Atasının Nəsib bəy Yusifbəyliyə məktubu: “Məndən yalnız pul istədin”

Atasının Nəsib bəy Yusifbəyliyə məktubu: “Məndən yalnız pul istədin”
  20 Aprel 2018    Oxunub:19922
Cümhuriyyət dövrü barədə silsilə yazılarımızın budəfəki qəhrəmanı o dönəm baş nazir vəzifəsini yerinə yetirən Nəsib bəy Yusifbəylidir.

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə gimnaziyasında alıb. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universitetinin hüquq fakültəsinə daxil olub, amma universiteti bitirə bilməyib.
Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə gedib və burada İsmayıl Qaspiralının “Tərcüman” qəzeti ilə əməkdaşlıq etməyə başlayıb. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirib.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olub. Daha sonra İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalıb. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışıb. O, 1911-ci ildə “Molla Nəsrəddin”ə və qəzetlərə məqalələr göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak edib. Bu zaman Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai siyasi fəaliyyətə başlayıb.



1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaradıb. 1917-ci ilin iyulunda bu partiya Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılıb və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılıb. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlayıb.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi baş nazir, eləcə də daxili işlər naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləyib. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan zəbt olunduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk edib, ancaq 1920-ci il mayın 31-də yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.



Nağı bəy Şeyxzamanlı “Azərbaycan İstiqlal mücadiləsinin xatirələri” kitabında Nəsib bəyin baş nazir olduğu günləri yada salıb:

- Azərbaycan Cumhuriyyətinin Əks-inqilab ilə mübarizə idarəsinin rəisliyinə hələ təyin olunmamışdım. Tez-tez Bakıya gedir və təbii ki, hər gedişimdə də Nəsib bəylə görüşürdüm. Nəsib bəy o zamanlar baş nazir vəzifəsinə keçmişdi. Onu təbrik etmək üçün Gəncədən gəldiyim günün sabahı saat 10-da Nazirlər kabinetinin yerləşdiyi yerə getdim. Dəftərxana müdiri vasitəsi ilə gəldiyimi və görüşmək istədiyimi bildirdim. Gözləməyi söylədi. Saat 11:30-a qədər gözlədim. Sonra yenə dəftərxana müdirinə ,-“Qardaşım, yəqin unutdu. Zəhmət olmasa bir də xatırladın”,-dedim. O, Nəsib bəyin kabinetinə girdi və çıxaraq mənə, -“Unutmadım, gözləsin deyir”, - dedi. Saat ikiyə qədər gözlədim. Azərbaycanda məmurlar üçün iş vaxtı saat 8-dən 14-ə qədər idi. Saat 14:00 –da Nəsib bəy kabinetdən çıxdı. Ayağa qalxıb onunla görüşdüm. Ona saatlarla gözləməyimdən heç nə söyləmədim. İkimiz də ayaq üstə idik.

Mən, - “Nəsib bəy, sabah vəzifənizə gəlincəyə qədər burada gözləyimmi?”-dedim. Nəsib bəyin təbəssümlü çöhrəsinin təbəssümü bir az da artı və “Yox, canım, səni bərabər çıxmamız üçün gözlətdim”, - dedi. Binadan çıxaraq Baş Nazirin avtomobilində bərabər onun evinə gəldik. İki nəfərlik hazırlanmış masanın arxasında oturaraq nahar etdik. Nəsib bəy, - “Əgər səni gələn kimi qəbul etsəydim, doyunca söhbət edə bilməyəcəkdim. İndi həm yemək yeyirik, həm də istədiyimiz qədər söhbət edə bilərik”, - dedi. Bu zaman vəziyyətini soruşduğum Nəsib bəy, -“Heç bir zaman səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım həmişə pul sarıdan olub ki, Baş nazir olduqdan sonra ondan da qurtuldum. Seym dövründə Tbilisidə maarif naziri idim və aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi Gəncədən atamdan pul istəyirdim. Azərbaycanın istiqlalını elan etdik. Cumhuriyyətimizin maarif naziri oldum. Aldığım maaş yenə də məni dolandırmırdı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə, xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirdiyi gecələrə dəvət olunmayım. Hamısının da dəvətini qəbul edərək iştirak etmək lazımdır. Çoxuna sıxıla –sıxıla bir az maddi köməklik edirdim. Ancaq baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum. Belə məsrəflərin hamısı örtülü təxsisatlardan verilir. Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratamaq qayəsi ilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olmağa vaxt tapa bimədim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi , yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə varsa ,hamısını yazıb:

”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi? “...



