“Bizə qarşı çirkin kampaniyalar aparılır” - Prezident (VİDEO)

  13 İyul 2018    Oxunub : 2875
“Bizə qarşı çirkin kampaniyalar aparılır” - Prezident (VİDEO)
“Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz”.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib. Ölkə başçısı bildirib ki, Azərbaycanın siyasi iradəsinə heç bir qüvvə təsir edə bilməz:

"Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə.

Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi".



Dövlət başçısı qeyd edib ki, Azərbaycana qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır: "Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş Zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.

Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var.

Cinayətlərdən sonra aparılan əməliyyat-axtarış tədbirləri onu göstərir ki, cinayətkarların bir hissəsi artıq saxlanılıbdır. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik".

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident