları da fəaliyyət göstərir. Onların ümumi qoyuluş gücü 844,4 MVt-dır. Beləliklə, ölkədə fəaliyyətdə olan elektrik stansiyalarının ümumi qoyuluş gücü hazırda 7139,1 MVt təşkil edir.

Generasiya gücünün artımı hesabına 2006-cı ildə enerji istehsalı ən yüksək həddə (24,54 mlrd. kVt-s) çatdırılıb, qənaətcil texnologiyanın tətbiqi və enerji qənaəti 2010-cu ildə istehlakın azalmasına, bu da öz növbəsində istehsalın 18,71 mlrd. kVt-s-a qədər məhdudlaşdırılmasına şərait yaradıb. Hazırkı istehlak artımı isə iri sənaye müəssisələrinin istismara buraxılması ilə bağlıdır. Belə ki, 2017-ci ildə respublika üzrə elektrik enerjisinin ümumi istehsalı 24,337 mlrd. kVt-s təşkil edib".

Azvision.az


Teqlər: Elektrik   Enerji  





Xəbər lenti