Nağı bəy Şeyxzamanlı daha sonra Nəsib bəyin Türkiyəyə pul yardımı etməsini xatırlayıb:

-1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Bu görüş zamanı biz müxtəlif mövzularda söhbət etdik və sonra söhbətimiz Anadolu İstiqlal Savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy "gec də olsa, az da olsa, Türkiyəyə bir az valyuta hazırlayıb yeznəm Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim" dedi. Pulun miqdarını soruşmadım, o da açıqlamadı. 1961-ci ildə Əhmədzadə ilə Tehranda görüşdüm. Ondan yardım məsələsi haqqında soruşdum. İsrarıma baxmayaraq, məlumat verməkdən imtina etdi. Mən də daha çox üz vurmadım. Daha sonra əldə etdiyim məlumata görə, Əhmədzadə Nəsib bəyin verdiyi pulu İstanbula göndərmişdi. O zaman İstanbul ingilis və fransızların işğalı altında idi. O, Ankaraya gedib pulu lazımi yerə təhvil verə bilməmişdi. Artıq bu zaman, yəni 1920-ci il aprelin 27-də Azərbaycanı Moskvanın əmri ilə Qızıl Ordu işğal edir. O, 1920-ci ilin may ayında Azərbaycan dövlət xadimlərinin Gürcüstana keçdiklərini öyrənir. Əhmədzadə əlindəki pullardan min ingilis poundunu İtaliya bankı vasitəsilə İstanbuldan Tiflisə Nəsib bəyin adına göndərir. Halbuki Nəsib bəy Tiflisə gəlib çata bilmir, yəni yolda naməlum şəxslər tərəfindən öldürülür. İstanbuldan göndərilən bu min ingilis poundunu Nəsib bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə alırlar. Əhmədzadə daha sonra Nəsib bəyin öldürülmüş olduğunu söyləyir. Onun 1920-ci ilin oktyabrında Ankara hökumətinə 19 min Türk kağız lirəsi və bir milyon fransız frankı vermiş olduğunu öyrəndim.



Şeyxzamanlının Nəsib bəylə son görüşü :

-Milli matəmimiz olan 27 aprel 1920-ci ildə ələ keçən Azərbayacan ziyalıları ruslar tərəfindən məhv edilirdilər. Çekanın azğın cəlladları Bakıda xüsusi ilə müsavatçıları məhv etməyə çalışırlar. Gizli olaraq Nəsib bəylə görüşməyə getmişdim. Bu, mənim onunla son görüşüm oldu. O, bir neçə yoldaşla birlikdə bir evdə saxlanırdı. Çox kədərli idim. Çünki düşmən milli varlığımıza zəhərli bir xəncər saplamışdı. Danışmaq istədikcə, gözlərim yaşarırdı. Bir ara hamımız susmuşduq. Nəsib bəyin çöhrəsində kədərli cizgilər aydın hiss olunurdu. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu:

"Azərbaycanın istiqlalını qurduq. Ancaq onu saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güclü qüvvələri ilə vətənimizi işğal etdilər və işğalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi. Ancaq inandığımız və iman etdiyimiz bi şey varsa, o da bizə təsəlli verməkdədir. Ruslar zülmləri, vəhşilikləri ilə xalqımızı nə qədər əzirlərsə-əzsinlər, əbədi olaraq qala bilməzlər. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumunu , mənəvi varlığımıza hopmuş hürriyət ruhunu söküb ata bilməzlər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məşhur olan neronu köməyə çağırsalar da, yenə müvəfəq ola bilməyəcəklər”.



