DİN-in əməkdaşı çempion olub

DİN-in əməkdaşı çempion olub
  04 Fevral 2018    Oxunub:2451
Boks üzrə Azərbaycan birinciliyində Daxili İşlər Nazirliyinin (DİN) komendant xidmətinin əməkdaşı, polis serjantı Eldar Quliyev ikinci dəfə respublika çempionu tituluna sahib olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Boks Mərkəzində keçirilən yarışda çəkisi 81 kiloqramadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn idman ustası E.Quliyev daha böyük qələbələr qazanmaq iddiasında olduğunu bir daha təsdiq edib.

İdman ustası 1992-ci ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxlı kəndində anadan olub. Böyük idmana gedən yolda ilk qələbəsini 14 yaşında qazanıb. Naxçıvan Muxtar Respublikasında keçirilən yeniyetmələr arasında birincilikdə bütün rəqiblərini məğlub edərək baş mükafata sahib olub. Sonra Rusiya, Türkiyə, Qazaxıstan, Ukrayna və digər ölkələrdə qatıldığı beynəlxalq turnirlərdə qələbə sevincini yaşayıb.

Polis serjantı E.Quliyev sonuncu qalib olduğu ölkə çempionatı haqqında danışarkən qarşılaşmaların çox çətin keçdiyini bildirib: “Sevindirici haldır ki, ümumilikdə ölkə idmanının səviyyəsi çox artıb. Azərbaycanın bütün idmançıları dünyanın ən güclü boksçuları ilə qarşılaşmaq bacarığına malikdirlər. Ona görə də respublika çempionatında finala yüksələn idmançının beynəlxalq miqyaslı yarışlarda da üstünlük qazanmaq imkanı olur.

E.Quliyev fevralın 18-26-da Bolqarıstanda keçiriləcək “Strandja” turnirinə vəsiqə qazandığını vurğulayıb. Qarşıdakı yarışlardan danışan idmançı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün daha çox məşq etdiyini deyib. O, yaradılan şəraitə və göstərilən qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.

AzVision.az


Teqlər: DİN   Çempion  





Xəbər lenti