Prezident yeni səfirlə tanış oldu

Prezident yeni səfirlə tanış oldu
  01 Fevral 2013    Oxunub:2269
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Diplomat Zohir Saidov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsinə dair məsələlərin müzakirəsinin önəmini qeyd etdi və həmin səfəri ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın ikitərəfli formatda və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Tacikistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. İkitərəfli münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Tacikistanlı diplomat ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Dövlət başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş edib.


Teqlər:





Xəbər lenti