Cəbhəyanı kəndlərin sakinləri: "Biz erməni gülləsindən qorxmuruq" (VİDEO)
AzVision.az xəbər verir ki, Azərtac-ın çəkiliş qrupu cəbhə bölgəsindəki vəziyyəti lentə almaq məqsədilə Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndlərində olub.
Çəkiliş qrupu yol boyu erməni atəşlərinin dəlik-deşik etdiyi evlərə rast gəlib. Hətta tikintisi başa çatmayan evlər atəşə məruz qalır. Kənd sakinləri deyirlər ki, əvvəllər atəşkəs gün ərzində 20-30 dəfə pozulurdusa, indi yüzü keçib.
Dinc əhalini hədəfə alan mənfur erməni ordusunun bu atəşlərinə baxmayaraq, hər zaman cəsarətləri ilə seçilən Hacallı sakinləri öz iş-güclərindədir. Təmas xətti ilə üzbəüz evlərdən birində yaşayan Kifayət Cəfərova deyir ki, burada balacadan tutmuş böyüyədək heç kəs erməni gülləsindən qorxmur. Kənddə artıq yaz əkini başlayıb və əhali təsərrüfat işləri ilə məşğuldur.
Çəkiliş qrupumuz Hacallıdan sonra cəbhəyanı kəndlərdən daha birinə üz tutub və burada da eyni mənzərə ilə qarşılaşıb.
Azərbaycanın rəşadətli ordusuna, ön cəbhədəki qəhrəman əsgərlərimizə və dövlətimizə güvənən sərhəd kəndlərinin sakinləri deyirlər ki, erməni silahlı qüvvələrinin açdığı atəşlər onları öz evlərindən, doğma kəndlərindən çıxara bilməz. Sakinlərin cəsarəti, xoş əhval-ruhiyyəsi bir daha sübut edir ki, Azərbaycan vətəndaşları mərd və yenilməz olmaqla yanaşı, doğma torpağa bağlı insanlardır.
Teqlər: Azərbaycan Cəbhə Tovuz Ordu Qarabağ