Dövlət büdcəsində profisit yaranıb - 423,7 milyon manat

Dövlət büdcəsində profisit yaranıb - 423,7 milyon manat
  17 Oktyabr 2018    Oxunub:5849
2018-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16089,7 milyon manat, xərcləri 15666,0 milyon manat olub, 423,7 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 15887,5 milyon manat proqnoza qarşı 16089,7 milyon manat və ya 1,3 faiz çox icra olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4044,6 milyon manat və ya 33,6 faiz çoxdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5305,7 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,9 manat və ya 1,5 faiz çoxdur. Həmin vəsaitin 65,8 faizi və ya 3491,2 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 108,3 faiz əməl edərək dövlət büdcəsinə 2600,4 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 648,8 milyon manat və ya 33,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 321,5 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 74,8 milyon manat və 30,3 faiz çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 74,1 milyon manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7788,0 milyon manat vəsait transfert edilib. 2018-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 6274,4 milyon manat vəsait daxil olub.

2018-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,0 faiz və ya 15666,0 milyon manat icra olunub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2882,3 milyon manat və ya 22,5 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 34,5 faizi və ya 5410,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 545,1 milyon manat və ya 11,2 faiz çoxdur.

2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 7708,8 milyon manatı və ya 49,2 faizi cari xərclərə, 6235,4 milyon manatı və ya 39,8 faizi əsaslı xərclərə, 1721,8 milyon manatı və ya 11,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 686,2 milyon manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 2799,5 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 80,0 milyon manat vəsait yönəldilib.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6141,7 milyon manat icra olunub.

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23859,6 milyon manat, icmal büdcənin xərcləri isə 17979,9 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 5879,7 milyon manat təşkil edib.

AzVision.az


Teqlər: Büdcə   Maliyyə-Nazirliyi  





Xəbər lenti