"Mənim üçün var-dövlət musiqidir" - Arif Məlikov

"Mənim üçün var-dövlət musiqidir" - Arif Məlikov
  13 Sentyabr 2018    Oxunub:12499
Bu gün Xalq artisti Arif Məlikovun doğum günüdür. 85 illiyini qeyd edən bəstəkar doğum günü təəssüratlarını AzVision.azla bölüşüb.

Sənətkarın yaxınları erkən saatlarından onu təbrik etməyə başlayıblar.
-Telefonum dayanmadan zəng çalır. Kimlərsə kollektiv şəkildə, kimlərsə də təklikdə təbrik edirlər.

-Arif müəllim, deyirlər, yaş kişinin var-dövlətidir. Siz nə düşünürsünüz, yaşınızın üstünə bir il də əlavə olundu. Sizi zəngin kişi hesab etmək olar?

- Vallah, bu barədə heç bir şey deyə bilmərəm, mən sənətkar adamam. Musiqi ilə məşğul oluram. Mənim üçün var-dövlət musiqidəki ritm, onun yuxarı zirvəsidir.

Bilirsiniz, bu gün nə qədər tələbədən zəng gəlib? Onların hər biri mənim zənginliyimdir. Biri Avropaya, digəri, Türkiyəyə gedir. Hamısı ciddi musiqi yazır. Həmişə də Bakıya gələndə ilk zəngləri müəllimlərinə olur. Bu prinsipi mən onlardan tələb edirəm. Və tələbələrim də mənimlə razılaşırlar.



-85-dən geriyə baxsanız, hansı illərin üzərində dayanardınız?

- Həyatda cürbəcür cızıqlar var. Bəstəkar ömrünün cızıqları üzərində yayılmış notlar həyatı bütöv əsər kimi göstərir. Əsas məsələ, hansı illərə boylanmaq deyil. Vacib olan budur ki, sənin məhsulun, yaradıcı işin millətə lazım olsun. Mən bunu görüb hiss edirəm.

- 85 il bir igidin ömrüdür. Həyata yeni atılanlarla bu illərin hansı təcürbəsini bölüşərdiniz?

- Vicdanla yaşamalıdırlar. Kiminsə sayəsində, kimisə yıxıb, yerini tutmaqla yox.

Nəvələriniz varmı? Varsa, babanı necə təbrik ediblər?

- Amina adlı nəvəm var. O, mənim üçün çox böyük dəstəkdir. Texnika işləmədi, bu olmadı, o olmadı, tez onu çağırıram. Oğlan kimidir, özünü qabağa verib hamısını həll edir. Dövlət işində çalışır.



Hələ gəlib məni təbrik etməyib. Ezamiyyətdədir, işlərini qurtarandan sonra bura qayıdacaq və görüşümüz olacaq.

-Doğum günündə özünüzə nə arzulayırsınız?

- Nəvəmin və babasının arzuları çin olsun.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Arif-Məlikov   Bəstəkar   Ad-günü  





Xəbər lenti