Hər yerin qulağı var: Kəşfiyyat tarixinin 3 böyük dinləmə qalmaqalı – TAM MƏXFİ

  05 Oktyabr 2018    Oxunub : 15059
Hər yerin qulağı var: Kəşfiyyat tarixinin 3 böyük dinləmə qalmaqalı – TAM MƏXFİ
1970-ci illərdə SSRİ ilə ABŞ arasında qarşılıqlı razılaşmaya əsasən, Moskvada və Vaşinqtonda yeni səfirlik komplekslərinin inşa edilməsi qərara alındı. ABŞ-ın paytaxtındakı Sovet səfirliyi üçün trapesiyaşəkilli sahə ayrıldı. Səfirlik dörd tərəfdən Viskonsin-avenyu, Kelvert-strit, Tanlou-road və Fulton-stritlə əhatə olunmuşdu.
Həmin vaxt ABŞ xüsusi xidmət orqanları binanın altına tunel çəkməklə yeni obyektin dinlənilməsi məsələsini birdəfəlik həll etmək qərarına gəldilər. Lakin ölkə qanunvericiliyinə əsasən, Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ ərazisində əməliyyatlar həyata keçirmək hüququ olmadığı üçün bu ideyanı reallaşdırmaq Federal Təhqiqatlar Bürosuna (FTB) həvalə edildi. Bu məqsədlə ABŞ hökuməti SSRİ səfirliyi yaxınlığında yaşayış binası alaraq, onun zirzəmisindən səfirliyə giriş açdı. Bu layihə ABŞ-a bir neçə milyon dollara başa gəldi.

1979-cu ildə səfirlik Sovet diplomatlarının istifadəsinə verildikdən sonra ABŞ təbliğat kampaniyasına başlayaraq, SSRİ-ni Vaşinqtonun ən yüksək hissələrindən birində yerləşən səfirlik kompleksində radioelektron cihazların köməyilə kəşfiyyat məlumatları toplamaqda ittiham etməyə başladı. Bundan başqa, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ABŞ-ın Moskvadakı yeni səfirliyində dinləmə cihazları quraşdırılması barədə məlumatlar yayıldı.

Baş verən qalmaqallar nəticəsində Sovet diplomatlarının yeni səfirliyə tam köçməsi ləngidi ki, bundan istifadə edən ABŞ xüsusi xidmət orqanları heç bir maneə ilə qarşılaşmadan tunelin tikintisini başa çatdırmağa və orada xüsusi texnikanın quraşdırılmasına nail oldular.

Nəhayət, 1992-ci ildə Rusiya Federasiyasının ABŞ-dakı səfirliyi yeni binaya köçməyə müvəffəq oldu. “Washington Post” qəzetinin yazdığına görə, FTB bu əməliyyatla o qədər fəxr edirdi ki, hətta müvafiq məxfilik buraxılışı olan yüksək rütbəli Amerika dövlət qulluqçularının tunelə ekskursiyaları təşkil edilmişdi...

Lakin tezliklə amerikalıların əldə edilən danışıqların obyektivliyinə dair şübhələri yaranmağa başladı. Çünki, Rusiya kəşfiyyatı öz agenti Robert Hanssen vasitəsilə səfirlik yaxınlığında belə bir tunelin mövcud olması barədə məlumat əldə etmişdi.
Bununla belə, amerikalılar dezinformasiyaya uğradıqlarını qəti müəyyən etdikləri 1995-ci ilədək tuneldən istifadə etmişdilər. Nəticədə olduqca baha qiymətə başa gəlmiş tunel də Berlin divarı kimi iflasa uğradmışdı.

1970-ci illərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ölkə daxilində bir sıra qalmaqallarla üzləşmişdi. Onlardan biri 1972-ci ildə baş vermiş məşhur “Uotergeyt” - ABŞ Demokratlar Partiyasının mənzil-qərargahında gizlincə dinləmə cihazlarının quraşdırılması hadisəsidir. 1974-cü il dekabr ayının 22-də “Nyu-York Tayms” qəzetinin müxbiri Seymur Herş MKİ-nin öz səlahiyyətlərindən sui-istifadə edərək, son iyirmi ildə sıravi Amerika vətəndaşlarının və təşkilatlarının məktubların və s. açılıb oxunması da daxil olmaqla, çoxsaylı faktlardan ibarət olan siyahı dərc etdirmişdi. MKİ direktoru Uilyam İ.Kolbi belə əməliyyatların həqiqətən də həyata keçirildiyini etiraf etməyə məcbur olmuşdu.

1970-ci ildə Almaniya Federativ Respublikasında (AFR) Sosial-demokratların və azad demokratların formalaşdırdığı koalisiya hökumətinə rəhbərlik edən Villi Brandt SSRİ ilə yaxınlaşma siyasətinə üstünlük verməyə başladı. Sovet Hökumətinin rəhbəri Aleksey Kosıginə göndərdiyi məktubda Villi Brandt Moskva ilə kontakt yaratmaq arzusunu diplomatik formada ifadə etdi. DTK sədri Yuri Andropov da V.Brandtın hakimiyyətə gəlməsindən dərhal sonra rəsmi Bonnla gizli əlaqə kanalı yaratmaq barədə Qərbi Almaniyadakı Sovet rezidenturasına göstəriş verdi.

DTK əməkdaşları bu məqsədlə Federal Kanslerin Administrasiyasında stats-sekretar vəzifəsini daşıyan Eqon Barla əlaqə yaratdılar. Sovet kəşfiyyatı Almaniya Demokratik Respublikasının (ADR) bu məsələyə dair narazı mövqedə olduğunu bildiyi üçün danışıqları məxfi şəkildə aparmağa üstünlük verirdi. Lakin ADR-in xüsusi xidmət orqanları E.Barın evində məxfi dinləmə texnikası yerləşdirə bilmişdilər və aparılan danışıqların detalları barədə tam məlumatlı idilər.

Həmin dövrdə ADR kəşfiyyatına rəhbərlik etmiş general Markus Volf bildirmişdi ki, o, hətta federal kanslerdən daha əvvəl danışıq aparan tərəflərin öz aralarındakı əlaqəni hansı konspirativ kanallar vasitəsilə inkişaf etdirdikləri barədə məlumatlı olub. Lakin bir qədər keçdikdən sonra E. Barın evindəki bütün mikrofonlar susmağa başlayıb. Ehtimal etmək olar ki, SSRİ tərəfi şübhələnərək, bu barədə qarşı tərəfi xəbərdar etmişdi.



1995-ci ildə İspaniyada çıxan “El Mundo” qəzeti xüsusi xidmət orqanlarının məxfi sənədlərini çap etmişdi. Məlum olmuşdu ki, kral Xuan Karlos da daxil olmaqla, bir sıra görkəmli siyasi xadimlərin radiotelefonları qeyri-qanuni şəkildə dinlənilib. Bununla bağlı ölkədə böyük qalmaqal qopmuşdu. 1999-cu ilin iyun ayında Madrid məhkəməsi İspaniyanın SESID xüsusi xidmət orqanının (Milli Kəşfiyyat Mərkəzinin varisi) şefi general A. Manqlanonu altı ay müddətində həbs cəzasına məhkum edərək, ona səkkiz il müdətində məsul vəzifə tutmaq qadağası qoymuşdu. Onunla bərabər birinci müavini polkovnik X. Perote və İspaniya kəşfiyyatının bir neçə zabiti də müxtəlif cəzalara məhkum edilmişdilər. Onlar bir neçə il müddətində müvafiq məhkəmə orqanlarının icazəsi olmadan qanunsuz şəkildə İspaniya kralı başda olmaqla ölkənin görkəmli ictimai xadimlərinin, tanınmış siyasətçilərin, biznesmenlərin mobil telefonlarına qulaq asmışdılar.

Məhkəmə zamanı təqsirləndirilən şəxslər bildirmişdilər ki, kralın telefonuna səhvən və təsadüfən qulaq asıblar. Lakin məhkəmə müttəhimlərin özünümüdafiə məqsədilə gətirdikləri arqumentləri əsassız hesab edərək, onları vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilmişdi. Bir sıra təhlilçilərin fikrincə, SESID bunu o zamankı hökumətin maraqları naminə etmişdi. Lakin bu “çirkli işi” sifariş edən şəxslər elə özləri onun qurbanına çevrilmişdilər. Belə ki, SESID-in ikinci şəxsi hesab edilən polkovnik Perote telefon danışıqlarının surətini çıxarmış və onları özü ilə evə aparmışdı (buna görə o, artıq bir dəfə altı ay müddətində həbs cəzası çəkmişdi). Əslində isə onun məqsədi danışıqların surətini hökumət üzvləri barədə nüfuzdansalıcı məlumatlar əldə etməklə, onları şantaj etməyə çalışan bankir M.Kondeyə satmaq və bundan külli miqdarda vəsait əldə etmək olmuşdur. Hökumətdən xüsusi xidmət orqanlarına bu işi sifariş verən siyasətçilər üçün isə bu məsələnin üstünün açılması onların böyük siyasətdəki fəaliyyətinin sonu olmuşdu.

Lakin SESID-in dinləmə ilə bağlı uğursuz əməliyyat tədbiri bununla bitməmişdi. Onlar istənilən kəşfiyyat orqanı üçün yazılmamış qanun olan bir qadağaya əməl etməyi unutmuşdular: “Öz işini gör, amma çalış, ələ keçmə!” Bask separatçılarına qarşı mübarizə aparan İspaniya xüsusi xidmət orqanı əməkdaşları məxfi dinləmə həyata keçirdikləri konspirativ mənzili tələsik tərk edərkən öz rekvizitlərini götürməyi unutmuşlar. Orada SESID zabitlərindən birinin adına olan məlumatlar, o cümlədən onun ev ünvanı və dəqiq iş yeri göstərilmişdi.

Nəzakət Məmmədova
AzVision.az üçün

Teqlər: Kəşfiyyat   Dinləmə   Qalmaqal