İbrahimbəyov olmasa, nə olacaq?
Tanınmış ziyalı, professor Niyazi Mehdinin müxalifət düşərgəsinin bu klassik probleminə özünəməxsus izahı var. Onun fikrincə, bu problem siyasi liderlər arasındakı rəqabət və hətta düşmənçilik tarixindən qaynaqlanır: “Əgər 20 illik birgə mübarizə təcrübəsi olan siyasi liderlər öz aralarında prezidentliyə vahid namizədi müəyyənləşdirə bilmirlərsə, onda bunun yalnız bir izahı qalır. Müxalifətin güclü partiyalarının liderləri öz aralarındakı rəqabət və düşmənçilik tarixində gör bir-birini nə qədər yandırıblar ki, indi heç cür hansınınsa qabağa çıxmasına dözə bilmirlər. Bu rəqabət prosesində partiya fəalları elə qızğın iştirak ediblər ki, bu məsələdə artıq onlar da öz siyasi liderləri kimi düşünürlər”.
Niyazi Mehdi hesab edir ki, bu, nə qədər anormal hal kimi görünmüş olsa da, əslində elə normal haldır: “Bu psixoloji halı anormal adlandırmaq istəyəndə gördüm ki, elə normal hal elə budur. Anormal hal umu-küsüyə qalib gəlib, bir nəfəri ortaq namizəd seçməkdir. Bunu yalnız standart düşünməyən siyasətçilər edə bilər. Ancaq elə bir lider olsa ki, hamı onun qələbəyə aparacağına inansın, bu halda vahid namizəd məsələsində ortaq məxrəcə gəlmək asanlaşar. Azad və ədalətli seçkilərin olacağı yağlı sual işarəsi altında qaldığı bir vaxtda müxalifətdən kiminsə bu düşərgəni qələbəyə apara biləcəyi o qədər də inandırıcı görünmür”.
Ancaq Niyazı Mehdi bütün bunlara baxmayaraq, pessimist olmadığını da xüsusi olaraq vurğuladı: “Çünki hər dövrün öz hökmü ola bilər. Bir də gördün, sabah azad seçkilərə şans yarandı. O zaman sıfırdan başlamamaq üçün indidən vahid namizədə ümid etmək gərəkir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müxalifət düşərgəsinin öz daxilində prezidentliyə vahid namizəd müəyyənləşdirə bilməməsini təəssüfləndirici məqam hesab edir. Onun fikrincə, bu problem daha çox müxalifət daxilində problemlərin həllinə yanaşmada siyasi mədəniyyətin inkişaf etməməsilə bağlıdır: “Əlbəttə, müxalifət daxilində belə bir problemin mövcud olması üzücü məqamdır. Bu problem ilk növbədə siyasi liderlərin iddiaları ilə birbaşa bağlıdır. Eyni zamanda, hələ siyasi mədəniyyət də o səviyyədə inkişaf etməyib ki, siyasətçilər cərəyan edən proseslərin taleyüklü mərhələsində öz aralarında qələbəyə ən şanslı siyasi liderin vahid namizədliyini qəbul edə bilsinlər.
Digər tərəfdən, bu məsələnin normal şəkildə həll edilməsinə siyasi liderlərin ən yaxın ətrafındakı şəxslər də əngəl törədirlər. Belə məsələlərin müzakirəsində onların yaxın ətrafındakıların mövqeyi də əhəmiyyətli səviyyədə rol oynayır. Siyasi liderlərin yaxın ətrafında olanlar hesab edirlər ki, digər partiyanın rəhbəri vahid namizəd olarsa, bu, onların təşkilatlarının qarşı tərəfdən geridə qalması kimi anlaşıla və aşağılanmış vəziyyətə düşə bilər. Əslində elə bu da yenə siyasi mədəniyyətlə bağlı məsələdir”.
Fuad Qəhrəmanlı hesab edir ki, müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi üçün uyğun mexanizmlərin işlənib hazırlanması analoji situasiyalardan ən yaxşı çıxış yolu ola bilər: “Belə razılaşmalar üçün uyğun mexanizmlər tapmaq lazımdır. Üzərinə müxalifət düşərgəsini qələbəyə aparmaq öhdəliyini götürmüş vahid namizədin müəyyənləşdirilməsi üçün ən yaxşı yol ilkin seçkilərin keçirilməsidir. Ancaq bu dəfə ilkin seçki və digər bu kimi vasitələrdən yararlanmaq üçün yetərincə zaman olmadı. Eyni zamanda, Rüstəm İbrahimbəyovun vahid namizədliyinin üzərində dayanması ilə cəmiyyətə siyasi liderlərin öz iddialarından geri addım ataraq, yalnız ölkədə siyasi dəyişiklikləri hədəflədikləriylə bağlı mesaj verildi. Çünki Rüstəm İbrahimbəyovun heç bir siyasi iddiası yoxdur. Cəmiyyət də belə bir mesajı çoxdan gözləyirdi. Yəni bitərəf vahid namizədin gündəmə gətirilməsi yalnız siyasi liderlər arasındakı anlaşılmazlıqlarla bağlı deyildi. Bu, ilk növbədə cəmiyyətin ölkədə siyasi dəyişikliklər hədəfi üzərində fəallaşdırılması məqsədi güdürdü”.
AzVision.az