`Domsovet`in tikintisində işlədilən alman əsirlər nədən şikayət etmişdilər? – ARAŞDIRMA+SƏNƏDLƏR

`Domsovet`in tikintisində işlədilən alman əsirlər nədən şikayət etmişdilər? – ARAŞDIRMA+SƏNƏDLƏR
  16 Fevral 2017    Oxunub:80094
Müsəllim Həsənov
AzVision.az üçün

(Yazının əvvəlini BURADAN oxuya bilərsiniz)

Maliyyə problemləri ucbatından binanın daxilində müəyyən dəyişiliklər edilir, lakin fasad bu dəyişikliyə uyğunlaşdırılmır. Məsələn, Elbəy Qasımzadənin sözlərinə görə, ilkin layihəyə əsasən, binanın həyətində iclas zalı tikilməli, həmin zaldan terasdakı eyvanlara çıxış olmalı, teraslardan həm də yay foyesi kimi istifadə edilməli idi. Lakin qənaət məqsədilə həyətdəki zalın tikintisi ləğv edilib, fasad isə olduğu kimi saxlandığından həmin teraslara çıxış yoxdur. Ona görə də bu gün də Hökumət evinin çoxsaylı terasları istifadəsiz qalır.

Elbəy Qasımzadə onu da xatırladır ki, Hökumət evinin layihəsi ilə bağlı keçirilən müsabiqəyə Azərbaycanın gənc memarları Mikayıl Useynov və Sadıq Dadaşov da layihə təqdim ediblər, amma onların layihəsi qəbul olunmayıb.

Layihə müəllifləri arasında Mikayıl Useynovun adı olmasa da, binanın ərsəyə gəlməsində onun xidmətləri bu gün də unudulmur. Elbəy Qasımzadənin dediyinə görə, azərbaycanlı gənc leninqradlı memarların hazırladıqları layihə üzərində işə cəlb edilib. Həmin layihənin milli elementlərlə zənginləşdirilməsi məhz Mikayıl Useynovun xidmətidir.

Tanınmış memar Nəriman Əliyev isə Hökumət evinin binasında Şirvanşahlar sarayının elementlərinin olduğunu söyləyir. Onun sözlərinə görə, binanın eyvanlarında və sütunlarında Şirvanşahlar sarayından götürülmüş elementlər sonradan əlavə edilib.

1939-cu ildə hələ Hökumət evinin 5-ci mərtəbəsi tikilirdi. Bununla belə problemlər də qalırdı: material çatışmazlığı, işçi qüvvəsinin azlığı, maliyyə problemləri və s. Ona görə də tikinti işlərinin sürəti aşağı düşmüşdü.

Bundan təxminən il yarım sonra isə müharibə başlayır. Hər şey cəbhə üçün, hər şey qələbə naminə səfərbər olunur və Hökumət evinin tikintisi yarımçıq qalır...

Müharibə qurtarır, tikinti bərpa edilsin

1945-ci ilin yanvarında artıq müharibənin taleyi həll olunur, sovet qoşunları Avropa ölkələrini faşizmdən azad edir. Ona görə də 1945-ci il yanvarın 19-da Azərbaycan SSR Xalq Komissarları Soveti 43 nömrəli qərar qəbul edir: Hökumət evinin tikintisi bərpa olunsun...



1945-ci ilin aprelindən tikinti işləri faktiki olaraq yenidən başlanır. Lakin tikintiyə rəhbərlik edənlər bu dəfə yeni problemlərlə üzləşirlər. Məlum olur ki, burada istifadə edilən müxtəlif mexanizmlər, dəzgahlar və qurğular müharibə illərində başqa təşkilatlara verilib. Tikinti üçün gətirilmiş taxta və metal barmaqlıqlar da o cümlədən... Beton zavodu isə sökülüb. Üstəlik müharibə illərində burada hərbi hissənin yerləşdirilməsi də vəziyyəti xeyli dəyişib.

Bütün bu problemlər Xalq Komissarları Sovetinin sədr müavini İslamzadəyə ünvanlanmış bir məktubda öz əksini tapıb. Həmin məktubda həm də xahiş olunub ki, tikintiyə başlamaq üçün Hökumət evində yerləşdirilmiş təşkilatlar oradan çıxarılsın, tikintinin ətrafına heç olmasa tikanlı məftil çəkilsin, beton zavodu qurulsun, yeməkxana təşkil olunsun və s. və i.a. Bu məktub 1945-ci ilin yanvarında yazılıb.

İslamzadə həmin ilin mayında Bakıdakı hava hücumundan müdafiə qüvvələrinin komandanı general-leytenant Markova xahiş məktubu ünvanlayır: “Hökumət evində tikinti işlərinin bərpa olunması ilə əlaqədar burada yerləşən artileriya anbarının tikinti meydançasından çıxarılması barədə göstəriş verəsiniz”.

Yalnız bu və digər çoxsaylı təşkilati işlərdən sonra tikinti işlərini bərpa etmək mümkün olur.

Azərbaycan Respublikasının Foto-Kino Sənədləri arxivində Hökumət evinin tikintisi ilə əlaqədar 1946-cı ildə çəkilmiş kino-xronika saxlanılır. Həmin filmdə qeyd olunur ki, artıq binanın sonuncu – 12-ci mərtəbəsində iş qurtarmaq üzrədir. Xronika bu sözlərlə bitir: “Neft Bakısının iftixarı olan bu əzəmətli sarayın inşaat işləri 1948-ci ildə qurtaracaqdır”.

İnşaat işləri 1948-ci ildə də qurtarmır. Çünki müharibədən sonrakı illərdə vəsait qıtlığı, xüsusən işçi qüvvəsinin çatışmazlığı ciddi problemlər yaradır.

Dustaqlar hökumət evinin tikintisində

1946-cı il noyabrın 12-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi “Tamamilə məxfi” qrifli qərar qəbul edir: “Respublikanın mühüm tikinti və müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi haqqında” .

Az sonra həbsxana həyatı yaşayan dustaqlar ucuz işçi qüvvəsi kimi bu tikintiyə də cəlb olunur. Doğrudur, arxiv sənədləri içərisində Hökumət evinin tikintisində dustaqların işləməsi barədə sənədlər tapmaq indi də mümkün deyil. Amma... tikinti ilə bağlı bir müzakirənin stenoqrafik hesabatında bu fakta işarə var.

1948-ci ilin yanvarında Azərbaycan SSR Plan Komitəsi sədrinin müavininin yanında müşavirə keçirilir. Müşavirədə tikintinin problemləri müzakirə olunur və... Cəzaçəkmə Müəssisələri Baş İdarəsinin Məmmədov familyalı nümayəndəsinə onun tabeliyində olan adamların işə gecikməsi irad tutulur. Məmmədov isə çıxışında deyir: “Bizdə necə gecikmə ola bilər ki, dustaqlar burda yaşayır və burda işləyirlər... O, başqa məsələdir ki, tikintiyə verilmiş dustaqların heç də hamısı sağlam deyil...”

O, daha sonra izahat verir ki, tikintidə işin ləngiməməsi naminə biz nə Nazirlər Sovetindən, nə Moskvadan icazə almadan tikintidə düşərgə sahəsi yaratmışıq: “...qeyri-qanuni olsa da, biz qərara aldıq ki, gediş-gəliş zamanı vaxt itkisinə yol verməmək üçün tikintidə düşərgə yaradaq”.



Həmin iclasın stenoqramından daha bir neçə cümləni xatırlatmağa ehtiyac var:
...Əhəng və qum iş yerindən 100-150 metr aralıda hazırlanır. Hazırlanan palçıq 100-150 metr məsafəyə əllə daşınır. İki qaldırıcı kran azlıq etdiyindən tikinti mteriallarının çoxunu 6-7-ci mərtəbələrə də əllə qaldırmaq lazım gəlir. Bu üsulla yalnız yüz il əvvəl tikirdilər.
...Dustaqların saxlandığı baraklar haqqında. Siz məni bu sözlərimə görə bağışlayın, bu baraklarda yalnız dustaqlar yaşaya bilər, onlar qaçanda məsuliyyətə cəlb olunacaqlarından qorxmasaydılar, bir gün də orda qalmazdılar.
...Hamam yoxdur, fəhlələr əl-üzünü yumağa kifayət qədər su tapa bilmir.
...Qeyd etmək lazımdır ki, bəzən hətta dustaqları burda döyürlər.
...Bakıda mazut tapılmır. Rəhbərlik sahə rəisini məcbur edir ki, gecələr mazut oğurlasın.


