Paşinyan Ermənistanın baş naziri seçilmədi - (Yenilənib)

  01 May 2018    Oxunub : 11726
Paşinyan Ermənistanın baş naziri seçilmədi - (Yenilənib)
Bu gün Ermənistan parlamentinin xüsusi iclasında yeni baş nazir seçkiləri keçirilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu posta yeganə namizəd etiraz aksiyalarının lideri, parlamentdə müxalif “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan olub.

Paşinyan parlamentdə çıxış edərək ölkədəki mövcud vəziyyət barədə məlumat verib. Qeyd edib ki, xalq ölkə daxilində mövcud olan sosial-iqtisadi siyasətin dəyişikiyini istəyir:

“Xalq xarici siyasi dəyişikliklər tələb etmir. Rusiya Ermənistanın strateji müttəfiqi olaraq qalır. Bundan başqa, Ermənistan ABŞ, Avropa İttifaqı ölkələri və İranla əməkdaşlığı davam etdirəcək”.

Baş nazir postuna namizəd bildirib ki, ölkənin ikinci və üçüncü prezidentləri Serj SarkisyanRobert Koçaryan hökumət başçısının seçilməsini pozmaq məqsədilə parlamentin deputatlarına təzyiqlər göstərib.

Daha sonra Paşinyan deputatların suallarını cavablandırıb. Bundan sonra deputatlar baş nazirin çıxışına münasibət bildiriblər. Altı saatdan çox davam edən iclasın yekununda səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən Nikol Paşinyan baş nazir seçilməyib.

Hakim Respublika partiyasının deputatları Paşinyanın əleyinə səs veriblər. Bu səbəbdən etirazçı deputat baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. 7 gündən sonra parlamentdə yenidən seçki keçiriləcək.

Qeyd edək ki, Ermənistan qanunlarına əsasən əgər parlamentdə hökumət başçısını seçmək mümkün olmasa yeddi gün sonra ikinci səsəvermə keçiriləcək. Lakin ikinci səsvermədə də baş nazir seçilməzsə, prezident parlamenti buraxır və 30-45 gün ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edir.

Xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da başa çatıb. Hakim Respublika partiyası namizəd irəli sürməyib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Ermənistan   Aksiya   Paşinyan