Test imtahanı niyə ləğv edilir? - Ekspertlər səbəbini açıqlayır

Test imtahanı niyə ləğv edilir? - Ekspertlər səbəbini açıqlayır
  24 Avqust 2017    Oxunub:22841
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ötən gün açıqlama verərək qəbul imtahanlarında testin ləğv olunacağını təsdiqləyib. DİM rəhbəri iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq olunacağını bildirib. O qeyd edib ki, gələn il test forması ilə imtahanın sonuncu ili olacaq.
M.Abbaszadənin sözlərinə görə, kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir.

Test imtahanlarının ləğv edilməsinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, 1992-ci ildən ali məktəblərə qəbul imtahanlarında test formatından istifadə olunması son illərdə əmək bazarının tələblərini ödəmir.

“Hesab edirəm ki, ilk növbədə məzmun və formanı fərqləndirməliyik. Formal olaraq bu test imtahanı sistemidir. İmtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olmasıdır. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir. 2008-2009-cu tədris ilindən Azərbaycan orta məktəbləri kurikulum standartlarına keçib. Bu sistemdə oxuyan məktəblilər əvvəlkilərdən əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. İndiyə qədər qəbul imtahanlarında qapalı test tapşırıqlarından istifadə olunurdu. Lakin 2010-cu ildən sonrakı nəticələri təhlil etdikdə görürük ki, bu, artıq özünü doğrultmur”.



K.Əsədov təhsil sistemində qiymətləndirmədə məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yarandığını vurğulayıb.
“Birdən-birə buna keçmək əks effekt verə bilər. Belə ki, bu il IX siniflər üzrə keçirilən buraxılış imtahanları buna hələ tam şəkildə hazır olmadığımızı göstərdi. Bu, 2 il sonra qəbul imtahanlarında iştirak edəcək 60 faizdən çox şəxslərin aşağı qiymət almasına səbəb olacaq. İki il sonra tətbiq olunan üsul yenə də test olacaq, amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox. Qəbul imtahanlarında uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik olan test olacaq. Bunu üstün tərəfləri var. Çünki bizim məzunun nitq qabiliyyəti, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik olmadığını görürük. Ali məktəbə qəbul olan abituriyentlər yazı yaza bilmir, şifahi nitqi yoxdur. Onların yazılı və şifahi nitqinin inkişafı vacibdir”.

Təhsil eksperti Əjdər Ağayev isə hesab edir ki, test üsulu ilə imtahan forması öz işini görüb. Onun sözlərinə görə, ilkin başlanğıc dövründə test ilə imtahan korrupsiya hallarının qarşısını alıb və ali məktəblərdəki siyahı ilə qəbul məsələlərinə son qoyulub.

“O zamanki test imtahanı verənlər uğurla oxudular. Onlar həmin dövrə qədər olan zəngin və dünya təcrübəsinə, milli təcrübəmizə əsaslanmış təhsilin məzunları idi. Amma illər keçdikcə test imtahan forması ümumtəhsil məktəblərindəki təhsilin məzmununu aşağı saldı. Qruplar ayrıldı və hər qrupa da 3-4 fənn ayırd edildi. 9-10-cu siniflərdən başlayaraq şagirdlər repetitorlar yanına getməklə konkret suallara cavablar axtarmağa başladılar və bununla şagirdlərin hərtərəfli inkişafı sıradan çıxdı, dünyagörüşü azaldı. Xüsusilə, son illər ali məktəbə qəbul olanlardan hər hansı bəstəkar və ya ölkənin iqtisadiyyatında, mədəniyyətində önəmli rol oynamış şəxslər barəsində soruşanda heç bir məlumat verə bilmirdilər. Deməli, test forması artıq ziyan vurmağa başlayıb”.



Təhsil ekspertinin fikrincə, elə forma tətbiq etmək lazımdır ki, ümumtəhsil məktəbi öz funksiyasını yerinə yetirə bilsin və hər şey repetitorun üzərində olmasın.

“Düşünürəm ki, Məleykə xanım bu nəticəyə gəlib və belə ağıllı təklif irəli sürüb. Ancaq kurikulum nəticələri üzrə yanaşmasının tərəfdarı deyiləm. Burada pedoqoji cəhətdən məzmunsuzluq var. Kurikulum tədris-təlimdə tətbiq olunan sənədlərin cəminin adıdır. O, nə proses, nə sistem, nə də ayrıca yanaşmadır”.

Ə.Ağayev bildirib ki, tədrisin, məktəblərin verdiyi məzunların müasir təlim səviyyəsinin nəticələrini nəzərə alaraq formanı müəyyənləşdirmək olar. “Birinci növbədə bu gün məzunlarımız şifahi bilik cəhətdən, yazılı nitq cəhətdən çox kasaddırlar. Test onları ancaq yaddaş üzərində düşündürüb və bu məsələlər kənarda qalıb. Testin yaxşı bir cəhəti var ki, burada obyektivlik, ədalət, şəffaflıq hökm sürür və qabiliyyəti olanlar imtahandan keçir. Bu prinsipi gözləməklə Dövlət İmtahan Mərkəzi yeni formanı dəqiq tapmalıdır. Ədalət prinsipi ilə tətbiq etsə, abituriyentlərin mükəmməlliyini ortaya çıxarmağa xidmət etsə, düşünürəm ki, bu layihə yaxşı nəticə verə bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Test   İmtahan   Qəbul   Ekspert  





Xəbər lenti