Nağı bəy Şeyxzamanlı xatirələr kitabına Məhəmməd Əmin Rəsulzadənin "İstila qurbanları: Nəsib bəy Yusifbəyli" başlıqlı yazısınıəlavə edib və onu Nəsib bəy haqqında yazılan ən gözəl yazı adlandırıb. (Məmməd Əmin Rəsulzadə, “Odlar Yurdu” 1929-cu il, 27 aprel)

Yazını ixtisarla təqdim edirik:

-Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir. İstilanın baş verdiyi günlərdə müstəfi olsa da, baş Nazir vəzifəsində olan Nəsib bəy Bakının Qızıl ordu tərəfindən işğal olunması səbəbindən gizlədilərək xaricə getməsi üçün yaxın dostu Yusif bəy İbrahimli ilə bərabər Gürcüstana keçmək məqsədi ilə yola çıxmışdı. Onlar Siqnax qəzasında təfsilatı hələlik bizlərə məchul olan faciəli bir qəzaya uğrayaraq qurban getmişdilər. Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadəcə nazirlikdə və baş nazirlikdə olmaqla ifadə edilə bilməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu rəsmi vəzifələrdən çox əvvəl başlamışdı. Bu rol onun Gəncədə 1937-ci ildə Türk Ədəmi Mərkəziyyət Xalq Firqəsi adı ilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsi ilə başlayır. Azərbaycan fikrini bir tələb maddəsi halında formulə etmək şərəfi mərhum Nəsib bəyə məxsusdur. Nəsib bəylə tanışlığımız bu tarixdən daha əvvələ aiddir. Birinci Dünya Müharibəsi illəri idi. O, Gəncədə, mən də Bakıda Bələdiyyə idarəsinin üzvü idim. 1915- ci ildə "Açıq söz" qəzetini çıxarırdıq. Nəsib bəy idarənin işləri üçün tez-tez Bakıya gəlir və hər gəlişi zamanı “Açıq söz” qəzetinin redaksiyasına baş çəkməmiş qayıtmırdı. İlk görüşümüzdən 1920-ci ilin may ayına qədər davam etmiş dostluğumuz ərzində aramızda həmişə səmimiyyət olmuşdur. Bu dostluğu bir görüşdə bu qədər mətn edən şey heç şübhəsiz ki, müştərək qayə, müştərək ruh daşımamız idi. Bu müştərək ruh Gəncədə Nəsib bəyə siyasi bir firqə məqaləsi yazılmasını təlqin etdiyi zamanlarda mənə də Bakıda “Açıq söz ” qəzetinə eyni mövzunu müdafiə edən baş məqalə yazdırmışdı. Mərhum Nəsib bəyin xarakterində əsil təhsil görmüş Azərbaycan ziyalılarında az olan bir kefiyyət vardı. O, ədəbi türkcədə mükəmməl yazır və danışırdı. Vaxtı ilə Gəncədə açılan Ruhaniyyə mədrəsəsinin müəllimlərindən olmuşdu.

Onun Qafqaz xalq xəritəsini açaraq Müsəlman Qafqaz Qurultayında çox təsirli bir səslə dediyi sözlər –“ Kim dava edə bilər ki, biz özünüidarəyə səlahiyyətdar millət deyilik?” - hələ qulaqlarımda cingildəyir.

Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə idi ki, Milli Azərbaycan Hərəkatının istiqlalla nəticələnən qayəsini formulə etmək onun adı ilə bağlıdır. Aprel matəmində intiqam əhdini yeniləşdirən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də, heç şübhəsiz ki, Nəsib bəyin şəhadətidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran vəzifələrdən birincisi siyasi Azərbaycançılığın ilk nümayəndələrindən olan Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır.

Qeyd edək ki, tədqim etdiyimiz yazı Cümhuriyyət zamanında "Əksinqilab ilə mübarizə təşkilatının" rəisi olan Nağı bəy Şeyxzamanlının xatirələri əsasında hazırlanıb.

Hazırladı :Şahanə Rəhimli
AzVision.az


Teqlər: Nəsib-Bəy-Yusifbəyli  





Xəbər lenti