`Qərarı Tarif Şurası verəcək, biz yox` - Məleykə Abbaszadə (VİDEOXƏBƏR)
O bildirib ki, abituriyentlərə verilən ərizə formasında onlar hansı imtahanda iştirak edəcəklərini qeyd etməlidirlər: “Yalnız may ayında, yaxud iyul ayında olan imtahanda, eləcə də hər iki imtahanda iştirak etmək istədiklərini ərizə formalarında bildirməlidirlər”.
DİM Direktorlar Şurasının sədri qəbul imtahanların iki dəfə keçirilməsi ilə bağlı yeniliyin bir neçə ildir ki, hazırlandığını bildirib: “ Əvvəlki illərin məzunları üçün may ayında imtahan keçirirdik. Cari ilin məzunları üçün isə iyun ayında imtahan keçirirdik. Çoxsaylı müraciətlər olurdu ki, abituriyentlər yaxşı nəticə etmək üçün ikinci şans əldə etmək istəyirdilər. Əvvəllər dövlət büdcəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası maliyyələşdirildi və hər bir abituriyentə ayrılan xərc müəyyən bir məbləğ idi. Biz onu təkrar edə bilməzdik. Çünki bu büdcənin artmasına gətirib çıxara bilərdi”.
M.Abbaszadə vurğulayıb ki, artıq bu xidmət pullu olduğu üçün abituriyentlər üçün əlavə imkan yaradılıb. “Elmi nöqteyi-nəzərdən qəbul imtahanların tamamilə uyğunluğu neçə ildir ki, müşahidə olunur. Bu, iki imtahan arasında korrelyasiya əmsalı yüksəkdir. Fikrimcə, abituriyent doğurdan da öz şanslarını istifadə etmək istəyir, onlar bu imkandan yararlana biləcəklər. Eyni zamanda, hər il sınaq imtahanları keçirirdik. Bu imtahanlar da abituriyentlər üçü bir imkandır. Düzdür, sınaq imtahanın nəticələri hüquqi nəticə vermirdi”.
“Bütün imtahanların tarixləri müəyyənləşdiriləndə və razılaşdırılanda ölkədə keçirilən beynəlxalq tədbirlər də nəzərə alınır” deyən Məleykə Abbaszadə bildirib ki Bakıda keçiriləcək beynəlxalq tədbir günlərində imtahanların olmamasına çalışılır.
M.Abbaszadə test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində təklifləri müvafiq nazirliklərə göndərdiyini deyib: “Test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işlər yarım ildir aparırılır. Son 3 il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya büdcəsində olan vəsaitlər necə xərclənməsinə dair bütün araşdırmalar hazırdır. Bu araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişdik. Hazırda bizim öz təkliflərimiz hazırdır. Təbii ki, bu qərar biz tərəfdən deyil Tarif Şurası tərəfindən qəbul ediləcək. Lazımi danışıqlar bu gündən başlanılıb”.
Aytən Zəhra
AzVision.az