İrəvanı etirazlar bürüdü, Sarkisyanın çıxış yolu qalmadı - ŞƏRH
Politoloq Fikrət Sadıqovun fikrincə, Sarkisyanın oyunlarından bezən erməni xalqı aksiyalar keçirərək vəziyyətdən çıxış yolu axtarır: “Serj Sarkisayan çox çalışır ki, avropasayağı parlamentraizim prinsiplərinə uyğun respublika yaratmaq istədiyini dünya ictimaiyyətinə çatdırsın. Amma bu oyunun arxasında bir sıra səbəblər var. Əsas səbəb odur ki, xalq tərəfindən növbəti dəfə rəhbər seçilə bilməyəcəyini bilir. Çünki Sarkisyanın reytinqi o qədər aşağıdır ki, bu, ona baş nazir seçilməsinə şans tanımır. Həmçinin ölkədə problemlər o qədər çoxdur ki, xalq onu yenidən dövlət başçısı postuna seçə bilməz. İndiki halda Sarkisyanın oyunlarından, problemlərdən bezən xalq ayağa qalxıb və vəziyyətdən çıxış yolu axtarır”.
F.Sadıqov qeyd edib ki, erməni xalqı Sarkisyanla gələcəyini görümür: “Xalq başa düşür ki, Sarkisyan onlara yaxşı gələcək vəd etmir. Onun nə xarici, nə də daxili siyasəti problemləri aradan qaldırmaq iqtidarındadır. Ona görə də xalq küçələrə çıxıb. Düşünürəm ki, proses güclənən istiqamətdə davam edəcək. Çox güman ki, parlament Sarkisyanı baş nazir kimi seçəcək. Amma, bu, o demək deyil ki, Ermənistanın bütün problemləri həll olunacaq”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, Ermənistanda “Qarabağ klanı”nın özbaşnalıqları xalqı cana doydurub: “Hələlik küçələrə tələbələr çıxıb. Onlar bildirir ki, Ermənistan yerli ermənilərə qulluq etməlidir. Həmçinin onlar deyirlər ki, Ermənistanı yerli ermənilər idarə etməlidirlər”.
Politoloq qeyd edib: “Sarkisyan ölkəni parlament idarə üsuluna keçirir. Bu idarə üsulu baş nazirə o qədər böyük səlahiyyətlər verir ki, bu əvvəlki prezident səlahiyyətlərindən daha çoxdur. Xalq da bunu qəbul etmək istəmir. Eyni zamanda Dağlıq Qarabağdan çıxan klan Ermənistanın həm siyasi, həm də iqtisadi həyatına hökm edir. Demək olar ki, ölkədəki bütün sahələr yerli ermənilərin nəzarətindən kənardadır. Bu isə onların şərəf və ləyaqətinə, heysiyyatına toxunur. Bu səbəbdən 10 il prezident olmuş Sarkisyanın yenidən baş nazir sifətində peyda olmasını qəbul etmək istəmirlər”.
Q.Hüseynli qeyd edib ki, etirazçıların sırası daha da genişlənəcək: “Düşünürəm ki, aprelin 17-də parlamentdə səsvermə keçirilənə qədər etirazçıların sayı daha da artacaq. Bir sözlə, Ermənistan yenə də qaynayır. Hesab edirəm ki, qan töküb prezident postuna yiyələnən Sarkisyan, yenidən ya qan tökməyə məcbur olacaq, ya da baş nazir postundan imtina etməli olacaq. Bunun başqa bir çıxış olu yoxdur”.
Elvin Abduıqədirov
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Etiraz