`Take 6` caz qrupu Bakıda çıxış edib - Video

`Take 6` caz qrupu Bakıda çıxış edib - Video
  09 Dekabr 2016    Oxunub:2040
Məşhur “Take 6” vokal seksteti dekabrın 8-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. ABŞ-ın ən çox titul qazanan, eləcə də on dəfə “Qremmi” mükafatı laureatı olan akapella qrupu qospel, caz, R&B və pop musiqi janrlarında ifa edir.
AzVision.az xəbər verir ki, “Take 6” (Klod Maknayt, Mark Kibl, Coel Kibl, Deyv Tomas, Elvin Çea, Kristian Dentli) Bakı tamaşaçılarına müxtəlif üslubların sintez olunduğu, özünəməxsus improvizələrlə zəngin konsert proqramı təqdim edib. Qrup Çarli Çaplinin “Smile” mahnısı kimi dünya hitlərini, Piter Qebriel və Stinqin kompozisiyalarını və s. ifa edib. Hər çıxışdan öncə tamaşaçılarla səmimi ünsiyyət quran musiqiçilər insanın vokal imkanlarının sərhədsiz olduğunu nümayiş etdirib, izləyicilərə unudulmaz gecə yaşadıblar.

Qeyd edək ki, qrup 1980-ci ildə ABŞ-ın Alabama ştatındakı Okvud Kollecində Klod Maknayt tərəfindən “The Gentleman’s Estate Quartet” adı ilə yaradılıb. Kollektiv daha sonra “Alliance” kimi tanınıb. 1987-ci ildə “Reprise Records” şirkəti ilə müqavilə bağlayan zaman artıq eyniadlı musiqi kollektivinin olduğu bəlli olub və qrup “Take 6” adlandırılıb.

“Take 6” qrupunun ilk albomu dinləyicilərin, caz, pop tənqidçilərinin rəğbətini qazanıb və bununla da kollektiv məşhurlaşıb. Ümumiyyətlə, bu möhtəşəm “6-lığın” hər bir musiqi albomu dünya cazında hadisəyə çevrilib və milyonlarla tirajla satılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti