Konfransı giriş sözü ilə açan baş nazirin müavini Əli Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin və hərtərəfli islahatların müəllifi olması ayrıca yer tutur: “Azərbaycanın 25 illiyi bu yaxınlarda qeyd olunan müstəqillik tarixi islahatlar və onun zəruri nəticəsi sayılan transformasiyalar dövrü kimi səciyyələndirilə bilər. SSRİ-nin süqutundan bu günə qədər ölkəmiz ardıcıl sürətdə həyata keçirilən siyasi, iqtisadi, sosial islahatların bəhrələrindən faydalanmaqdadır. Müasir Azərbaycanı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən uğurlu islahatların parlaq nümunəsi hesab etməyə kifayət qədər əsaslar var. Hazırda ictimai aktuallıq kəsb edən məqam ölkənin yeni transformasiya zolağına daxil olmasıdır. Azərbaycan yeni islahatlar mərhələsinə qədəm qoyub və Prezident İlham Əliyev bunu dərin islahatlar kimi səciyyələndirib”.
Çıxış edən prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, hazırda respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatını əhatə edən bütün sahələrin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır: “İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infratsfukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013-cü illər ərzində iki beşillik dövlət proqramı həyata keçirilib. Proqramların icra olunduğu 10 il ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5%-ə, yoxsulluq səviyyəsi isə 5,3%-ə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq investisiya qoyulub, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb”.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxışlar edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Qeyd edək ki, konfransdan əvvəl YAP funksionerləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Elvin Abdulqədirov
Foto: Elvin Abdulla
AzVision.az