İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat

İlham Əliyevin namizədliyini dəstəkləyən  bəyanat
  06 Avqust 2013    Oxunub:1130
Azərbaycan Qaçqınlar Cəmiyyəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edib.
Cəmiyyətdən AzVision.az-a verilən məlumata görə, bəyanatda qeyd olunub ki, bu gün Azərbaycan öz tarixinin və taleyinin həlledici mərhələlərindən birini yaşayır.

Ermənilərin Azərbaycana qarşı 1988-ci ildən başladığı, xalqımıza və bütün regiona dəhşətli faciələr gətirən işğalçılıq müharibəsi hələ də davam edir:

`Torpaqlarımızın beşdən biri işğal altında, əhalimizin beşdən biri qaçqın və məcburi köçkün vəziyyətindədir. Buna baxmayaraq, bu illərdə Azərbaycan xalqı böyük iradə nümayiş etdirərək həm öz tarixi müstəqilliyini bərpa etmiş, həm də dövlət və ordu quruculuğu, iqtisadi və sosial-mədəni inkişaf yolunda böyük nailiyyətlər qazanmışdır. Bütün bu nailiyyətlər, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin siyasi kursunun bəhrəsi və bu kursa daim sadiq qalan cənab Prezident İlham Əliyevin son on ildəki prezidentlik fəaliyyətinin nəticəsidir`.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə bu yolu təmkinlə və inamla irəli getmək lazımdır:

`Bu gün Azərbaycanı bu yoldan sapdırmaq, bu yolu hər dəfə təzədən başlamağa məcbur etmək istəyən qüvvələr də yox deyildir. Təəssüflər olsun ki, belələri bəzən öz şəxsi, qrup və partiya maraqlarını ümummilli və ümumdövlət maraqlarından üstün tutaraq atdıqları addımlarla Azərbaycan dövlətini və dövlətçiliyini hansı təhlükələrlə üz-üzə qoyduqlarını başa düşmürlər. Anlaya bilmirlər ki, müharibə şəraitində və dünyanın güc mərkəzlərinin maraq dairəsində olan bir ölkədə atılacaq hər hansı səhv addım Azərbaycanı sonu məlum olmayan fəlakətlərə sürükləyə bilər.

Bu səbəbdən də biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, Azərbaycan dövlətçiliyinin bu gününü və sabahını düşünərək, cəmiyyət həyatının bütün sahələri üzrə davamlı inkişafın mövcudluğunu nəzərə alaraq, bu inkişaf nəticəsində mövcud problemlərin aradan qaldırılacağına inanaraq, ən əsası isə itirilmiş torpaqların geri qaytarılacağına və Ermənistandan qovulmuş insanların öz tarixi torpaqlarına dönə biləcəyinə böyük ümid bəsləyərək Yeni Azərbaycan Partiyasının növbəti prezident seçkilərində namizədi cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və seçkilərdə onun qələbəsi üçün bütün qüvvələrimizi səfərbər edəcəyimizi bəyan edirik`.

AzVision.az


Teqlər:  





Xəbər lenti