`Ağıldan bəla` xəstəliyi

`Ağıldan bəla` xəstəliyi
  08 Avqust 2013    Oxunub:5563
Bir çox insanın özünün də xəbəri olmadan yoluxduğu adsız bir xəstəlik növü var: insanın öz ağlını həddindən artıq bəyənməsi və dünyada hər kəsdən, hər şeydən çox öz ağılına etibar etməsi. Bu insan ətrafındakı hər bir hadisəni hamıdan yaxşı qavradığını, hər bir insanı çox yaxşı tanıdığını zənn edir. Hər bir mövzuda mümkün ola biləcək ən doğru analizləri özünün etdiyinə inanır.
Demək olar ki, tanıdığı hər bir insan haqqında özünə görə müəyyən diaqnozları var və bunların ən doğru diaqnoz olduğundan tam əmindir. Kim nə deyirsə-desin, hadisələrə və insanlara başqa bir aspektdən baxa bilməsi mümkün deyil. Belə olan halda, həmin insana nə qədər sübutlar, nə qədər məntiqli açıqlamalar etsən də fayda verməz. Bu insan yalnız öz bildiyinə inanır, yalnız öz bildiyi kimi düşünür və öz bildiyini tətbiq edir.

Heç vaxt hadisələrə, insanlara və yaşadıqlarına başqa aspektdən baxmır. Özündən çox əmindir. Hadisələrin tamamilə fərqli yönlərinin ola biləcəyindən, münasibətlərin tamamilə fərqli məqsədlər daşıya biləcəyindən şübhə belə etmir. Hadisələrin özünün görə bildiyi tərəfləri ilə yanaşı, görə bilmədiyi tərəflərinin də ola biləcəyini düşünmür, hadisələr və insanlar haqqında qəti hökmlər verir.

Bu cür insanların başqa bir xüsusiyyəti də öz mənfəətlərini getdikcə daha çox düşünmələridir. Hər şeyə öz dünyagörüşü və ön mühakimələrilə baxdıqları üçün fikirlərinə saxta sübutlar tapmaqda heç bir çətinlik çəkmirlər. Getdikcə özlərindən başqa heç kəsə qulaq asmayacaq və mənəvi cəhətdən heç bir həqiqəti görə bilməyəcək qədər korlaşırlar. Bu mənəvi korluq nəticəsində özlərini yanlış bir yola və təhlükəli sona doğru apardıqlarını dərk etməyəcək hala gəlirlər.

Bütün bunların nəticəsində də həqiqi mənada "ağıllı" olmaq xüsusiyyətlərini itirirlər. Yaxşını pis, pisi yaxşı, gözəli çirkin, çirkini gözəl, doğrunu yanlış, yanlışı doğru qəbul etməyə başlayırlar. Qarşılaşdıqları yaxşılıqların altında pis niyyətin olduğundan əmindirlər. Ya da onlara göstərilən gözəl bir rəftarın ardında başqa bir məqsəd olduğu qənaətinə gəlirlər. Heç bir qüsur tapa bilmədikləri normal bir rəftara isə "süni və təbii olmayan" mənası verirlər. Nəfslərini tərbiyələndirən bir münasibəti ədalətsiz, mərhəmətsiz, sevgisiz rəftar olaraq xarakterizə edirlər. Daha gözəl əxlaqlı olmalarına vasitəçi olacaq bir hadisəni öz əleyhlərində zənn edir, insanların üzlərinə baxaraq mənalar çıxarır, sırf baxışlarından dolayı insanlar haqqında mənfi fikirlər yaradırlar. Bunun kimi daha bir çox hadisələrdə qoyduqları çox saylı diaqnoz var. Ətrafındakı insanlar nə qədər bunun əksini söyləsələr də doğruları görməyə onları razı sala bilməzlər.

İnsanlar düşdükləri bu vəziyyətin zərərini və təhlükəsini ilk əvvəl o qədər də yaxşı qavraya bilmirlər. Halbuki bu xarakter tədbir görülmədiyi təqdirdə insanı dünyada da, axirətdə də bədbəxt edə biləcək çox təhlükəli xəstəlikdir. İnsanı daima yanlış düşündürən, lazımsız qərarlar verməyə vadar edən, insanlardan uzaqlaşdıran, gözəl olan hər şeyi məhv edib korlayan bir dünyagörüşüdür.

Belə bir vəziyyətə düşən insanın edəcəyi ən əsas şey - analizlərini, mənfəətlərini bir kənara qoymaqdır. Həyatı boyunca baş verən hadisələrə hikmət gözü ilə baxması, hər yaşadığı hadisədə səbir və təmkin sərgiləməsi gərəkdir. Bir çox dərin düşünən insanların fikirlərini rəhbər tutaraq hər bir analizini muqayısəli təhlil əsasında reallaşdırmalıdır. Elminə və mənəvi aləminə etibar etdiyi səmimi insanlarin məsləhətlərinə tabe olmalı, ona yönəldilən və sağlam şuura əsaslanan istənilən çağırışa qulaq asmalıdır. Ağlına, məntiqinə nə qədər zidd gəlirsə-gəlsin, bu nəsihətlərə heç bir şəkildə mənfi münasibət bəsləməməlidir.

Digər tərəfdən, insanın öz ağlından bu qədər əmin olması, içində olan təkəbbür hissinə görə bir qədər qorxub çəkinməsi və dərhal nəfsini, iradəsini tərbiyələndirməsi lazımdır. Çünki insane, ona bəxş olunan məhdud ağıla malikdir və çox acizdir. Özündən bu qədər razı olması üçün heç bir səbəbi yoxdur. Belə bir təkəbbür hissi və özündən razılığı onun acizliyi və zəifliyindən başqa bir şey deyil. Bu səbəbdən, ən qısa zamanda və ən qəti şəkildə bu qusurlardan qurtulmalı, mütləq və mütləq doğrulara və həqiqətə söykənən mənbə tərəfində durmalıdır.

Haqsız yerə lovğalanmanın faydası yönlərini düşünməli, bu əxlaqın gətirə biləcəyi peşmançılıqdan özünü sığortalamalıdır.

Zaur Rzayev
AzVision.az üçün


Teqlər:





Xəbər lenti