İlham Əliyevə necə təşəkkür etməyim? - FOTOLAR

İlham Əliyevə necə təşəkkür etməyim? - FOTOLAR
  12 Avqust 2013    Oxunub:1854
Almaniyada leykoz xəstəliyindən müalicə olunan və yenicə vətənə qayıdan tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağlar son durumu və bundan sonrakı fəaliyyəti ilə bağlı “Yeni Müsavat” a danışıb:

- Öncədən xəstəliyimdən xəbərim olmayıb. Yanvar ayından burnumdan qan gəlməyə başladı. Demək olar ki, hər gün burnumdan qan gəlirdi. Vaxtın azlığından, digər problemlər üzündən o qədər də ciddiyə almırdım. “Adi bir şeydir” deyə keçib gedəcəyini düşünürdüm. Burnuma pambıq qoyub işləyirdim. Bu vəziyyət may ayına kimi davam etdi. Daha sonra çəki itirdim, yemək yeyə bilmirdim və səhərə kimi oyaq olurdum, yuxum ərşə çəkilmişdi. Qarın nahiyəmdə böyük bir şiş yaranmışdı. Bir gün evdə oturduğum yerdə burnumdan çox böyük qanaxma başladı. Üstüm, ev-eşik tamamilə qan oldu. Yoldaşım heç bilmədi nə etsin. Təcili Yardıma zəng vurduq. Həkimlər gördükləri mənzərə qarşısında dəhşətə gəlmişdilər. Hər yer qan idi. Burnuma buz tutaraq məni Bakı Şəhər 4 Saylı Xəstəxanaya apardılar. Yandırma yolu ilə qanı bir qədər kəsməyə çalışdılar. Həmin vəziyyətdə evə gəldim. Ertəsi gün Gəncəyə getdik. İstəyirdim ki, uşaqlar bir qədər istirahət etsinlər. Eyni vəziyyət Gəncədə də oldu. Qaynım məni 3 Saylı Şəhər Xəstəxanasısa apardı. Burun-qulaq həkimi Nazim həkim mənə dəqiq diaqnoz qoydu, dedi vəziyyət ciddidir. Təcili qan analizi verməli, UZİ və terapevtdən keçilməlidir. Dediklərini etdim. Qarın nahiyəmdən müayinə olunan zamanı məlum oldu ki, qaraciyərim partlamaq səviyyəsinə çatıb. İlk olaraq xəstəliyimin leykoz olduğunu mən orda öyrəndim. Müalicəm üç ölkədə həyata keçirilib. Azərbaycan həkimləri mənə dəqiq diaqnoz qoyub, gürcü həkimlər xəstəliyimin sürətlə getməsinin qarşısını aldılar, alman həkimləri isə məni həyata qaytardılar. Mənim bu gün həyata qayıtmağımın arxasında isə Azərbaycan dövləti, onun başçısı İlham Əliyev dayanır. Artıq ayaqdayam, xəstələnməmişdən qabaq necə idimsə indi də eləyəm. Mənimlə maraqlanmaq üçün xüsusi qrup ayrılmışdı. Ən xırda problemimi belə həll edirdilər. Bütün lazımı müalicə və müayinələrdən keçirildim.


- Almaniyada hansı müayinə və müalicədən keçdiniz?

Almaniyada xüsusi müalicə proqramından keçdim. Təkcə qanımdan yox, kompleks analiz verdim. Psixoloq müayinə və testlərindən keçdim. Hər bir şeyimə nəzarət edir, mənə diqqət və qayğı göstərirdilər. İlikdən analiz verdim. O ağrıları sözlə təsəvvür etmək çox çətindir. Heç düşmənimə belə o ağrını arzulamıram. Sinəmə mil salıb, onurğamın içindən ilik nümunəsi aldılar. Biopisiya deyilən əməliyyatı yenidən keçirəcəyəm. Oktyabr ayında Almaniyaya gedəndə qərar verəcəklər ki, mənim xəstəliyim müalicə və yaxud ilik köçürmə ilə tam aradan qaldırıla bilər. Bu dəfə qardaşım da mənimlə Almaniyaya gedəcək və ola bilsin ki, onun iliyindən mənə köçürülsün.

