“Şoppinq festivalı”ndan nə qazanacağıq – TƏHLİL

“Şoppinq festivalı”ndan nə qazanacağıq – TƏHLİL
  11 Aprel 2017    Oxunub:4002
Aprelin 10-dan Bakıda Ticarət Festivalı başlanıb. Mayın 10-dək davam edəcək bu festival ilk dəfədir ki, keçirilir. Bu il bir daha təşkil olunacaq. Yəni, il ərzində 2 dəfə, hər il olmaqla... Məqsəd isə çoxşaxəlidir: həm ticarəti inkişaf etdirmək, həm daxili və xarici turizmə əlavə stimul yaratmaq, həm yerli istehsalı və sahibkarlığı həvəsləndirmək... Bir sözlə, qeyri-neft sektorunda daha bir yolla canlanmaya nail olmaq.

Ümumiyyətlə, məlum olduğu kimi, qeyri-neft sektorunun tərkibində turizm mühüm yer tutur və bu sahənin inkişafı digər sektorların da irəliləməsi üçün yol açır. Odur ki, hökumət ölkədə turizmin genişlənməsinə böyük diqqət yetirir və bu məsələyə kompleks yanaşır. Elə dövlət başçımızın respublikada turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında keçən ilin sentyabrın 1-idə imzaladığı sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə hər il ticarət festivalları (“shopping festival”) keçirməyi təmin etməyi tapşırması da məhz bundan doğan zərurətlərdən irəli gəlmişdi.

Başqa sözlə, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir. Bu, beynəlxalq təcrübədə də mövcuddur. Adətən, bunda məqsəd ölkədə turizm və iqtisadi potensialı yüksəltmək, sahibkarlıq fəaliyyətini təşviq etmək və bu yolla da mövcud ticarət dövriyyəsini artırmaqdan ibarət olur.

Ancaq bu, sözsüz ki, təkcə festivalı keçirməklə baş verə bilməz... Yəni, festivalda cəlbedici amillər də yaradılmalı, stimullaşdırıcı cəhətlər təşkil olunmalıdır. Bu baxımdan, elə həmin sərəncamla keçiriləcək “shopping festival”da Maliyyə və Vergilər Nazirlikləri, o cümlədən Dövlət Gömrük Komitəsi ilə birlikdə pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, vergi güzəştlərinin verilməsinə dair təkliflərin də hazırlanaraq ölkə başçısına təqdim edilməsinin tapşırılması təsadüfi qeyd olunmamışdı. Və bunlardan birinin də "Tax free" sistemi kimi mexanizmdən ibarət və bilavasitə bununla bağlı olacağı aydın məsələ idi.

Məlum olduğu kimi, ölkədə artıq, bir müddətdir daha dəqiq desək, keçən ilin iyul ayından "Tax free" sistemi fəaliyyət göstərir. Bunun məğzi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində alınmış istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödədikləri əlavə dəyər vergisini (ƏDV) geri qaytarmaqdan ibarətdir. Təbii ki, buna dair xüsusi qaydalar mexanizmi mövcuddur.

Ölkəmizdə vəsait ödəyib müəyyən adda mal alan xarici vətəndaşların bunun ƏDV-yə aid hissəsini sonradan geri qaytarması, bu dəfə yeri vətəndaşlar üçün də istifadə alətinə çevriləcək ki, bu da “shopping festival” dövründə baş verəcək... Bu, çox mühüm bir stimullaşdırıcı tədbirdir. Məsələn, indiyədək "Tax free" sistemi çərçivəsində 1 milyon manatdan artıq pul vəsaitinin əcnəbilərə qaytarıldığı bildirilib. Sual oluna bilər ki, bəs, bunun bizə, yəni ölkəmiz və dövlət büdcəmiz üçün nə xeyri var?

Məsələ bundadır ki, büdcə ƏDV-dən 1 milyondan artıq vəsait itirsə də, digər vergi növlərindən əlavə gəlir qazanır. Belə ki, əcnəbilərin pul xərcləmələri və alışı artıb. Yəni, qeyd olunan 1 milyon manatdan çox vəsaitin geri ödənişi hesabına ticarət genişlənir. Başqa sözlə, dövriyyə artır.

Yeri gəlmişkən, «Tax Free» sistemində 300 manat məbləğindən artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulurdu. Ancaq, “shopping festival” dövründə vətəndaşlarımız üzrə bu məbləğ 100 azn təşkil edəcək. Yəni ki, daha çox stimullaşdırıcı xarakter daşıyacaq. Deməli, pul xərcləmələri daha çox təşkil edəcək ki, ticarət xeyli cəlbedici xarakter daşıyacağından bir az da artacaq.

Festival dövründə ƏDV-nin qaytarılması qaydalarına dair də ayrıca mexanizm mövcuddur. Bu isə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında cari ilin fevralın 20-də imzalanmış Prezident Fərmanı ilə müəyyən edilib. Qeyd edim ki, bundan da xaricilərin istifadə imkanı olacaq. Ancaq bu zaman, həmin əcnəbi «Tax Free» sistemindən imtina etməli və iki sistemdən birini seçməlidir.

Yeri gəlmişkən, «Tax Free» sistemində olduğu kimi, festival dövründə də aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri kimi malların satışından tutulan ƏDV geri qaytarılmayacaq.

Göründüyü kimi, məqsəd daha çox satış həyata keçirmək, ticarəti yüksək təşkil etmək, mümkün dərəcədə böyük məbləğlərdə pul vəsaitlərinin xərclənməsinə nail olmaqdır. Nəticədə həm daxili, həm də xarici turizmin inkişafına əlavə dəstək əldə olunacaq, ticarət dövriyyəsi genişlənməklə və dövlət büdcəmizin də şaquli deyil, məhz üfiqi istiqamətdə milyonlarla vəsait qazanacağı imkanı yaranmaqla bir sıra yerli məhsulların istehsalçılarında stimul təşəkkül tapacaq.

Sonda bir məqama da toxunum: bu ilin payız aylarında keçiriləcək ikinci festival ilə birgə hər iki tədbirə təqribən 1 milyondan artıq vəsait xərclənəcək ki, bundan da dəfələrlə çox gəlir əldə edilməlidir və ediləcək də...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Shopping   #Festival   #Ticarət   #Təhlil  





Xəbər lenti