Bakının bu rayonlarında sürüşmə təhlükəsi var

Bakının bu rayonlarında sürüşmə təhlükəsi var
  30 Mart 2017    Oxunub:2572
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Seymur Məmmədov "Məsafədən zondlama materialları əsasında Böyük Bakı ərazisinin mövcud ekogeomorfoloji vəziyyətinin CİS mühitində tədqiqi" mövzusunda birgə məruzə ilə çıxış ediblər. Bildirilib ki, tədqiqatlar zamanı Böyük Bakı ərazisində baş verən geomorfoloji proseslərin təhlili aparılıb, kosmik radar məlumatları əsasında ərazinin relyefinin rəqəmsal modeli hazırlanıb və 1:50000 miqyasında rəqəmsal geomorfoloji xəritə tərtib edilib.

Böyük Bakı relyefinin morfometrik təhlilinin də aparıldığını deyən məruzəçilər ilk dəfə hipsometrik, meyillik, səmtlilik, üfüqi və şaquli parçalanma xəritələri, yer səthinin ümumi, planlı və profil əyriliyinin xəritələri və diaqrammalarının tərtib olunduğunu diqqətə çatdırıblar.

Qeyd edilib ki, müvafiq ərazidə sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənilməsi nəticəsində sürüşmə təhlükəli ərazilər müəyyən olunub. Həmçinin, tədqiqatlar zamanı ekogeomorfoloji gərginlik zonalarının aşkarlandığı, Qaradağ, Nizami, Xəzər və digər rayonlarda potensial sürüşmə təhlükəli ərazilərin mövcud olduğu vurğulanıb.

Məruzədə Böyük Bakı ərazisi üçün kəmiyyət və keyfiyyət göstəriciləri əsasında sürüşmə təhlükəliliyinin rəqəmsal proqnoz xəritəsi və ona uyğun legenda tərtib edildiyi və bu nəticələrin Böyük Bakının yeni ərazilərində şəhərsalma işlərində istifadə üçün çox qiymətli olduğu bildirilib.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb və bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı olub. Fəxrəddin Qədirov bölmə üzrə həqiqi və müxbir üzvlüyə iki namizədin qeydə alındığını diqqətə çatdırıb. Sonra namizədlər fəaliyyətləri, Azərbaycan elminə verdikləri mühüm töhfələr haqqında geniş məlumat veriblər. Təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi ilə bağlı olub. Bölmə Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri, Əməkdar elm xadimi, akademik Vasif Babazadənin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun yeni strukturunun təsdiqi, Neft və Qaz İnstitutunda Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması haqqında qərarlar qəbul edib. Sonda bir sıra cari məsələlər müzakirə olunub.

AzVision.az


Teqlər: sürüşmə   təhlükə   Bakı  





Xəbər lenti