Rejissorun zay ssenarisi
Son günlər mətbuatda tez-tez oxuyuruq ki, Azərbaycan siyasətinə kinoçəkənlər gəlib. Ssenarisi də əvvəlcədən tamaşaçılara bildirilib. Yəni, əvvəli ağlamalıdı, axırı gülməli. Belə lap gülməli. Filmin seansı isə prezident seçkiləri günü olacaq.
Deməli, belə. Film sevgidəndir. Qız-oğlan arasında olan yox ha, mülk sevgisi. Mülkünü itirmiş oğlan Bakıya gələrək varidat uğrunda savaşa başlayır. Ətrafına dostlar toplayır ki, bəs axıra kimi birlikdə mübarizə aparacağıq. Amma nə fayda. Axırda ayrılırlar. Seçkiyə kimi beynəlxalq dostları onlara bu mübarizə üçün bir xeyli pul-qrant ayırır. Bunlar da mübarizə üçün xərcləməyib, axırda pulu götürüb gedirlər Avropada mikrorayon tikməyə. Axı belə pulları yumaqçün ən gözəl sahə elə tikinti sahəsidi. Neynək, uçurtmaqdansa elə tikmək yaxşıdı. Nə deyirəm ki?!
Bütün bunları özümdən uydurmuram - ssenaridə belə yazılıb. Suallarınızı ssenari yazanlara versəniz daha münasib olar.
Azərbaycan siyasətində qəribə bir tendensiya yaşanır. Bütün ideologiyalar xaricdən gəlir və yaxud hər şeyi onlara oxşatmağa çalışırlar. Bəs özünüz, öz fikriniz harda qaldı? Axı, ərəblə, ispanla azərbaycanlı eyni deyil. Burda oturub tarixi şəraiti, yaşam tərzini açıb qurdalamaq fikrim fikrim yoxdu. Maraqlı olan budur ki, xaricdən gələn bütün gözəl ideyalar sərhəddən içəri keçən kimi açılmış dostyana əl birdən yığılaraq yumruğa çevrilir.
Hə, onu deyirdim, biz hər şeyi oxşatmağa çalışırıq. Yaz fəslində haralardasa xalqlar ayağa qalxdı. Bunlar da başladı ki, bizdə də bahardı. Ərəb müxalifləri başladı öz aralarında şura adlı hökümətlər qurmağa bunlar da şura qurdular. A kişi, bu qədər dublyor olmayın da. Bircə dəfə də deyin ki, biz də bunu özümüz yaratdıq. Nədi, Azərbaycan klonlaşdırılmış ölkədi və buna görə də siyasət də klonlaşdırılmış olmalıdı? Bir söz deyə bilmirsən, deyirlər bəs şura höküməti tək vahid namizəddən ibarət deyil, onun topu-topxanası,cəbhəsi-cəbhəxanası və Avropada paytaxtı var. Prezidentliyə iddialı bir adam prezident olmamış kimlərinsə ağzından vuracaqlarını bildirirsə, ay-hay... Deməli, Allah eləməmiş, nəsə dəyişiklik olsa, gündə bir Elmar Hüseynovu dəfn etməli olacağıq.
Amma istənilən halda bu planlarını gizlətmədən qabaqcadan xəbər verdiklərinə görə səmimiyyətlərini alqışlamaq lazımdı. Əslində bu da səmimiyyətdən deyil, sadəcə, namizədliyin və şirin xəyalların verdiyi həyəcandandır. Nə vaxtsa Rüstəm İbarimbəyovun dövlət tərəfindən dəstəklənməsi və təriflənməsindən danışırlar. Əvvəla, bu təriflənmələr qarşılıqlı olub. İkincisi isə, əgər dövlət rəsmiləri incəsənət xadimlərini dəstəkləyirsə, onlara kömək olubsa, bunun nəyi pisidi ki? Qəribə düşüncədir!
Dövləti rəhbərliyinin incəsənət adamlarına olan sevgisinə və dəstəyinə görə qınamağa ad verməkdə adam çətinlik çəkir. Son günlər Rüstəm İbarimbəyovun Avropadakı görüşlərdə verdiyi açıqlama isə hətta facebook profillərində gülüş obyektinə çevrilib. Bunu mən demirəm, özünüz oxuyun, görəcəksiniz: “Çox dəyərli, vacib görüşlərim oldu. Avropa Parlamentinin və Avropa İttifaqının rəhbərlərilə görüşdüm. Onların kimlər olduğunu açıqlamaq istəmirəm”. Daha nə ad çəkməliydi və yaxud nəyi gizlətdi ki? Nə isə, buna izah verməkdənsə gülümsəmək daha yaxşıdı.
Teqlər: