Çöhrəqanlı da Bakıya gələsi olmadı

Çöhrəqanlı da Bakıya gələsi olmadı
  14 Avqust 2013    Oxunub:1122
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı avqustun 15-də Azərbaycana gələcəyini deyib. “Amerikanın Səsi”nə müsahibədə o, artıq viza üçün müraciət edildiyini, lakin hələlik cavab almadığını bildirib.
Azərbaycana səfərinin məqsədləri və məramlarına açıqlıq gətirən M.Çöhrəqanlı mənəvi dəstəyə ehtiyacı olduğunu deyib.

M.Çöhrəqanlı həmçinin Azərbaycan rəsmiləri, iqtidar, müxalifət və QHT təmsilçiləri ilə Güney Azərbaycan problemlərini müzakirə etmək istədiyini qeyd edib.

GAMOH liderini Azərbaycana dəvət edən qurumu aydınlaşdırmaq üçün müraciət etdiyimiz Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirib ki, vaxtilə M.Çöhrəqanlının Azərbaycana gəlməsinə icazənin verilməsi barədə müraciət etsə də, cavab almayıb: “Amma bu məsələ səfirliklə bağlıdır. Mahmudəli bəy də ABŞ-dakı Azərbaycan səfirliyinə müraciət edib. Səfirlik icazə versə, gələcək, icazə verməsə, gəlməyəcək. O, bizə bağlıdır, yəni DAK-ın Məşvərət Məclisinin sədridir, gəlsə, gözümüz üstə yeri var, qarşılayarıq. Amma xüsusi bir proqram yoxdur. Sadəcə darıxır, gəlmək istəyir, neçə illərdir arzusudur. Türkiyəyə də gedə bilmir, bura da. Odur ki, gəlmək niyyəti var və sənədlərini səfirliyə təqdim edib. Əgər razılıq olsa, gələr”. S.Rüstəmxanlı onu da deyib ki, ki, M.Çöhrəqanlının Azərbaycana icazəsiz gəlməsinin mənası yoxdur: “Çünki orda icazə verilməsə, demək burda da verilməyəcək. Vizasız gəlsə, təbii ki, əvvəlki kimi geri qaytaracaqlar”.

XİN-in mətbuat katibi Elman Abdullayev isə “Yeni Müsavat”a bildirib ki, onun sənədlərinin Azərbaycan tərəfinə təqdim olunması ilə bağlı nazirlikdə hər hansı məlumat yoxdur.(Yeni Müsavat )


Teqlər:  





Xəbər lenti