Niyə məhz Sumqayıt? – Canlı şahidlər danışır (VİDEO)
29 il öncə baş verən hadisənin şahidləri Sumqayıtda həmin vaxt nələrin baş verdiyini, təxribatın öncədən necə hazırlanması haqda bildiklərini AzVision.az-a danışıblar.
Sumqayıt sakini Faiq Bayramov: “O hadisələri xatırlamaq mənim üçün çox ağırdır. Həmin ilin fevral ayında Qərbi Azərbaycanda böyük təlatüm, təşviş yaşanırdı. Azərbaycanlılar ermənilər tərəfindən dədə-baba yurdlarından qovulurdular. Mənim doğulduğum Sisiyan (Qarakilsə) rayonu Ağdü kəndidə, yüzlərlə, minlərlə Azərbaycan kəndi boş qalmışdı. Mən o vaxt Sumqayıtda yaşayırdım. Qonşuluğumuzda ermənilər də var idi. Sumqayıt şəhərində yaşayan xeyli erməni tanıyırdım. Bu hadisələrə qədər azərbaycanlılarla ermənilər bir-birlərinə qaynayıb-qarışıb, mehribaş şəraitdə yaşayırdılar. Aramızda heç bir problem yox idi.
Ağlımıza da gəlməzdi ki, belə bir hadisə baş verəcək. O zaman indiki kimi televiziyalar, internet yox idi. Xəbərləri ağızdan-ağıza eşidirik. Mən şəxsən 1987-ci ilin payızında eşidirdim ki, Dağlıq Qarabağın mərkəzi olan Xankəndi şəhərində iğtişaşlar baş verir, mitinqlər keçirilir. Biz bunu eşidirdik. Həmin dövrdə Ağdamdan Əsgərana gedən iki azərbaycanlının öldürülməsi barədə məlumatlar bizə gəlib çatmışdı”.
Müsahibin dediyinə görə, məlum hadisələr vaxtı nə televiziya, nə də qəzetlər düzgün məlumat yayırdı.
“Demək olar ki, öz vətənimizdə baş verənlərdən xəbərsiz idik. Qərbi azərbaycanlılar yavaş - yavaş Sumqayıta köçməyə başladılar və şəhərdə məlumatlar yayılırdı ki, Qərbi Azərbaycanın Masis rayonunda ermənilər azərbaycanlıların toyunda dava salıb, gəlini, bəyi öldürüblər, orada azyaşlı uşaqları dəmir borunun içini doludurb, hər iki tərəfini bağlayıb amansızlıqla qətlə yetiriblər.
1988-ci ilin fevral ayının son günlərində şəhərdə mitinqlər başlamışdı. İnsanlar indiki icra hakimiyyətinin binasının qarşısında toplaşmışdılar. Hamı ora gedərək nələrin baş verdiyi öyrənməyə çalışırdı. Mitinqdə danışılırdı ki, ermənilər “Krunq” təşkilatı yaradıblar. Deyirdilər ki, Zori Balayanın kitabı hər yerə yayılıb. Müəllif erməniləri iğtişaşlara sövq edirdi. İddia edirdilər ki, guya Qarabağ onların tarixi torpaqlarıdır”
F.Bayramovun vurğulayıb ki, hadisələrin Sumqayıtda baş verməsi təsadüf deyildi: “Təşkilatçılar bilirdilər ki, Sumqayıtda yaşayanların çoxu rayonlardan gələn insanlardır. Onların arasında təbliğat aparmaq çox asandır. Ermənilər də ona görə Sumqayıt şəhərini seçmişdilər. Biz bunu sonradan anladıq.Sumqayıt hadisələrinin təşkilatçısı olan Qriqoryan Azərbaycan dilində elə təmiz danışırdı ki, heç kim onun erməni olduğunu deyə bilməzdi”.
Sumqayıt sakini, 29 il öncə baş verən hadisələrin şahidi Rövşən İmanov: “1988-ci il fevral ayının 28-29-da Sumqayıtda ermənilər tərəfindən azərbaycanlılara qarşı təxribat törədildi. Bu hadisələr təsadüfdən baş verməmişdi. Hadisələrin kim tərəfindən törədilməsini bilmək üçün akademik Ziya Bünyadovun “Paçemu Sumqayıt” adlı kitabını oxumaq lazımdır.Sumqayıt hadisəsi baş verən ərəfədə mən yenicə ailə həyatı qurmuşdum. Sumqayıt Boruyayma zavodunda işləyirdim. O zaman azərbaycanlıların ermənilərə qarşı heç bir düşmənçiliyi yox idi".
Bəs bu hadisələr niyə baş verdi?
-1988-ci ildə baş verən hadisələrin əsas səbəbkarı o vaxtkı SSRİ rəhbəri Qorbaçov olmaqla Aqambekyan, Sitaryan və digər “yan”lardır.
Sumqayıt hadisələri zamanı 32 nəfər qətlə yetirilib. Bunların 26-ı erməni idi. Digərləri isə sırf təsadüf nəticəsində ölən şəxslərdir. Ermənilər guya 500 nəfərin qətlə yetirilməsi haqda şayiələr yaymışdılar. Maraqlıdır ki, bu hadisələr fevralın 28-29-da baş verdiyi halda, necə olur ki, mart ayının 2-də İrəvanda “Sumqayıt soyqırımı”na heykəl qoyuldu?
Sumqayıt hadisələrinin təşkilatçısı “Paşa” ləqəbli erməni Qriqoryan idi. O, ətrafında özü kimi cinayətkarları toplamış və bu hadisələr zamanı şəxsən 6 ermənini qətlə yetirmişdi. Əfsuslar olsun ki, Azərbaycan SSRİ-nin Ali Məhkəməsi tərəfindən baxılan işdə ona 12 il müddətinə həbs cəzası verilmişdi. Onu sonra Rusiyanın Stavropol vilayətinə köçürmüşdülər. Orada isə azalığa buraxılmışdı.
Hadisələr zamanı Texniki Peşə məktəbinin tələbəsi olan Əhməd Əhmədov da daxil olmaqla üç azərbaycanlı günahkar bilindi. Sonra Əhməd Əhmədov güllələndi.Sumqayıt hadisələri zamanı niyə ermənilər ermənilər tərəfindən öldürülmüşdü?
Tarixdə təsadüf heç nə baş vermir. Bu hadisələrin gedişatından sonra bizə məlum oldu ki, öldürülənlər ermənilərin yaratdığı gizi “Krunq “təşkilatına ianə verməyən şəxslər olub. Sumqayıtda yaşayan ermənilər bu təşkilata pul ödəyirdilər. Bizim bundan xəbərimiz yox idi.
Niyə məhz Sumqayıt?
-Bilirsiniz ki, İkinci Dünya müharibəsindən sonra - 1949-cü ildə Sumqayıtın əsası qoyulub. Gənclik şəhərində iş dalınca rayonlardan, kəndlərdən gələn gənclərin sayı çox idi. Ata-ana himayəsindən uzaq gəncləri aldatmaq, müəyyən işlərə təhrik etmək olduqca asan idi. Qriqoryan kimi şərəfsizlər məhz bu cür aldanılmış şəxslərdən sui-istifadə edirdilər.
O vaxtlar MİS-lərdə katibədən tutmuş, mühasiblərə qədər hamısı erməni idi. Onlar yaxşı bilirdilər ki, hansı məhəllədə hansı erməni qalır.
Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov/ Bəxtiyar Məmmədov
Teqlər: Sumqayıthadisələri Qarabağ