Mətbuat Şurası müsabiqə elan edib
I. Müsabiqənin məqsədi
Ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslər fonunda milli özünüdərkin geniş vüsət alması yekunda Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə nəticələndi. İki ilə yaxın mövcud olmuş respublikanın istər təşəkkül tapmasında, istərsə də varlığının qorunmasında dövrün görkəmli şəxsiyyətlərinin, o cümlədən dost və qardaş ölkə olan Türkiyənin tarixində mühüm rola malik tanınmış simaların xidmətləri ilə də bağlıdır. Bu mənada ilk növbədə paytaxtımız Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdələrindən sayılan Nuru paşanın rolunu xüsusi vurğulamaq lazımdır. Bu kimi tarixi şəxsiyyətlərin şərəfli ömür yoluna, ictimai-siyasi baxışlarına, onların türk dünyasına xidmət missiyalarına əhatəli yanaşmaq hər zaman qarşıda duran mühüm vəzifələrdəndir. Müddətsiz olaraq reallaşdırılacaq “Azərbaycan Xalq Cumhuriyyəti; tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsinin də əsas hədəfi budur. Layihənin hər mərhələnin AXC ilə bağlı konkret hadisəyə və şəxsiyyətlərə həsr olunması nəzərdə tutulur.
Layihə çərçivəsində elan olunan müsabiqə isə Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmağı, milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqət saxlamağı, mövcud istiqamətdə yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmağı nəzərdə tutur.
II. Müsabiqə şərtləri
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər. Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək; Materialların mövzunu əhatə etmə səviyyəsi; Faktlardan istifadə xüsusiyytələri; İfadə vasitələrinin zənginliyi; Oxucu üçün informasiyalılıq dərəcəsi. Müsabiqəyə 2013-cü ilin avqust ayının 15-dən sentyabr ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır; Yazıda “Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.
III. Yazıların təqdim edilməsi
Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.
Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən çap olunmuş print-skrin variant təqdim edilməlidir. Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.
Yazılı formada (A4 formatlı kağız vərəqində) təqdim olunmuş 3 nüsxənin hər birində, habelə elektron formatlı (diskdə, Times New Roman şriftində) təqdimatda materialın müsabiqə üzrə müəyyənləşdirilmiş hansı istiqamətə uyğunluğu ayrıca qeyd edilməlidir.
Yazılar 2013-cü ilin avqust ayının 15-dən sentyabr ayının 10-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
IV. Mükafatlandırma
Müsabiqədə 1 birinci, 2 ikinci və 3 üçüncü yer, həmçinin 10 həvəsləndirici mükafat nəzərdə tutulub.
I yer - 800 manat;
II yer - 500 manat;
III yer - 300 manat.
Həvəsləndirici mükafat – 100 manat Müsabiqə laureatlarının adları sentyabr ayının 15-dək açıqlanacaq. Əlaqə telefonu:
(012) 441 35 96
(050) 534 93 26
(055) 201 99 26
(050) 623-26-88