Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir

Bakıda “Simurq” uşaq musiqi festivalı keçirilir
  03 Oktyabr 2018    Oxunub:12434
Bakı Media Mərkəzinin dəstəyi ilə “Simurq” uşaq musiqi festivalı layihəsi həyata keçirilir.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Layihənin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadədir.

Gələcəkdə festivalın bütün musiqi alətlərini əhatə etməsi nəzərdə tutulur. Hələlik isə layihədə yalnız 7-18 yaş arası pianoçular iştirak edir.

Festivalın hazırkı mərhələsində 10 nəfər iştirakçı seçilib. Layihə çərçivəsində iştirakçılar Azərbaycan, Rusiya və başqa ölkələrdən olan tanınmış pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak edəcək. Bundan başqa, gənc ifaçılara səhnədə düzgün və peşəkar davranışa dair təlimlər keçiriləcək.

Qeyd edək ki, gənc istedadlar artıq P.İ.Çaykovski adına Moskva Konservatoriyası nəzdində olan Mərkəzi Musiqi Məktəbinin xüsusi fortepiano şöbəsinin müdiri Mira Marçenkonun ustad dərslərində iştirak edib və onun verdiyi tapşırıqları yerinə yetiriblər.

Oktyabrın 19-da isə "Simurq" musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçiriləcək. Digər tanınmış pedaqoq və musiqiçilərin də festival iştirakçıları üçün ustad dərsləri mərhələli şəkildə təşkil olunacaq.

Layihə haqqında daha ətraflı məlumatı festivalın www.simurqfestival.com rəsmi internet saytından, Facebook, Instagram və Youtube sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

AzVision.az


Teqlər: Musiqi   Festival   Simurq  





Xəbər lenti