Səhnəmizin "Dadaşbala"sı - 5 ildən sonra danışılan xatirələr

Səhnəmizin "Dadaşbala"sı - 5 ildən sonra danışılan xatirələr
  28 İyun 2018    Oxunub:23245
Azərbaycanın xalq artisti Səyavuş Aslanın vəfatından 5 il ötür. Oynadığı rollarla minlərlə insanın rəğbətini qazanan mərhum aktyorun filmləri, tamaşaları dillər əzbəridir. Səyavuş Aslan səhnəmizdə iz qoyan nadir aktyorlardan olub. Bu səbəbdəndir ki, o, hələ də sevilir, unudulmur.
Mərhum aktyorun sənət yoldaşları onunla bağlı xatirələrini, yadda qalan məqamları AzVision.az-la bölüşüblər.



Xalq artisti Səidə Quliyeva Səyavuş Aslanın “Azdramaya” gəlişini xatırlayıb. Bildirib ki, mərhum aktyor teatra “Muzkomediya”dan rejissor Hüseynağa Atakişiyevin dəvəti ilə gəlmişdi.

“Rejissor ona “Həyatın dibində” tamaşasında qoca “Luka” rolunu vermişdi. Bu rolu çox böyük aktyorlar oynayıb. Hamımız çox həyacanlı idik ki, görəsən, Səyavuş Aslan bu rolu necə oynayacaq və tamaşaçılar necə qarşılayacaq? Çünki uzun illər Musiqili Teatrda çalışmışdı, komik aktyor idi. Heç vaxt onun faciəli rolu olmamışdı.

Səhnəyə çıxanda bir neçə dəqiqə tamaşaçılar onun səsini eşidib gülüşdülər. 5-10 dəqiqədən sonra tamamilə başqa bir aktyoru gördük. Elə bil, Səyavuş Aslan uzun illər idi ki, “Azdrama”da işləmişdi və bizimlə birgə idi. O, birdən-birə başqalaşdı. Tamaşaçı onu asanlıqla qəbul etdi”.



S.Quliyeva Səyavuş Aslanın qüdrətli sənətkar olduğunu söyləyib: “Müxtəlif janrlı əsərlərdə ona rol verirdilər. O, öz potensialını, nəyə malik olduğunu “Azdrama”da dəfələrlə sübut etdi. Biz onunla bir neçə tamaşada oynamışıq. Məsələn, Elçinin "Ah, Paris… Paris!”-ni deyə bilərəm. Daha sonra Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında həyat yoldaşını oynayırdım. Tərəf müqabili olmadığım tamaşalardada onu görəndə sənətinə vurğun, valeh idim. Baxmayaraq ki, çəkisi çox idi, amma səhnədə o qədər cəld aktyor idi ki.. Kənardan onun oyun tərzinə tamaşa edirdik, öyrənirdik”.



Aktrisa qeyd edib ki, sənətkarın şəxsi həyatında baş verənlər onun yaradıcılığına da təsir edib: “Çox təəssüf edirəm ki, şəxsi həyatında baş verən hadisələr onun yaradıcılığına mənfi təsir göstərdi. Həyat yoldaşı Ofeliya Aslan da onun kimi qüdrətli sənətkar idi. Təəssüflər olsun ki, uzun illərdən sonra onların ailələri dağıldı. Bir övladı xəstə idi. Şükür, sonradan sağaldı. Mən son günlər oxudum ki, övladı Çingiz əziyyətlə yaşayır, digər oğlu Eldardan isə xəbərim yoxdur. Bunu eşidəndə pis oldum. Hamıya çörək verən Səyavuş Aslanın ailəsi, övladları belə olmamalı idi. Atanın, ananın sözünə qulaq asmayanda axırı pis nəticələnər”.



S. Quliyeva sənət yoldaşının təbiətcə qapalı, tənhalı sevən insan olduğunu etiraf edib.

“Ağır təbiətli, özünə qapanan insan idi, tənhalığı çox sevirdi. Xəstə yatanda biz onun yanına getmək istəyirdik, ancaq heç kimi görmək istəmirdi. Müsahibələrində bildirirdi ki, yanıma heç kim gəlib getmir. Əslində elə deyildi, bu, onun şəxsi xarakterindən irəli gəlirdi. Özünə, sağlamlığına qarşı səhlənkar yanaşırdı. Allah onun övladlarına qüvvət versin, Səyavuşun arzularını həyata keçirsinlər. Övladlarından Çingiz axır vaxtlar ona yaxşı baxırdı. Görünür, etdiyi günahları yumaq üçün uşaq kimi qayğı göstərirdi. O, vaxtı ilə ata və anasını çox incitmişdi. Son günlərində isə atasına bağlanmışdı.

Səyavuş hər aktyorla yaxın olmağı istəməzdi. Kiminsə ailəsinə getsin və ya öz evinə dəvət etsin, belə hallar eşitməmişəm. Evi bulvara yaxın olduğundan orada dostunun çayxanasına tez-tez gedirdi. Elə bir sənətkar idi ki, dünyada hər bir rejissor onunla böyük həvəslə işləyərdi. Çünki biz Almaniyada olanda bunu təsdiq edən hallar oldu. Xətrimi çox istəyirdi. Ağayana insan idi. Sözü bir dəfə deyirdi. Yaxşı xüsusiyyətləri çox idi. Ömrünün son 10 ilində həcc ziyarətində oldu. Dinə çox bağlanmışdı”.



Xalq artisti Ramiz Məlik Səyavuş Aslan kimi sənətkarların nadir hallarda dünyaya gəldiyini bildirib.

“Baxmayaraq ki, ona komik aktyor deyirdilər, əslində tragikomik aktyor idi. İnsan kimi mərifətli, ləyaqətli, şəxsiyyəti yüksək sənətkar idi. Səyavuş insanlara həmişə əl tutan, çörək verən olub. Bir sənətkar kimi ifa etdiyi rollar istər filmlərdə, istərsə də tamaşalarda Azərbaycan tamaşaçılarının qəlbində həmişə yaşayacaq. Çünki bu cür aktyorlar nadir hallarda dünyaya gəlir. Onun həmişə yeri görünür, xatırlanır. Aktyor olmaq olar, ilk növbədə insan olmaq lazımdır. Səyavuş sənətə davranışı, cavanlara olan müansibəti ilə yüksək səviyyəli insan idi”.



Aktrisa Firəngiz Mütəllimova isə mərhum xalq artisti ilə birgə rollarını yada salıb:

“Biz onunla ər-arvad rollarını oynamışıq. “Mənim ərim dəlidir”, “Varlı qadın” tamaşalarında tərəf müqabili olmuşuq. Birgə qastrollara getmişik. Teatra ən çox pul gətirən tamaşalarda oynamışıq. Uşaq xasiyyətli, kövrək insan idi. Tez küsüb inciyərdi. Dürüstlüyü sevirdi. Bir vaxtlar aktyorlar briqadalar yaradırdılar və biz qatsrollara gediridk. Mən onun briqadasında olurdum. Mənə hər zaman qayğı, hörmət və izzətlə yaxınlaşırdı. Son dəfə xəstə olanda yanına getmişdim. İki saata yaxın yanında oturdum, amma heç nə danışmadı. Hərdən durub gəzirdi. Səyavuş Aslan şəxsiyyət və sənətkar kimi sevdiyim aktyor olub”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Səyavuş-Aslan  





Xəbər lenti