Belorus və Qırğızıstan KTMT-ni dağıda bilər – TƏHLİL

Belorus və Qırğızıstan KTMT-ni dağıda bilər – TƏHLİL
  13 Fevral 2017    Oxunub:6825
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (1992) daxilində son illərdə yaşanan siyasi intiriqalar, təşkilata üzv ölkələrin dövlət başçıları arasındakı fikir ayrılıqları, o cümlədən, təşkilat daxilində Ermənistanla bağlı fikir hacalanması KTMT-nin bundan sonrakı varlığını təhlükə altında qoyur.

Bütün bunları fonunda Belarusiya və Qırğızıstanın Rusiyaya əks davranışları daha qabarıq nəzərə çarpır. Qurumun Ermənistanda keçirilən sonuncu samitində təşkilatın dağılması təhlükəsilə bağlı ilk işartıları aşkar görmək mümkündür. KTMT-nin lider dövləti Rusiya olsa da, Qırğızıstan öz ərazisindən rus hərbi bazasını çıxarır, Belorus isə ümumiyyətlə, rus hərbi bazasının yerləşdiriləcəyinə icazə verməyəcəyini açıqlayıb.

Maraqlıdır ki, Dmitri Medvedevin prezidentlik dönəmində Rusiya Qırğızıstanı müxtəlif yollarla "Manas" bazasını ABŞ-dan almağa sövq etmişdi. Hətta Bişkəkin 193 milyon 561 min dollarlıq dövlət borcunun 180 milyon dollarını silmiş, əlavə kreditlər vermişdi.

Bundan bir müddət sonra, yəni 2016-cı ildə Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevin Rusiyaya məxsus hərbi bazanı da bağlayacağını elan etməsi xüsusi mətləblərdən xəbər verir. Vaxtilə Qırğızıstanı ABŞ-a qarşı bu addımı atmağa həvəsləndirən Rusiya indi özü eyni situasiya ilə qarşı-qarşıyadır. Hər iki ölkənin KTMT üzv olması isə onu deməyə əsas verir ki, təşkilatın daxilində laxlama var. Sözsüz ki, bu KTMT-nin mövcudluğuna zərbə vura bilər.

Atambayevin bu qərarla bağlı açıqlaması da xüsusi maraq doğurur. O, bildirir ki, "Qərar kimlərinsə xoşuna gəlməyə bilər. Ancaq mən bu fikrimi Rusiya dövlət başçısı Vladimir Putinə də demişəm və o, məni başa düşdü...”

Minskin son dövrlərdəki addımları da KTMT-ni zəiflədir. Belorusun Avrasiya İttifaqından çıxacağı ilə bağlı yayılan xəbərlər də bu qəbildəndir. Minskin Rusiya ilə sərhədləri müəyyənləşdirməsi, Moskvanın isə Belorusa satdığı neftin və qazın həcmini azaldaraq, qiymətini artırması, “qardaş” adlandırdığı ölkədə hərbi baza qurmaqda israrlı olması tərəflər arasında yaşanan gərginliyi bir qədər də alovlandırır.

Belorus prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın siyasətinin tənqidinə fokuslanmış son yeddi saatlıq çıxışıAvrasiya İttifaqı, o cümlədən, KTMT ilə bağlı ixtilafın başladığını bir daha ortaya qoydu. Lukaşenkonun Avrasiya İttifaqının ucbatından ölkəsinin 15 milyard dollar itirdiyini açıqlaması heç də adi qarşılanacaq açıqlama deyil.

İstər Qırğızıstan, istərsə də Belorusun Rusiya ilə yaşadığı böhrandan belə görünür ki, həmin ölkələrin birləşdiyi KTMT və Avrasiya İttifaqında daxili deformasiyalar başlayacaq. Bu isə bütövlükdə MDB məkanında geosiyasi vəziyyəti ağırlaşdıra bilər. Eyni zamanda, regional münaqişələrin daha da qəlizləşməsi, yenilərinin yaranması da mümkündür.

Fərrux Həsənov

AzVision.az


Teqlər:  





Xəbər lenti