ABŞ astronavtları bu azərbaycanlıya borcludurlar – (MÜSAHİBƏ)

ABŞ astronavtları bu azərbaycanlıya borcludurlar – (MÜSAHİBƏ)
  16 Mart 2017    Oxunub:24217
ABŞ-ın Mərkəzi Florida Universitetində bir azərbaycanlı professor çalışır. O, kimya elmləri doktoru Nazim Muradovdur. Qazax rayonunda dəmiryolçu ailəsində anadan olub. 25 ildən artıqdır ki, Amerikada yaşayır. Hazırda 50 kəşfin müəllifi və həmmüəllifdir. ABŞ-ın Milli İxtiraçılar Akademiyasına üzv seçilən ilk azərbaycanlıdır.

Onun yaratdığı hidrogen sensoru texnologiyasını ötən il NASA ilin ən yaxşı kommersiya texnologiyası seçib. Hidrogeninin alınması və istifadə olunması ilə bağlı NASA ilə birgə bir sıra elmi araşdırma layihələrinin üzərində işləyir.

- Ailəmiz Bakıya köçəndən sonra 160 nömrəli məktəbdə təhsil aldım. Mən öz müəllimlərimə minnətdaram. Hələ də hamısının ad və soyadlarını xatırlayıram. Xüsusilə mənə kimyanı sevdirən Esfir Solomonovna Koqanı vurğulamaq istəyirəm. Dərslərdən sonra o, mənə sadə kimyəvi təcrübələr keçirməyə icazə verirdi.

Məktəbdən sonra Neft Akademiyasının kimya-texnologiya fakültəsinin orqanik və neft-kimya sintezi mühəndisi – texnoloq ixtisasına qəbul oldum. Üçüncü kursdan etibarən professor Əliməmməd Şabanovun rəhbərliyi altında üzvü kimya fakültəsində elmi araşdırmalarda iştirak etməyə başladım. Hələ tələbə olarkən Azərbaycan SSRİ Elmlər akademiyasının Hesabatlarında ilk məqaləmi dərc etdim. Bu mənim özümü elmə həsr etmək seçimimi daha da möhkəmləndirdi. Daha sonra Moskvada SSRİ Elmlər Akademiyasında namizəd və doktorluq dissertasiyalarını müdafiə etdim.

- ABŞ-a gedən yol haradan və necə başladı?

- Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda işləyərkən Vahab Əliyev və Musa Rüstəmovun mənim müəllimlərim olmasına görə bəxtim gətirdi. Onlar laboratoriyanın dörd divarı arasında qalmamaları, kəşflərini zavodlara aparmaları üçün gənc alimlərdə səylə novatorluq və ixtiraçılıq ruhu formalaşdırırdılar. Hələ də Vahab Səfəroviçin səsi qulağımdadır: “Tətbiq etmək, tətbiq etmək!..”

Yadımdadır, bir dəfə Vahab Səfəroviç məni - gənc mühəndis-texnoloqu xətti olifenlərin alınması üzrə hazırladığımız yeni texnologiyanı Şebekinoda yuyucu zavoda satmağa göndərmişdi. Təbii ki, məndən elə də yaxşı “biznesmen” olmadı, lakin zavodun baş texnoloqu Miçurovla (hələ də onun familyasını unutmamışam) kəşfin yeni texnologiyaya, onun isə zavodda yeni texnoloji prosesə çevrilməsi üçün uzun çəkən söhbətimi xatırlayıram. Belə dərslər hədər getmir. Mən Azərbaycan kimyaçılarının mükəmməl məktəbini keçmişəm və bununla fəxr edirəm.



Biz ABŞ-a 1990-cı ildə köçdük. Həmin vaxt Azərbaycan hələ SSRİ-nin tərkibində idi. Ondan bir il əvvəl Mayami Biçdə (Florida ştatı) Enerji və Ətraf Mühitlə bağlı beynəlxalq konfrans keçirilmişdi. Mən orada Günəş enerjisindən istifadə yolu ilə hidrogeninin alınması haqda hesabatla çıxış etmişdim. Konfransdan sonra mən Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzində işləməklə bağlı dəvət aldım və indiyə qədər burada işləyirəm. Hazırda bu mərkəzdə hidrogen energetikası üzrə qrupun rəhbəriyəm.

