Bankların xarici borcları niyə artıb? - TƏHLİL
Fəaliyyət göstərən qeyd olunan sayda kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-i tarixinə 7 milyard 224,8 milyon manat təşkil edib. Bu da təxminən, 4,2 milyard dollar edir.
Mərkəzi Bankın (AMB) məlumatına əsasən, son 1 ildə bankların xarici öhdəlikləri 979,7 milyon manat, yəni təxminən, 570 milyon dollar və ya 11,94 % azalıb. Bu da aydındır. O baxımdan ki, keçən il bank sektoru üçün çox ağır keçdi. Belə ki, bir neçəsi sıradan çıxdı, digərləri bütün istiqamətlər üzrə ciddi ixtisarlara getdi, əksəriyyətinə isə dövlət müvafiq dəstək oldu.
Prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdiyi kimi, iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu. “Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılmışdır, nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı tədbirlər görülmüşdür, cəza tədbirləri, inzibati tədbirlər görülmüşdür”,– deyə, dövlət başçımız həmin iclasda vurğuladı.
Odur ki, fəaliyyətləri tamamilə “tıxacla” üzləşdiyindən sözügedən qurumlar xaricə olan öhdəliklərini maksimum dərəcədə ödəməyə, başqa sözlə desəm, azaltmağa çalışdı. Çünki özünü “qoruyub saxlamağa” çalışan hər hansı bir maliyyə qurumu aydındır ki, ilk növbədə xaricə olan borclarını azaltmağa çalışmalıdır və çalışacaq da...
Keçən il ərzində ölkənin daxili valyuta bazarında gərginliyin yaranmasında bir səbəb rolunda da məhz bu amil çıxış etdi. Belə ki, həm də bu amil üzündən manat ABŞ dolları qarşısında təqribən 15%-ə yaxın ucuşlaşdı. Çünki xaricə borc dollarladır və odur ki, borcunu ödəmək istəyən subyekt bunu daxili bazardan əldən etməyə məcbur sayılır. Bu isə avtomatik olaraq, tələbi artırır. Xarici valyuta təklifi məhdud xarakter daşıyan zamanda isə bu, yerli pul vahidinin dəyərini istər-istəməz ucuzlaşdırmalı olur.
Lakin, bu yazıda toxunmaq istədiyim məsələ başqadır. Ölkədə bankların xarici öhdəliklərinin həcminin son 1 il ərzində 979,7 milyon manat - 11,94 % azalmasına baxmayaraq, ötən il dekabr ayında 185,7 milyon manat və ya 2,64 % çoxalması qeydə alınmışdır ki, bu da narahatlıq doğuran məqamdır.
Sual yaranır ki, bu, nəylə əlaqədardır və hansı səbəblərlə izah edilə bilər?
Məlumdur ki, kommersiya banklarının maliyyə resursları əsas etibarilə 3 mənbə hesabına formalaşır. Birincisi, əhalinin yerləşdirdiyi əmanətlər hesabına, ikincisi xarici maliyyə qurumlarından cəlb edilən kreditlər və üçüncüsü isə AMB-dən cəlb olunan borc vəsaitləri hesabına...
Bankların müvafiq maliyyə əməliyyatları həyata keçirmələrində, habelə kredit verməkdə və sairədə bunların sırasında ən çox karına gələni məhz, birinci ilə ikincidir. Yeri gəlmişkən, cari ilin əvvəlinə olan məlumata əsasən, ölkə banklarında əhalinin əmanətlərinin həcmi elə təqribən, həmin qurumların xarici öhdəlikləri ilə bağlı məbləğin mövcud səviyyəsinə yaxın - 7 milyard 432,1 milyon manat təşkil edib.
Məsələ bundadır ki, kommersiya bankları əvvəllər ölkədə kreditləşdirmə sahəsində vəziyyət yaxşı olduğundan xaricdən demək olar, necə gəldi vəsait cəlb edə bilirdilər. Və xarici maliyyə qurumlarının da bir az əvvəl Azərbaycan banklarının ilk baxışda vəziyyətləri yaxşı göründüyündən, habelə neft gəlirlərimizin də qənaətbəxş səviyyədə olmasından istifadə edərək, bu sahədə xüsusi səxavətlilik nümayiş etdirdikləri nəzərə çarpırdı.
Lakin 2014-cü ilin ortasında sonra isə vəziyyət dəyişdi. Halbuki, Azərbaycanda bankların vəziyyətlərinin pis olduğu əslində, bundan əvvəl də özünü göstərməyə başlamışdı. Belə ki, AMB tərəfindən (o zaman Maliyyə Bazarlarına Nəzarət Palatası hələ yox idi) istehlak kreditlərinin verilməsi qaydalarının məhdudlaşdırılmağa başlandığı dövrü xatırlamaq kifayətdir.
Neftin ucuzlaşması, ölkəmizin maliyyə vəziyyətinin bununla əlaqədar, pisləşməsi və əsasən də, manatın devalvasiyaya uğraması nəticəsində isə banklar sıradan çıxmaq üzrə demək olar, bir-bir “yarışa girməyə” başladılar. Bununla bağlı olaraq, xaricdən alınan kreditlər üzrə öhdəliklər də "şişməyə" doğru istiqamət götürdü.
Üstəlik, növbəti kredit vəsaitlərinin cəlb olunması şərtləri ağırlaşmağa başladı. Belə ki, ölkəmizdə ümumən bank sektorunda vəziyyətin pisləşməsi ilə əlaqədar, xarici maliyyə qurumları da şərtlərini dəyişməyə başladılar.
Yəni, bankların xarici maliyyə öhdəliklərinin genişlənməsinin ümumən səbəbləri məhz bundan ibarətdir. Dekabr ayında da xarici öhdəliklər məhz manat ifadəsində artmışdır. Çünki keçən ilin dekabrında manatın dəyəri çox ucuzlaşdı. Buna həm ilin sonu ilə əlaqədar obyektiv faktorlar, həm də yaranmış yeni iqtisadi situasiya ilə bağlı subyektiv amillər zəmin yaratdı. Yeri gəlmişkən, qeyd edim ki, yanvarda da manatın ucuzlaşması davam etdi. Belə ki, sözügedən ayda manatın dollara qarşı məzənnəsi 8,23% civarında ucuzlaşdı. Bu isə o deməkdir ki, haqqında sözügedən bankların xarici borc öhdəlikləri dekabrda artdığı kimi, yanvarın da nəticəsinə görə eyni tendensiyanı nümayiş etdirəcək.
Ümumiyyətlə, bu tendensiya arada müəyyən fərqlilik göstərməklə davam edəcək. Yəni, bütövlükdə götürdükdə manat ucuzlaşmaqda yenə davam edəcəkdir. Təbii ki, bu da xaricə olan borcları “şişirdəcək”.
Yəni, bu əslində, xüsusən keyfiyyət baxımdan baş verir. Banklar onsuz da əvvəlkitək borc almırlar, ancaq aldıqlarını da qaytarmaqda çətinlik çəkirlər. Çünki bankların gəlirlilikləri azalıb. Üstəlik, qeyd etdiyim kimi də manatın ucuzlaşmağı prosesi dayanmır. İndi bir neçə gündür ki, manat möhkəmlənirdi. Ancaq bu da müvəqqəti xarakter daşıyır. Odur ki, bankların xaricə öhdəlikləri "şişməkdə" davam edəcək. Bu vəziyyət ölkədə bank sektorunda böhran aradan qalxanadək müşahidə olunacaq.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: