Seçkini 1000 veb-kamera izləyəcək
AzVsison.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə MSK-nın 27 və 29 sentyabr tarixli iclaslarının protokolları təsdiqlənib.
Sonra 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədi ilə seçki məntəqələrində veb-kameraların istifadə edilməsi təcrübəsinin tətbiqinə dair məsələyə baxılıb. Qərara alınıb ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərdə işğal edilmiş ərazilər istisna olmaqla respublikanın bütün ərazisində, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılsın.
İclasda Azərbaycan Demokrat Partiyasından 8, Ədalət Partiyasından isə 7 vəkil edilmiş şəxs qeydə alınmıb. MSK-nın iclasında, həmçinin Ümid Partiyasından olan 1 nəfər vəkil edilmiş şəxsin qeydiyyatı öz xahişinə əsasən ləğv olunub və onun lövhəciyinin etibarsız hesab edilməsi qərara alınıb.
Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərə də baxıb. Müraciətlərdən birinin qanunvericiliklə müəyyən olunmuş şikayət verilmə müddəti ötürüldüyündən ərizəçiyə geri qaytarılması barədə qərar qəbul olunub, digər iki müraciət isə əsassız olduğundan təmin edilməyib. Sonda cari məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, iclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.