Hökumət evinin tikintisində yaranan çətinlikləri XKS-nin sədri Teymur Quliyevin SSRİ XKS-nə, Anastas Mikoyana ünvanlanmış bir məktubu da qabarıq göstərir. T.Quliyev həmin məktubda Hökumət evində çalışan fəhlələrin çörəklə təminatında problemlər olduğunu yazır və xahiş edir ki, Hökumət evində işləyən 800 nəfər fəhlənin hər birinə 600 qram çörək ayrılması barədə göstəriş verəsiniz...

Bütün bunlar Hökumət evinin tikintisində 1946-cı ilə aid reallığı əks etdirir və binanın hansı çətinliklər hesabına ərsəyə gəldiyini göstərir.

Hökumət evinin tikintisində dustaqların əməyindən istifadə edilməsini 1948-ci il martın 3-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin adına ünvanlanan bu məktub da təsdiq edir: “1948-ci ildə Hökumət evinin bir hissəsinin istismara veriləcəyi ilə əlaqədar tikinti meydançasında qurulmuş və hazırda 514 nəfər muzdlu fəhlənin və 850 nəfər dustağın yaşadığı baraklar sökülməlidir”.

Alman hərbi əsirləri... nəyə etiraz edirdi?

Hökumət evinin tikintisinə dustaqlarla yanaşı alman hərbi əsirlərinin cəlb edilməsi də heç kimə sirr deyil. Baxmayaraq ki, bu barədə arixv sənədləri hələ də məxfi saxlanılır...

Azərbaycana gətirilmiş alman hərbi əsirlərinin taleyini araşdıran tarix üzrə fəlsəfə doktoru Tahir Behbudovun dediyinə görə, müharibə başa çatandan sonra Bakıya 42 min alman hərbi əsiri gətirilib və onların əməyindən Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunub. Onlar əsasən mülki tikintidə, böyük sənaye oblektlərində və xüsusi, qapalı oblektlərdə işlədiliblər.



Hələ 1942-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığının nəzdində yaradılan xüsusi idarə alman hərbi əsirlərin əsas peşəsinin müəyyən edilməsi ilə məşğul olur, onların ilkin sənətindən səmərəli istifadə etməyi planlaşdırırdı. Tahir Behbudovun sözlərinə görə, Hökumət evinin tikintisində 150 nəfərə yaxın hərbi əsir - tikinti mühəndisi, dülgər, daş yonan, fasad ustası və s. çalışıb.

Tahir Behbudov arxiv sənədlərinə istinadla deyir ki, alman hərbi əsirlər hər gün Qara şəhərdəki həbsxanadan piyada tikintiyə gətirilir, axşam isə yenidən həbsxanaya qaytarılırdı.

Bir dəfə Mircəfər Bağırova xəbər çatır ki, hərbi əsirlər işləməkdən imtina edib. Respublika rəhbəri bunun səbəbini öyrənmək üçün özü tikintiyə gəlir və əsirlərin nəyə etiraz etdiklərini soruşur. Onlar bildirirlər ki, tikintiyə verilən sement keyfiyyətsiz olduğu üçün onu divara vurmağa əlləri gəlmir... Bu da alman hərbi əsirləri...

Memarlıqda milli elementlər axtarışı


Arxivdə Hökumət evi ilə bağlı 1948-ci ilə aid maraqlı bir sənəd də var. Nazirlər Soveti yanında Arxitektura İdarəsinin rəis əvəzi E.Qasımzadənin Nazirlər Sovetinə göndərdiyi həmin məktubda deyilir ki, Hökumət evinin layihəsinin interyerinə baxış keçirilib. İşin keyfiyyətini yaxşılaşdırmaq üçün mütəxəssislər bir sıra təkliflər hazırlayıblar. Həmin təkliflərdə diqqətin daha çox milli memarlıq elementlərinin azlığına yönəldilməsi maraq doğurur: Binada “Bizans, gürcü memarlığı, modern üslub və s. hiss olunur ki, bu da yeni Azərbaycan memarlığına xas olan interyer barədə düşünməyə imkan vermir.

...İclas zalının divarları üçün parlaq ultramarin rəng seçilməsi Azərbaycan milli memarlığı üçün xarakterik rəng deyil. Bir çox detallar və ornamentlər Azərbaycan memarlğlından daha çox gürcü memarlığı nümunəsinə bənzəyir.

...Sürahilərin bəzəkləri zəngin və maraqlı işlənsə də, onun Azərbaycana aidiyyatı yoxdur.
...Nazirlər Soveti sədrinin kabineti. ...Son tamamlama işləri zamanı yaxşı olardı ki, detallar Azərbaycan memarlığına yaxınlaşdırılsın.
Nazirlərin kabinetləri. Ümumi mənzərə qəbul ediləndir, baxmayaraq ki, bu kabinetlərdə Azərbaycan memarlıq məktəbinə yad təsirlər hiss olunur” və s. və i.a.
Bu da 1948-ci ilin reallığıdır. Deməli, kim nə deyir-desin, hətta o illərdə də memarlıqda milliliyə xüsusi diqqət yetirən adamlar olub...

Hökumət evi istifadəyə verilir, lakin...

1951-ci ilin noyabrında artıq Hökumət evi, demək olar ki, hazır olur. Binanın rəsmi açılışı noyabrın 7-nə - Oktyabr inqilabının ildönümü gününə təyin edilir.
“Kommunist” qəzetinin 6 noyabr tarixli nömrəsində dərc olunmuş “Yeni Bakı” adlı yazıda deyilirdi: “Sabah yüz minlərlə bakılı Hökumət evi qarşısındakı meydandan keçərkən bu əzəmətli imarətə baxıb “mübarək olsun” deyəcəkdir”.



Növbəti gün – 1951-ci il noyabrın 7-də Oktyabr inqilabının 34-cü ildönümü ilə əlaqədar hərbi parad və nümayiş ilk dəfə bu meydanda təşkil olunur. Amma onda Hökumət evinə mübarək demək hələ tez idi. Çünki binanın içində çoxlu görüləsi işlər qalmışdı...

Bundan sonra da binaya dəfələrlə ayrı-ayrı komissiyalar baxış keçirir, çoxsaylı qüsurlar müəyyən olunur. Yalnız müəyyən əlavə və düzəlişlər aparılandan sonra - 1952-ci il dekabrın 4-də layihənin müəllifləri də binaya baxış keçirir və görülən ümumi işlərə qiymət verilir: xarici fasad - əla, həyət fasadları - əla, özülü və divarları – yaxşı və s. və i.a.

Nəhayət, 1954-cü il fevralın 3-də Azərbaycan SSR-in Nazirlər Soveti 117 nömrəli qərarı ilə Hökumət evini istismara qəbul edir. Həmin sənəddə Hökumət evinin tikintisinə 35 milyon rubldan çox vəsait xərcləndiyi də bildirilir.

Bəs Leninin heykəli?

Bina istismara qəbul olunanda onun qarşısında layihədə nəzərdə tutulan əsas element – Vladimir İliç Leninin heykəli yox idi. Hələ 1948-ci ilin fevralında layihənin müəllifləri Lev Rudnev və Vladimir Munts Bakıya göndərdikləri bir məktubda Leninin heykəlinin hazırlanmasına memar Fuad Əbdürrəhmanovun cəlb olunmasını xahiş etmişdilər. Lakin Azərbaycan SSR-in Nazirlər Soveti bu təkliflə razılaşmamış və heykəlin hazırlanması üçün müsabiqə elan etmişdi.

Elbəy Qasımzadənin dediyinə görə, ilkin layihədə Hökumət evinin qarşısında İosif Stalinin heykəlini qoymaq nəzərdə tutulub. Lakin Stalin təklifə etiraz edib və Vladimir Leninin heykəlinin qoyulmasını məsləhət görüb.

Müsabiqədə Azərbaycan heykəltəraşları Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Pinxos Sabsay və başqaları iştirak ediblər. Lakin münsiflər heyəti gənc olsa da, Cəlal Qaryağdının layihəsinə üstünlük verib. O, 1949-cu ildən həmin heykəl üzərində işləməyə başlasa da, binanın istismara qəbul edildiyi 1952-ci ildə heykəl üzərində işi başa çatdıra bilməyib.

Yeri gəlmişkən xatırladaq ki, Stalin burada öz heykəlinin qoyulmasına razı olmasa da, binanın yerləşdiyi meydana adının verilməsinə etiraz etməmişdi. Və Stalinin adını daşıyan bu meydanda ilk dəfə ən izdihamlı tədbir də məhz onun adı ilə bağlı təşkil edilmişdi, ölümündən sonra...

1953-cü il martın 5-də İosif Stalin vəfat edir, SSRİ-də 4 günlük matəm elan olunur. Martın 9-da Hökumət evinin qarşısında yüz minlərlə bakılının iştirakı ilə matəm mitinqi təşkil edilir.

Hökumət evinin qarşısında Leninin hündürlüyü 11 metr olan heykəlinin təntənəli açılış mərasimi isə bundan yalnız bir il səkiz ay sonra baş tutur. 1954-cü il noyabrın 6-da İosif Stalinin adını daşıyan meydanda Vladimir Leninin heykəli qoyulur. Təntənəli açılış mərasimində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov, xalq şairi Səməd Vurğun və başqaları çıxış edirlər.

Daha bir neçə il də keçəcək və həmin meydan Leninin adını daşıyacaqdı...

Qırmızı rəngli qapı-pəncərədən imtina

Sonrakı illərdə Leninin adını daşıyan bu meydanda hər il mayın 1-də zəhmətkeşlərin nümayişi, noyabrın 7-də isə sovet qoşunlarının hərbi paradı keçirilir... Zahiri əzəməti ilə müqayisədə içərisi çox darısqal iş otaqlarından ibarət bu binada o vaxtdan hökumət qurumları yerləşir. Bu gün də mütəxəssislər Hökumət evinin interyerindən narazıdırlar. Elbəy Qasımzadənin qənaətinə görə, interyerdə istifadəsiz sahələr olduqca çoxdur. Memarın sözlərinə görə, foye və pilləkanların genişliyi layihə müəlliflərinin bu binaya saray siması vermək istəyi ilə bağlı olub. Çünki burada saray memarlığının elementləri daha çoxdur.



Həqiqətən də Hökumət evinin içərisi saray memarlığı üslubunda tikilib. Elə qapıları da... Amma təəssüflər olsun ki, həmin 50-ci illərdə Hökumət evinin qapı-pəncərələrini qırmızı rənglə rəngləyiblər. Görünür, sovetlərin sevimli rənginə sədaqət rəmzi kimi...
Amma elə o vaxt da bunun əleyhinə çıxanlar tapılıb...

Hökumət evinin komendantı Qolberq yoldaşa
Hazırda Hökumət evinin çöl qapı və pəncərə çərçivələrinin yağlı boya ilə qırmızı rənglənməsi memarlığın tələblərini ödəmir.
Çöl çərçivələrin rənglənməsi üçün yalnız təklif olunan aşağıdakı iki rəngdən biri seçilməlidir (məktuba qəhvəyi tonlu iki rəng nümunəsi də əlavə edilib – M.H).
Hökumət evində qırmızı rənglə rənglənmiş bütün qapı və pəncərələr bizim təklif etdiyimiz iki rəngdən biri ilə yenidən rənglənməlidir...
İmza: Bakı şəhər Tikinti və arxitektura işləri şöbəsi müdirinin müavini Bədəlov.
3 mart 1957-ci il.


Yalnız belə bir göstərişdən sonra Hökumət evinin qapı-pəncərəsinin rəngi dəyişdirilir.

***

...Ötən əsrin 80-ci illərinin sonlarında bu meydan Azərbaycanda Azadlıq hərəkatının beşiyi olur. Hələ Vladimir Leninin adını daşısa da...
Yüz minlərlə insan azadlıq eşqi ilə Leninin əlini uzatdığı meydana toplaşır, amma daha Lenin “yolu” ilə getmək üçün yox...
Elə ona görə də tezliklə Azadlıq meydanı adını alır.
Azadlıq uğrunda ilk qurbanların – 20 Yanvar şəhidlərinin son mənzilə bu meydandan yola salınması da xalqın azadlıq eşqinə, Azadlıq ideallarına sədaqətinin göstəricisinə çevrilir.
Elə buna görə də o vaxtdan Leninin binanın qarşısındakı heykəlini Azərbaycanın üçrəngli əzəzmətli bayrağı əvəz edir.
Azərbaycan müstəqillik qazanandan bəri bu möhtəşəm meydanda əsasən dövlət tədbirləri təşkil olunur. Bu meydanda artıq bir qayda olaraq müstəqil Azərbaycan ordusunun hərbi paradı keçirilir, Azərbaycan əsgərinin ayaq səsləri eşidilir, burdan Azərbaycan Silahlı Qüvvələrinin texnikası keçir.
Son dəfə belə əzəmətli parad 2013-cü il iyunun 26-da – Azərbaycan Ordusunun yaradılmasının 95-ci ildönümü günündə təşkil olunub. Azərbaycan ordusunun qüdrətini dosta və düşmənə göstərmək üçün...


Teqlər:  





Xəbər lenti