Milli Şuranın fəalı çadraya bürünüb Naxçıvandan qaçıbmış
Bu yazı saytımızda yayılandan sonra Naxçıvanın Nehrəm kəndinin sakini Ələkbər Əlizadə mövzu ilə bağlı əlavə açıqlamalar verib:
- Sovetlər zamanında hamı diktator idi. Nurəddin Mustafayev də onların biri idi. Bu adam 1988-ci ildə naxçıvanlılar haqqında artıq-əskik danışmışdı. Demişdi ki, Naxçıvanda guya kişi yoxdur. Bizim Nehrəm kəndinin camaatı da bu sözdən sonra etiraza qalxdı, mitinqlərə başladı. Nehrəmlilər kənddən çıxıb Naxçıvan şəhərinə qədər 10 kilometr yolu piyada getdilər. Babək rayonunda milislər istədilər əhalini dayandırsınlar, amma dayandıra bilmədilər. Kontor vardı, camaat bilirdi ki, oranınn anbarında Heydər Əliyevin şəkilləri var. Oranı açdılar, anbardan Heydər Əliyevin 100-ə qədər portretini götürdülər. “Vəzirova ar olsun”, “Əliyev” deyə-deyə Naxçıvana gəldik. Nurəddin Mustafayev də onda Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi idi. Naxçıvanlı milislərin hamısı onun bu sözünə etiraz edirdi. Biz vilayət Partiya Komitəsinin binasının qarşısına çatanda Naxçıvanda demək olar ki, 50 minə yaxın adam yığışmışdı. Milis də hər tərəfdən düşüb yolları açırdı ki, camaat toplaşa bilsin. Çünki bu adama nifrət vardı. Ramil Usubov o dövrdə Naxçıvanın daxili işlər naziri işləyirdi. Nazirlikdə Namiq Həsənov vardı, o da kömək edirdi, yolları açırdılar ki, qəzəblənmiş camaat evləri dağıtmasın. Əhali Nurəddin Mustafayevə etiraz olaraq “Vəzirova istefa!” deyir, vilayət Partiya Komitəsinin binasını daşa basırdı. Binanı dağıtdılar.
- Bəs milis müdaxilə etmədi?
- Dedim axı. Yerli milis də bu adama nifrət edirdi. Heç kim yaxına dura bilməzdi. Mane ola bilməzdilər. Məsələyə sovet ordusu müdaxilə etdi. Yalnız bundan sonra ara sakitləşdi.
- Camaatı dağıtmaq üçün tanka-topa əl atdılar?
- Bəli, camaatı tankla dağıtmaq istəyirdilər. Bunu Nurəddin Mustafayev təşkil eləmişdi. Ruslara demişdi ki, xalqa hücum edin. Bizim nehrəmlilər tankları yandırdılar. Yanıq maşınlar neçə gün orada qaldı. Dedilər Nurəddin danışsın. Mən dedim ki, Heydər Əliyevin şəklini tut, danış, o da razılaşmadı. Ona mikrofon verdilər. Onda mən cibimdəki bıçağı çıxarıb onun mikrofonunun şnurunu kəsdim. Vəziyyəti gərgin görən Mustafayev axırda danışdı və dedi ki, “Heydər Əliyev mənim də ağsaqqalımdır, amma hələ də barmağı burdadır”. Mitinqdən sonra məni tutdular və 3 gün milisdə saxladılar. Mən eşitmişdim ki, o, qızılla rüşvət alır. Deyirdilər “raypoittifaq”ın sədri Nurəddinə 25 kilo qızıl vermişdi ki, işində qalsın. Bu adam sırf kommunist təfəkkürlü idi. Dinə hörməti yox idi. Hətta Naxçıvan kimi dindar bölgədə Məhərrəmliyi qadağan etmişdi, Aşura mərasiminin keçirilməsinə də icazə vermirdi. Naxçıvanda ona hörmət yox idi. Axırda Nurəddin Mustafayevin vəziyyəti o qədər pisləşdi ki, Naxçıvandan çadraya bürünmüş vəziyyətdə çıxıb qaçdı.
Jalə
Teqlər: