İsa Qəmbər özünə "ehtiyat aerodrom" açdı

İsa Qəmbər özünə "ehtiyat aerodrom" açdı
  06 Avqust 2013    Oxunub:1128
İctimai Palatanın Koordinasiya Şurasının bir qrup üzvü qurumun təcili iclasının çağırılmasını tələb edib.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, İP rəhbərləri bildirib ki, təşəbbüsçülər Milli Şura formatında baş verən son hadisələrdən və bütövlükdə qarşıdakı prezident seçkilərinin taleyindən dərin narahatlıq keçirir. Təşəbbüsçülər hesab edirlər ki, İP-nı təmsil edən və Milli Şuranın qurulmasında iştirak edən siyasi liderlərin ciddi yanlışlığı nəticəsində demokratik düşərgənin maraqları zərbə altına düşüb. Müxalifətin Milli Şurada birləşdiyi vaxtda İctimai Palatanın sessiyasının çağırılmasından Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı danışıb. O, AzVision.az-a açıqlamasında bildirib ki, İctimai Palatanın sessiyası hər ay çağırılır: “İctimai Palatanın fəaliyyəti dayandırılmayıb. İP başqa strukturdur, Milli Şura başqa struktur. İkisinin də fəaliyyəti seçkilərdə vahid namizədlə iştirakın tam şəkildə həyata keçirilməsinə xidmət etmək üçündür. Sessiyanın çağırılması ilə bağlı dəqiq məlumat yoxdur. İctimai Palatanın sessiyaları ayda bir dəfə çağırılır. Yay aylarında havaların isti keçməsi ilə əlaqədar təxirə salmalar olub. Amma yaxın vaxtlarda sessiyanın çağırılacağı gözlənilir”.

İP-in hazırkı fəaliyyətinə gəlincə isə, G.Aslanlı bildirib ki, İP Koordinasiya Şurasında görüşlər keçirilir, müəyyən məsələlər, xüsusilə də seçki ilə bağlı müzaklirələr aparılır.

Millət vəkili Zahid Oruc isə müxalifətin hazırkı vəziyyətini ehtiyat hava limanı ilə müqayisə edib: “Təyyarələr üçün ehtiyat hava limanları olur. Müxalifətin hazırkı fəaliyyətini də müəyyən mənada buna bənzətmək olar. İş ondadır ki, onlar böyük pafosla Milli Şuranı meydana çağıranda və bunu bütün müxalifətin təmərküzləşmiş mərkəzi kimi elan edəndə İP-in fəaliyyətinə əlvida demişdilər. Bu əslində yanlış yol idi, ümidlərini hüquqi durumu da namizəd olmağa imkan verməyən bir sənət adamına bağladılar. İndi bəlli vəziyyət yaranıb, Rüstəm İbrahimbəyov namizəd ola bilməyəcək. Bu fonda İsa Qəmbərin bütün qüvvələrin rəyini qazanaraq ehtiyat namizəd olmaq imkanı yoxdur. Bu, Milli Şuranın parçalanmasına səbəb ola bilərdi və İsa Qəmbərin xəyanəti kimi əsaslandırılardı. Ona görə də bu onları ənənəvi mərkəzə - İctimai Palataya- aparıb çıxarır. Bu halda da Xalq Cəbhəsi ilə Müsavat arasındakı ədavət baş qaldırır. Beləliklə, müxalifət seçki mübarizəsini tam uduzduğunu göstərdi və hakimiyyətin də onlarla mübarizə aparmağına ehtiyac qalmadı. Belə çıxdı ki, Milli Şura Rüstəm İbrahimbəyov problemi üçün yaradılıbmış. İctimai Palatanın isə seçkidə öz namizədi ilə iştirak edəcəyinə şübhə yoxdur. Sessiyanın çağırılması heç də Rüstəm İbrahimbəyovu tərifləmək, Milli Şuraya dəstək vermək məqsədi daşımır”.

Politoloq Ərəstun Oruclu isə hesab edir ki, İctimai Palatanın gündəmə gəlməsi Milli Şuranın seçkilərdən kənarda qala biləcəyi ehtimalından qaynaqlanır: “Milli Şurada bu gü əlavə namizəd, ehtiyat namizəd məsələsi gündəmə gəlir. Müsavat başqanı İsa Qəmbərin də bununla bağlı təklifi olub. Və bu təklifi Rüstəm İbrahimbəyov müsahibəsində demək olar ki, təkzib edib. Bildirib ki, bu, İsa bəyin öz fikridir. Görünür, Milli Şurada ziddiyyətlər , narahat tərəflər var. Düşünürlər ki, belə getsə, Milli Şura seçkidən kənarda qala bilər. Bu təhlükə var və realdır. Hesab edirəm ki, İctimai Palatanın gündəmə gəlməsi bundan qaynaqlanır”.
Ə.Oruclu vurğulayıb ki, İP-in sessiyasının çağırılması üçün heç bir maneə yoxdur: “Bu qurum mövcuddur və onun fəaliyyətinə xitam verilməyib. Əsas məsələ sessiyanın çağırılıması yox, onun gündəliyidir. Əgər gündəliyə seçki ilə bağlı narahatlıq ifadə edən mövzular gələcəksə, aydındır ki, biz tamamilə fərqli siyasi proseslərin şahidi olacağıq”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti