ABŞ ReAl-ı maliyyələşdirməkdə davam edəcəkmi?

  04 Fevral 2017    Oxunub : 4806
ABŞ ReAl-ı maliyyələşdirməkdə davam edəcəkmi?
Elvin Abdulqədirov

Qərb institutları tərəfindən maliyyələşən, Qərb dəyərlərini təbliğ edən bir təşkilatın – ReAL-ın,- birdən-birə üzünü Şərqə çevirməsi, güclü ABŞ dollarını İran rialına dəyişməsi sizcə də təəccüblü deyilmi? Əlbəttə, təəccüblüdür və elə buna görə də dövlət təhlükəsizliyinə təhid ola biləcək məsələ kimi araşdılmalıdır.

İndi qayıdaq ən başa - İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin ikinci katibi Mehdi Arif-zadə ilə ReAL-ın icra katibi Natiq Cəfərli, idarə heyətinin üzvləri Azər Qasımlı və Erkin Qədirli arasında keçirilən görüşə. Verilən məlumat budur ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, gələcəkdə Azərbaycan ilə İran arasındakı iqtisadi, siyasi və mədəni inkişaf perspektivləri müzakirə edilib. Görüş barədə ilk məlumatı ReAL-ın özü yayır. Təşkilat bunu “şəffaf” fəaliyyət göstərməsinin əlaməti kimi izah edir. İran tərəfi isə susur.

Görüşün gizli tərəfi – yəni ReAL-ın İrandan maliyyə vəsaiti alması barədə məlumatın yayılmasında sonra təşkilat artan ictimai təzyiqlər fonunda bəyan etdi ki, pul almayıblar, görüş İran tərəfinin istəyi ilə baş tutub.

İlk sual budur: görüşü kim təklif edib? ReAL-ın “mətbəxinə” bələd olan mənbələrdən əldə etdiyimiz məlumata görə, görüş məhz ReAL-ın istəyilə baş tutub. Özü də şəxsən hazırda həbsdə olan ReAL sədri İlqar Məmmədovun istəyi ilə.

Başqa sözlə, ReAL-çıların İranlı diplomatla görüş keçirmələri və İrandan pul almağa razılıq vermələri hazırda həbsdə olan İlqar Məmmədovun göstərişilə baş tutub. İlqar Məmmədov özü şəxsən adamlarına tapşırıb ki, İrana üz tutun. Bu zaman isə ikinci sual meydana çıxır: Qərbdən maliyyələşən bir təşkilat nədən İrana üz tutsun?

Məsələ belədir: İlqar Məmmədovun həbsxanadan göndərdiyi məlumatda vurğulanır ki, Qərb bizim üzərimizdən xətt çəkib, özümüzə yeni maliyyə qaynağı tapmalıyıq. Yəni, səbəb İlqar Məmmədovun ABŞ-la bağlı narazılığıdır. O, hesab edir ki, amerikalılar onu çox zəif müdafiə edirlər. Hətta, həbsdə qalmağının səbəblərindən birini də bunda – yəni ABŞ-ın ona kifayət qədər dəstək verməməsində görür. Ona görə də bir növ amerikalılara “üz bozartmağı” qərara alıb.

Amma işin başqa tərəfi də var: ABŞ bu addıma necə reaksiya verəcək? Təşkilatın maliyyəsi kəsiləcəkmi?

ReAL-ın İrana doğru ilk addımı atması və təşkilatın proqram sənədlərinə Azərbaycanda islam məsələsilə bağlı korrektələr etməyə razılaşması, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə etməsi ABŞ tərəfindən narahatlıqla qarşılanıb. İranlı diplomatın ardınca ABŞ səfirliyinin öz nümayəndələrini təşkilatın ofisinə göndərməsi kifayətdir ki, məsələnin ciddiliyini anlayasan.

Məlum olduğu kimi, Vaşinqtondakı yeni administrasiyasının İrana münasibəti birmənalı deyil. Necə ola bilər ki, Amerikanın nəzarətində olan bir təşkilat İrandan pul alsın və bunu gizli tutmağa çalışsın? Ehtimal ki, ABŞ səfirliyinin nümayəndələri artıq bu sualı ReAL-çılara veriblər. Lakin bu hadisə ilə etibarı sarsılan REAL-a əvvəlki münasibət sərgilənəcəkmi? Sualın cavabını yaxın gələcəkdə birlikdə alacağıq.

AzVision.az

Teqlər: