İcra hakimiyyətlərində maliyyə pozuntuları - Nazirlik açıqladı
Məlumatda qeyd olunub ki, yerli icra hakimiyyəti orqanlarında mallların (iş və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, satınalma prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərlərinin müəyyən edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və onların müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, müvafiq il üçün rayon mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi hallarda isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərcləndiyi, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında əsassız olaraq artıq qrupların yaradıldığı və uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda isə uşaq baxçalarının binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda uşaq baxçalarının fəaliyyətlərinin sənədləşdirildiyi, uşaq baxçalarında uşaqların ərzaqla təchizatının çox aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq baxçalarında uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.
Aparılan yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır. Eyni zamanda, araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.
AzVision.az