ABŞ səfirliyindən seçkilərlə bağlı - BƏYANAT
`Amerika Birləşmiş Ştatlar, Azərbaycan hökumətinin Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkisinin 9 oktyabr 2013-cü il tarixində keçiriləcəyinin elan olunmasını alqışlayır. Seçki mövsümünün fəal mərhələsinin başlandığını nəzərə alaraq, biz, Azərbaycan hökumətini xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırırıq.
Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olub. Biz, Azərbaycan rəsmilərinə müraciət edərək onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında üzərlərnə götürdükləri öhdəlikləri yerinə yetirməyə, prezident seçkisi öncəsi və sonrası, sərbəst toplaşmaq, birləşmək və söz azadlıqlarına hörmət etməyə çağırırıq.
Səsvermə başladıqda pozuntu hallarının məhdudlaşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilən dairə seçki komissiyası rəhbərlərinin, seçicilərin və polisin öz hüquq və öhdəlikləri barədə maarifləndirilməsi fəaliyyəti bizi ruhlandırır. Bununla belə, azad və ədalətli seçkilər sadəcə seçki günü baş verənlərlə məhdudlaşmır. Seçki öncəsi qərəzsiz mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün siyasi partiyaların və maraqlı qrupların kütləvi informasiya vasitələrinə bərabər çıxışının olmasını, hər hansı müdaxilə olmadan ölkənin hər bir yerində seçki kampaniyası tədbirlərinin və müntəzəm partiya görüşlərinin keçirilməsi azadlığını təmin etməlidir. Bura, gənclərin ölkənin gələcəyi haqqında öz fikirlərini internetdə, mətbuatda, yığıncaq zallarında, inzibati qaydada və yaxud qeyri-müəyyən müddətə istintaq təcridxanasında saxlanılmaqdan və digər hədələrdən qorxmadan ictimai meydanlardan istifadə edə bilməsinə imkan verən sağlam vətəndaş dialoqu mühitinin yaradılması da daxildir. Biz, İlqar Məmmədov və Tofiq Yaqublu kimi gənc fəallar, jurnalistlər və siyasi liderlərlə bağlı aparılan məhkəmə prosesinin qanunun aliliyinə uyğun olaraq sürətləndirilməsini, şəffaf və ədalətli qərarın çıxarılmasına qətiyyətlə çağırırıq`.
Bəyanatda o da bildirilir ki, biz, Azərbaycanı qarşıdan gələn seçkilərin monitorinqinin aparılması məqsədilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) rəsmi dəvətin təqdim olunması barədə verdiyi şifahi vədi yerinə yetirməyə çağırırıq:
`Rəsmilər yerli seçki müşahidəçilərini qeydiyyata almalı və, ölkənin hər yerində seçki fəaliyyətini sərbəst şəkildə və qanuna müvafiq formada izləməyə icazə verilməlidir. Hökumətin konstruktiv iştirakı, eləcə də sərbəst və dinc fikir mübadiləsi sayəsində bu prezident seçkiləri Azərbaycan cəmiyyətini gücləndirmək üçün imkan yaradır və beləliklə də Azərbaycanın gələcək sabitliyi ilə bağlı bizim ortaq maraqlarımızı daha da möhkəmləndirir`.
AzVision.az