Səhiyyə Nazirliyində 38 elektron xidmət yaradılacaq
Bu barədə məlumat verən SN-nin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadənin sözlərinə görə, hazırda səhiyyə sisteminin müxtəlif sahələrində informasiya texnologiyalarının tətbiqi geniş yer alıb: "Yeni informasiya sistemləri tətbiq edilir, məlumat bazaları, tibbi registrlər yaradılır. Bütün səhiyyə işçiləri bu sistemlərdən istifadə edərək, işlərini daha da yüngülləşdirirlər.Pasiyentlər, vətəndaşlar da elektron xidmətlər vasitəsilə bu məlumat bazalarından yararlana bilərlər”.
Səhiyyə sistemində 38 elektron xidmətin yaradılması nəzərdə tutulur: "Elektron xidmətlərin artıq 20-dən çoxu "Elektron hökumət portalı, eyni zamanda nazirliyin rəsmi saytı vasitəsilə istifadəyə verilib. Onların sırasında həm tibb işçilərinə, həm də vətəndaşlara çox yararlı olan xidmətlər mövcuddur”.
Onun sözlərinə görə, hazırda təqdim edilən elektron xidmətlər sırasında həm məlumat tipli-informativ, həm də interaktiv xidmətlər var: "Məsələn, ən çox müraciət edilən elektron xidmətlərimizdən biri də"Dərman vasitələri haqqında məlumatın verilməsi”dir. Xidmətin məzmunu Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş dərman vasitələrinin ticarət adı (əmtəə nişanı), beynəlxalq patentləşdirilməmiş adı,buraxılış forması, istehsalçısı, dövlət qeydiyyatının tarixi, nömrəsi və qüvvədə olma müddəti haqqında məlumatların istifadəçilər tərəfindən əldə olunmasından ibarətdir”.
AzVision.az