Hazırda mən 50 patentləşdirilmiş kəşfin müəllifi və həmmüəlifiyəm. Kəşflərin əksəriyyəti iki sahəyə aiddir: Alternativ yanacaq və ətraf mühitin təmizlənməsi. Nümunə kimi dəniz səthinin neftdən təmizlənməsini, çirkli zavod tullantılarının zərərsizləşdirilməsi üçün Günəş enerjisindən istifadəni, dəniz suyundan hidrogen yanacağının alınması metodu, kənd təsərrüfatı tullantılarından bioyanacağın alınması, yeni karbon nano-materiallarını və s. göstərə bilərəm. Bəzi patentlər ABŞ və Yaponiya şirkətləri tərəfindən lisenziyalaşdırılıb.

NASA-ya coğrafi yaxınlığa görə (kabinetimin pəncərəsindən baxanda kosmik gəmilərin uçuşnu görə bilirəm) biz kosmik proqram çərçivəsində hidrogeninin alınması və istifadə olunması ilə bağlı bir sıra elmi-araşdırma layihələri üzərində birgə işləyirik.

NASA-dan olan həmkarlarımla birgə biz kiçik hidrogen (hidrogendən ABŞ komik proqramında geniş şəkildə istifadə olunur) sızıntılarının aşkarlanması üçün yeni sensor hazırladıq. Kiçik hidrogen sızıntısını aşkarlamaq olduqca çətindir, çünki, bu qaz ətraf mühitə tez yayılır. Lakin əgər sızıntı vaxtında aşkarlanmasa, onda bunun nəticələri faciəvi ola bilər. Xüsusilə əgər sızıntı kosmik gəminin qapalı məkanında baş verərsə. Mövcud elektron qurğular bu məsələdə işə yaramır. Çünki onlar özü də qığılcım mənbəyi olar və partlayış baş verə bilər. Bizim yaratdığımız yeni tip hidrogen sensoru elektrikdən istifadə etmir və olduqca etibarlıdır. O, “Shuttle Endeavor” kosmik gəmisinin havaya buraxılması zamanı uğurla sınaqdan keçirilib və digər testlərdən keçib. Yeni hidrogen sensorunun yaradılması və tətbiqinə görə NASA-dan olan həmkarlarımla prestijli beynəlxalq “R&D100” mükafatına layiq görülmüşük. Bu mükafat il ərzində 100 ən yaxşı texnoloji kəşfə görə verilir və bəzən “İxtiraçıların Oskarı” adlanır. Ötən il isə bu texnologiya NASA tərəfindən ilin ən yaxşı kommersiya texnologiyası seçilib.




- Hazırda nə üzərində işləyirsiniz?

- Hazırda mən ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən elmi layihənin, həmçinin Qatarın Aparıcı Elmi Araşdırmalar Fondu tərəfindən maliyyələşdirilən sudan hidrogenin alınması üzrə layihənin əsas elmi rəhbəriyəm. Böyük həcmdə təbii qaz ehtiyatlarının olmasına baxmayaraq, Qatar ilk növbədə Günəş enerjisi olmaqla, alternativ enerji mənbələrinin inkişafına böyük diqqət ayırır. Mən bu yaxınlarda əməkdaşlıq etdiyimiz Qatar Universitetlərindən birini ziyarət etdim və onların elmə, texnikaya, texnologiyaya və yüksək ixtisaslı kadrların hazırlanmasına xeyli investisiya yatırmalarının şahidi oldum.

- Bakı üçün darıxmırsınız? Vətənə tez-tezmi gəlirsiniz? Azərbaycan sizin üçün nə anlam daşıyır?

- Təbii ki, darıxıram, başqa cür heç ola da bilməz. Öz Vətəni üçün darıxmayan insan yaddaşı silinən manqurta bənzəyir. Çox təəssüflər olsun, Vətənə istədiyimdən daha az gəlirəm: Təxminən üç ildən bir. Valideynlərimin məzarını ziyarət edirəm, qohumlarıma baş çəkirəm, Xəzərin havası ilə nəfər alıram.

