Şeyxülislam Azərbaycan xalqını təbrik edib
“Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Möhtəşəmliyi və sevinci hədsiz olan bu ülvi bayram insanlara səadət və hədsiz fəxarət bəxş edir. Qoy İslam dininə sədaqətini nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun. Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.
Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, işğal altında olan torpaqlarımızın, inşallah, tezliklə azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin. Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun böyük yolunun davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın daha artıq tərəqqisi naminə fəaliyyətində böyük uğurlar diləyirlər. Builki Ramazan bayramı xalqımızın, dövlətimizin həyatında mühüm hadisə olan Prezident seçkilərinə hazırlıq dövrünə təsadüf edir. Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək və həmişə olduğu kimi müdrikliyini nümayiş etdirərək, Azərbaycanımızı tərəqqi yoluyla irəli aparana səs verəcəkdir. Bir daha əziz bayram - Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirir, müqəddəs bayram günlərini qeyri-iş günü kimi təsbit etmiş dövlətimizə təşəkkürümü bildirirəm. Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMİN!".
AzVision.az
Teqlər: