`Müsavat Milli Şuraya 6 gün vaxt verdi`

`Müsavat Milli Şuraya 6 gün vaxt verdi`
  13 Avqust 2013    Oxunub:1136
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuranın ötən gün keçirilən sessiyasını dəyərləndirib.
İcra Aparatının rəhbəri toplantıda Müsavat Partiyasının yeni təklif irəli sürdüyünü bildirib. Təklif ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakı üçün hər hansı siyasi-hüquqi problem yaranarsa, başqa bir namizəd irəli sürülməli və ehtiyat namizəd olmalıdır.

“Yəni, Rüstəm İbrahimbəyov özündən, Azərbaycan cəmiyyətindən və Milli Şuradan asılı olmayan səbəblərdən prezidentliyə namizəd ola bilməyəcəksə, qurumun əvvəlki konsepsiyası saxlanmaqla, seçkilərdə hər hansı partiya üzvü olmayan ziyalılardan birinin vahid namizədliyi ilə iştiraka dair qərar qəbul edilməsi təklif olundu. Milli Şuranın bəzi üzvləri bu qərarı müdafiə etdi. Eyni zamanda biz bütün bu məsələləri həll etmək üçün avqustun 16-dan gec olmayaraq Milli Şuranın sessiyasını keçirtməyi təklif etmişdik. Lakin bu müzakirələrin avqustun 19-da keçirilməsi məqsədəuyğun sayıldı. Yəqin ki, Milli Şuranın avqustun 19-da keçirilən sessiyasında Milli Şura formatında vahid namizədlə seçkilərdə iştirak etmək təklifimizi yenidən təkrarlayacağıq. Əgər bu məsələ avqustun 19-da yenidən təxirə salınsa, gözləmək kimi təkliflər səslənsə, biz artıq digər qərar qəbul etmək üçün müzakirələrə başlayacağıq”.

Partiya funksioneri qeyd edib ki, Müsavat Partiyası Milli Şuranın avqustun 12-də keçirilən sessiyasından sonra öz mövqeyini qətiləşdirməli idi: “Lakin partiya növbəti dəfə güzəştə getməyi qərarlaşdırdı. Buna ilk növbədə Rüstəm İbrahimbəyovun avqustun 15-dək problemləri həll edəcəyi haqda açıqlaması səbəb oldu. Bu səbəbdən də Milli Şuranın növbəti toplantısının 16 avqustda keçirilməsini təklif etmişdik. Təəssüf ki, proses daha 4 gün uzadıldı”.

Arif Hacılı əlavə edib ki, Milli Şura seçkilərdə iştirak məqsədilə yaradılıb: “Rüstəm İbrahimbəyov hansısa siyasi partiyanın üzvü olmadığı, bütün siyasi qüvvələrin razılığa gələ biləcəyi namizəd olduğu üçün Milli Şura adından vahid namizəd kimi irəli sürülüb. Müsavat Partiyası isə öz növbəsində Rüstəm İbrahimbəyovun seçkidə iştirak edə bilməyəcəyi təqdirdə, başqa bir namizədin irəli sürülməsini təklif edib. Görünür bizim bu mövqeyimiz Milli Şuradakı bəzi təşkilatların maraqlarını təmin etmir. Bilirəm ki, Milli Şurada əslində seçkiləri boykot etmək meylində olan təşkilatlar var. Eyni zamanda yalnız Rüstəm İbrahimbəyovun namizədliyi şərtilə seçkilərdə iştirak etmək mövqeyində olan siyasi qurumlar mövcuddur. Biz bu mövqelərə hörmətlə yanaşırıq, lakin bunu yanlış hesab edirik”. (apa)


Teqlər:  





Xəbər lenti