- Bəziləri sizin prezidentə təşəkkürünüzü birmənalı qarşılamadılar, bu barədə nə deyə bilərsiniz?

- Çox təəssüf edirəm ki, belə insanlar da var. Mən kəfəni cırmışam. Mənim o vəziyyətimi heç kəs görməyib. Əslində, mən heç kəsi qoymurdum ki, xəstəliyimlə bağlı kiməsə nəsə desinlər. Mənim xəbərim olmadan həyat yoldaşım ən yaxın dostum, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədliyə məlumat verib. Hər şey bundan sonra başladı. Xəstəliyim haqqında informasiya “Yeni Müsavat” qəzeti və “musavat.com” saytında gedəndən sonra artıq mənim digər dostlarım - Ceyhun Musaoğlu, Elbrus Ərud, Rauf Arifoğlu, Vüsalə Mahirqızı mənə çox böyük dəstək verdilər. Böyük bir kampaniya başladı. Azərbaycan mətbuatının gücünü və həmrəyliyini çox yaxşı gördüm. Çox təəssüflər olsun ki, mənim xəstəliyimə, daha doğrusu həyata yenidən dönməyimə prosesdə öz dünya görüşləri ilə yanaşanlar da oldu. İllərdir uğurunda sağlamlığını, gəncliyini itirən, sənlə bərabər küçədə döyülüb, xəstəxanalıq olan jurnalist haqqında o sözləri demək insanı çərçivəyə sığmayan bir hərəkətdir. Facebookda yazdıqları yaramaz və yaraşmayan statuslar məni qətiyyətlə narahat etmir. Bu gün həyatdayam, ailəmin başındayam, övladlarımla bir yerdəyəm. Bundan gözəl nə ola bilər mənə. Məni dünyaya qaytaran adama təşəkkür etməyim? Son günlərimi yaşayırdım. Bəlkə də onlar mənim ölməyimi istəyirlərmiş? 3-5 gün yada salacaqdılar. İtirən isə mənim balalarım və yaxınlarım olacaqdı. Ailəm başsız qalacaqdı. Almaniyada olarkən Rauf Arifoğlunun bir yazısını oxudum. Bir xüsusi söz mənim çox xoşuma gəldi. Rauf bəy yazmışdı ki “məşğulatınızı davam edin, döşüyün gəlsin...”. Həmin sözü mən də onlara aid edirəm.

- Mətbuat Günündə prezident sizə də ev verdi, kirayədən qurtulduz, xəbəri necə qarşıladız?

- Bu xəbəri də Gürcüstanda olarkən aldım. Bundan öncə bir məqamı qeyd edim, iyul ayının 10-da mənim ikinci dəfə doğulduğum gündür. Tamamilə hər yerdən əli üzülmüş, ümidini itirmiş bir vəziyyətdə həyatın bitdiyini qətiləşdirmişdim. Hər şeyə - evimə, övladlarıma, həyat yoldaşıma sonuncu dəfə baxırmış kimi baxırdım. Belə bir vəziyyətdə mənə xəbər gəldi ki, prezident İlham Əliyev müalicəmi öz üzərinə götürüb. O anları sözlə ifadə etmək çox çətindir. Bu məndə psixoloji cəhətdən çox böyük müsbət dəyişikliyə səbəb oldu. Öz-özümə yaşayacağımı düşündüm. Mətbuat günündə ev almağımla bağlı xəbər də məni hədsiz sevindirdi. İllərdir kirayədə yaşayıram. Jurnalist maaşımla ev almağım çox çətin olacaqdı. Sağ olsun, dövlət başçısı mənə həmin binadan ev verilməsi ilə bağlı göstəriş verdi.

- Xəbər saytının rəhbərisiz. İşləriniz hansı durumdadır?

- Yay tətilinə çıxmışıq. Teleqraf.az-ın kollektivi tətildədir. Gələcək fəaliyyətlə bağlı xeyli planlarım var. Sağlığıma tam qovuşum, həmin planları həyata keçirməyi düşünürəm. Hələ övladlarımla görüşməmişəm. Onlar Gəncədədirlər. Bir qədər istirahət etmək istəyirəm. Çox ağır müalicə prosesindən keçmişəm.

Qalereya




Teqlər:  





Xəbər lenti