Mənə elə gəlir ki, Tanrı Azərbaycanı yaradarkən xoş əhval-ruhiyyədə olub. Çünki bu torpaqları mümkün olan hər şeylə mükafatlandırıb: dəniz, dağlar, çaylar, neft, qaz, bol günəş və külək, geotermal mənbələr, qiymətli minerallar və sonda demək olar ki, ideal iqlim... Azərbaycanda orta illik temperatur göstərici 14 selsidir ki, bu da planetin ümumi illik orta temperatur göstərici ilə eynidir. Dünyanın xəritəsinə diqqətlə baxın və zəngin təbii resursların, xüsusi iqlim şəraitinin Azərbaycan kimi balaca bir ərazidə cəmləşdiyi ikinci bir ölkəni tapmağa cəhd edin. Mən cəhd etdim, lakin tapa bilmədim. Bütün bu zənginliklər Azərbaycan xalqına məxsusdur.

- Bəşəriyyət artıq uzun müddətdir ki, yeni alternativ mənbələrin axtarışındadır. Sizin fikrinizcə, hansı enerji mənbəsi nefti əvəzləyə biləcək?

- Neft təbiətin insana qiymətsiz hədiyyəsidir və hələ uzun illər insan həyatında böyük rol oynamaqda davam edəcək. Lakin neft missiyasının ən əhəmiyyətli və böyük hissəsini artıq görüb, onun xələfinin tapmaq vaxt çatıb. Düzdür, neft vacib əhəmiyyətə malik enerji resursudur, lakin xoşbəxtlikdən, təkcə enerji mənbəyi deyil. Qlobal enerji istehlakında neftin payı təxminən 40%-dir. Yerdə qalan hissə isə kömür, təbii qaz, az həcmdə atom enerjisi və bərpa olunan enerji resurslarının (günəş və külək enerjisi, biokütlə, dalğa və qabarmaların enerjisi, okeanın istiliyi, geometral enerji) payına düşür. Gələcəkdə hələlik heç bir yeni enerji mənbəsinin kəşf olunacağı gözlənilmir. Ona görə də, nefti hansı enerji resursunun əvəzləyəcəyi ilə bağlı məsələ müzakirə aparılarkən artıq əsas namizədlərin adları məlumdur. Təbii ki, bu siyahıdan dərhal kömür və atom enerjisini çıxmaq lazımdır. Sırf ekoloji səbəblərə görə, Yerdə təbii qaz, külək və günəş enerjisi qalır. Ekspertlərin əksəriyyəti hesab edir ki, enerji bazarında ucuz qaz bolluğu və onun kömür və neftlə müqayisədə daha təmiz olması qaz üçün “qızıl əsr”in yetişməsi anlamına gəlir. Prinsipcə qaz və qaz kondensatları sürətlə, heç bir böyük investisiyalar qoyulmadan sənayenin və nəqliyyatın bütün sahələrində (neft-kimya istisna olmaqla) nefti əvəzləyə bilər. Lakin belə bir fikir də var ki, qaz müvəqqəti olacaq, günəş, külək enerjisinə keçid rolunu oynayacaq. Bununla da günəş və külək enerjisi bəşəriyyətin enerji probleminin son həll yolu olacaq. Bu proses heç də asan və planlaşdırılımış şəkildə getmir. Xeyli sayda ikinci dərəcəli enerji mənbələri və texnologiyaları var, heç kim bilmir ki, bu və ya digər sahədə keçid dövrü ərzində hansı texnoloji irəliləyiş baş verə bilər. Onlar isə enerji bazarının strukturunu tamamilə dəyişə bilərlər. Məsələn əgər günəş modullarının qiymətini kəskin şəkildə aşağı salmaq, elektrik enerjisini çox böyük həcmlərdə saxlamaq və qeyri-qida xammalından bioloji yanacaq hasil etmək mümkün olsa, onda qazın “qızıl əsri” olmaya da bilər. Böyük enerji resursları və müxtəlif enerji mənbələrinə malik ölkə kimi Azərbaycan neftdən ikinci dərəcəli enerji mənbələrə genişmiqyaslı keçidin lideri ola bilər.



-Neftin qiymətinin aşağı düşməsi ilə bağlı olaraq, qeyri-neft sektoruna diqqət kəskin artıb. Sizin fikrinizcə, bu sahənin inkişaf etdirmək və neft asılılığından qurtulmaq üçün hansı addımlar atılmalıdır?

- Bir çox ölkələr neft asılılığından təxminən 40 il əvvəl - 1973 və 1979-cü illərin enerji böhranlarından sonra qurtarmağa başlayıblar. Müxtəlif ölkələr müxtəlif inkişaf yollar seçdilər: Məsələn, Fransa atom enerjisi və nəqliyyatın elektrikləşdirilməsi yolunu seçib; digər ölkələr eyni vaxtda bir çox enerji resurslarına sərmayə yatırıblar. Bəzi ölkələr isə - onların sayı isə heç də az deyil,- neftin qiymətinin çox olduğunu və heç vaxt ucuzlaşmayacağını düşünürək, heç nəyi dəyişməmək qərarı verdilər. Çünki bu, bərpa olunan enerji deyil və planetdə azaldıqca, qiyməti daha da artacaq. Qiymət aşağı düşəndə isə çoxları üçün bu gözlənilməz oldu və aydınlaşdı ki, neftdən asılı iqtisadiyyatdan çoxşaxəli iqtisadiyyata keçməyin vaxtı çatıb. Mən ölkələrdə qeyri-neft sektorunun inkişafına konkret addımları məsləhət görə biləcək qədər məlumatlı adam deyiləm. Fikrimcə, bununla səlahiyyətli insanlar məşğul olur. Amma bu məsələdə ümumi variantlar hamıya məlumdur. Hazırda dünya enerji istehlakının böyük hissəsinin - təxminən 70%-i nəqliyyat yanacağı təşkil edir. Ona görə də, ilk növbədə neftdən yanacaq xammalı kimi qurtulmaq lazımdır. Hazırda bir neçə alternativ yanacaq üzərində düşünülür: elektrik enerjisi, sintetik maye yanacaq (kömür və qazdan hazırlanır), bioyanacaq və hidrogen. Bu variantların hər birinin öz üstünlüyü və çatışmazlığı var. Əgər minimum iki-üç problem həll olunsa, elektromobillər indidən bu yarışda lider ola bilərdilər: enerji blokunun (batereyanın) həcmi artsa, onları sürətlə şarj etmək və elektromobillərinin qiymətini ən azı 2-3dəfə aşağı salmaq olsa... Həmçinin elektrik enerjisinin karbohidrogenlərsiz istehsalı daha arzuolunandır. Qazla işləyən avtomobillər dünyada populyarlaşır: hazırda təxminən 15 milyon avtomobili yanacaq kimi qazdan istifadə edir. Bu yaxınlarda Honda brendi qazla işləyən Honda Civic GX modelini satışa çıxarıb. Amma proqnozlara əsasən, alternativ yanacaq yarışında qalib karbohidrogenlərsiz yanacaq və ya hidrogen olacaq.



- Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycanda bioyanacaq sektorunun inkişafı üçün hansı işlər görülməlidir?

- Bioyanacaq sənaye istehsalı ilə yanaşı, intensiv elmi araşdırmaların aparıldığı çox geniş sahədir. Bir çox ölkələr - məsələn, Almaniya,- bioyanacağı benzin və dizelin əvəzedicisi kimi deyil, neytral karbohidrogen kimi nəzərdən keçirir. Fukuşima Atom Elektrik Stansiyasında qəzadan sonra Almaniya və digər Avropa ölkələri atom enerjisindən imtinaya başlayıblar. Bioyanacağın ilk nəsli olan bio-etonol və biodizel) artıq neft yanacağına əlavələr kimi dünyada geniş tətbiq edilir. Məsələn, ABŞ-da benzinə 10% bio-etonol, Braziliyada isə 85%-ə qədər bioetonol qatılır. Lakin problem bundan ibarətdir ki, bioyanacaq qida xammalından (qarğıdalı, dənlər, kartof, bitki yağı) yaradılır, onların isə genişmiqyaslı istehsalı qida məhsullarının çatışmazlığı kimi xoşagəlməz nəticələrə səbəb ola bilər. Ona görə də, qeyri-qida xammalı və kənd təsərrüfatı tullantılarından hazırlanacaq ikinci nəsil bioyanacaqlara keçid üçün xeyli səylər göstərilir. Paralel olaraq mikro-yosunlardan (algae) üçüncü nəsil bioyanacağın alınması üzrə də işlər aparılır. Bu bioyanacağın üstünlüyü yalnız onun qeyri-qida xammaldan hazırlanmasında deyil, həm də bunun üçün torpaq sahələrinin tələb olunmamasındadır. Mikroyosunları dənizlərdə üzən platformalarda yetişdirmək olar. Azərbaycanın iqlim şəraiti və fövqəladə zəngin biosferası nəzərə alınsa, bioyanacağın son iki növünün istehsalı istiqamətində işlərin aparılması məqsədəuyğun olardı.

- Siz məşhur alim olmaqla yanaşı, gözəl ailə başçısısınız. Sizin üçün əsas ailə dəyərləri hansılardır?

- Bizim ailəmizin iki başçısı var. Hər birinin də öz “ərazisi” və öhdəlikləri mövcuddur. Mən əminəm ki, belə ailələrin sayı olduqca çoxdur, lakin heç də hamı bu barədə danışmır. Çünki bizdə ənənəvi olaraq düşünülür ki, kişi avtomatik olaraq ailənin başçısı anlamına gəlir. Mənə elə gəlir ki, bu cür baxış tərzi müntəzəm olaraq köhnəlir. Yenə də digər məsələlərdə biz özümüzün valideynlərimizdən götürdüyümüz ənənəvi ailə dəyərlərinə sadiq olmağa çalışırıq. Bizi bu cür yanaşma qane edir və onu gələcək nəsillərdə ötürməyə çalışırıq. Mən və həyat yoldaşım nənələr, valideynlər və uşaqların olduğu geniş, sakit şəkildə yaşamışıq. Ona görə də, bizə öz valideynlərini qocalar evlərinə qoyan insanları görmək qəribə gəlir. Valideynlər onları nəyin gözlədiyini bilir və sonrakı həyatlarını layiqincə yaşamaları üçün pul toplayırlar. Əlbəttə, başqalarını mühakimə etmək olduqca çətindir. Hər şey şəraitdən və öz ailə dəyərlərindən asılıdır.



- Bildiyim qədəri ilə, sizin həyat yoldaşınız məşhur incəsənət xadimlərinin – məşhur rəqqasə və xoreoqraf Əminə Dilbazi, bəstəkar Cövdət Hacıyev və şairə Mirvari Dilbazinin ailəsindədir. Bəs sizin həyatınızda incəsənətə yer varmı?

- Tale elə gətirdi ki, mən Azərbaycan incəsənətinin görkəmli nümayəndələri arasında yeganə texnoloq oldum. Bir tərəfdən bu, böyük məsuliyyətdir. Digər tərəfdən, onlarla ünsiyyət mənim üçün böyük mənəvi zənginləşdirmə mənbəyidir. Onlar hələ də mənim üçün yüksək professionalizm, öz işinə sadiqlik nümunəsidirlər. Yeri gəlmişkən, bu il Azərbaycan simfonik musiqisinin banisi, bəstəkar Cövdət Hacıyevin anadan olmasının 100 illiyidir. Bu yubiley Bakı, Nyu-York, Moskva, London, Cenevrə və ola bilsin ki, digər şəhərlərdə qeyd olunacaq.

Yaradıcılığa gəldikdə isə, kimyaçı kimi mən heykəltəraşlıq və qrafiki incəsənətdə müxtəlif materiallarla eksperimentlər etməyi sevirəm. Məsələn, fikrimcə məişətdə və sənayedə geniş istifadə olunan epoksid polimerdən qeyri-adi heykəltəraşlıq işləri yaratmaq olar. Əgər polimerin hər iki inqrediyentini qarışdırsaq, onda bu qarışıqdan heykəltəraşlıq nümunəsi yaratmaq üçün bir dəqiqədən də az vaxt qalır. Bu xüsusiyyət hesabına olduqca dramatik heykəltəraşlıq nümunələri yaratmaq olar. Həmçinin, metaldan qaz qaynağı köməyilə yaradılan heykəllər üzərində işləyirəm. Rəsmlə də maraqlanıram. Bir neçə dəfə öz işlərimin sərgisini keçirmişəm, lakin çox təəssüf, son zamanlar bununla məşğul olmağım üçün daha az vaxtım qalır.



- Uğurunuzun formulunu deyin...

- Mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki, riayət etdiyim hər hansı bir formul yoxdur. Ümumiyyətlə, uğurun hansısa sirrli formulunun olmasına inanmıram. Xoşbəxtliyin formulu yoxdur. Çünki uğur olduqca subyektiv anlayışdır və hərənin bununla bağlı öz fikri var. Bəzən insan özü uğura nail olduğunu düşünürsə belə, bu, digər insanların da o cür düşünməsi anlamına gəlmir. Ona görə də, mənə elə gəlir ki, həqiqi uğur qazanan insanların sayı olduqca azıdır. Mən əminəm ki, daha əvvəl mənimlə birgə Bakıda işləyən həmkarlarımdan bəzilərinə taleyin mənə verdiyi imkanlar düşsəydi, daha böyük uğurlara nail olardılar.



- Və sonda elmi seçən gənclərə nə məsləhət görərdiniz?

- Biz olduqca maraqlı dövrdə yaşayırıq. Son illər elm, ümumilikdə bütün iqtisadiyyat kimi qloballaşıb. Lakin qloballaşmanın da müxtəlif sərhədləri var. Əgər 1990-cı illərə qədər elm yalnız məhdud sayda ölkələrdə (ABŞ, İngiltərə, Almaniya, İtaliya, Yaponiya, SSRİ) inkişaf edirdisə, hazırda belə ölkələrin sayı onlarladır. Hidrogen energetikası haqqında beynəlxalq jurnalın redaktorlarından və rəyçilərindən biri kimi son 20-25 ildə bu sahədə araşdırmaların aktivləşdiyini qeyd edə bilərəm. Jurnalımıza Çin və Hindistan, həmçinin Cənubi Koreya, Türkiyə, İran, Cənubi Amerika ölkələri və Şərqi Avropadan (çox təəssüflər, sabiq Sovetlər Birliyi ölkələri haqda bunu demək olmur) xeyli məqalələr gəlib. Nəticədə rəqabət kəskin şəkildə artıb və əvvəlkinə nisbətdə prestijli jurnallarda məqalənin dərc olunması çox çətinləşib. Digər tərəfdən, qloballaşma və internetin hesabına yeni elmi informasiyaya çıxış, xarici həmkarla ünsiyyət potensial maliyyə mənbələrinin və ya iş yerinin axtarışı xeyli asanlaşıb.

Hazırda elmin zəhmətsevər, istedadlı, güclü motivasiyaya malik və öz işini sevən insanlara böyük ehtiyacı var. Gənc alim üçün öz sahəsini vaxtında seçmək olduqca önəmlidir. Elmdə həmişə sənin dünyada yaşayan insanlardan daha çox və dərin biləcəyin sahə tapılacaq və ona tərəf getmək lazımdır. Elə düşünməyin ki, vacib elmi kəşflər və texnoloji yeniliklər yalnız dünyanın aparıcı elm mərkəzlərində ortaya çıxa bilər. Alimin böyük şirkətlərin ciddi-cəhdlə əldə etmək istədiyi yeni unikal xüsusiyyətlərə və yüksək effektivliyə malik texnologiyaları hazırlayarkən keçirdiyi məmnunluq hissi heç nə ilə müqayisə oluna bilməz. Mən bu tikanlı yolda verilən qurbanların həmin hissə dəyməsinə dair zəmanət verə bilərəm.




Hafiz Əhmədov
Tərcümə etdi: Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər:





Xəbər lenti