Pambıqçılığın inkişafına dair müşavirə keçirilib - Fotolar
Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən kənd təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. Nazir çıxışında 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambığın intensiv texnologiyalar əsasında becərilməsi”, kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov “Cari ildə pambıq əkininin vəziyyəti”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Seymur Mövlayev “Pambıqçılıqda texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov “Pambıq əkinlərində səmərəli bitki mühafizə tədbirlərinin təşkili mövzularında çıxışlar ediblər. Tədbir zamanı fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədən sonra iştirakçılar Salyan Dövlət Sort Sınaq Məntəqəsinə məxsus sahədə pambıq əkininə baxış keçiriblər. Qeyd edək ki, bu il respublikanın 22 rayonunda 132,5 min ha sahədə pambıq əkini həyata keçirilib. Hazırda aqrotexniki qaydada becərmə işləri davam etdirilir və mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir. Emal sənayesinin yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi başa çatmaq üzrədir.
Zavodda digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək. Pambıqçılıq məhsulları üzrə emal dərinliyinin artırılması hesabına bu sahədə yaradılacaq əlavə dəyərin daha da artırılması üçün 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisənin inşasına başlanılıb.
AzVision.az