İsa Qəmbər Rəsul Quliyevə xəbərdarlıq etdi
"İndiki mərhələdə Rəsul Quliyevin bu cür münaqişələrə maraq göstərməsi, Milli Şura daxilində gərginlik yaradan addımlar atması təbii ki, xoşagələn deyil. Elə bil ki, mövzunu dəyişməyə cəhdlər görünür. Öncə guya Rüstəm İbrahimbəyov-İsa Qəmbər, Milli Şura-Müsavat qarşıdurması haqqında rəy yaratmağa çalışdılar, onu davam etdirməyə cəhd göstərənlər də var. İndi də sanki Rəsul Quliyev Müsavatla konflikt yaratmaq, Milli Şura daxilində bir gərginlik yaratmaq istəyir və mövzunu dəyişmək istəyir. Halbuki Milli Şuranın bu cür problemləri yoxdur və Milli Şura birgə fəaliyyət göstərmək üçün hamımızın könüllü şəkildə iştirakı ilə formalaşdırdığımız birlik formatıdır".
Müsavat başqanı həmçinin seçkilərin baykot edilməsinin qəti -əleyhdarı olduğunu da bildirb.
"Mən 2 iyul sessiyasında bildirmişdim ki, Milli Şura mütləq seçkilərdə iştirak etməlidir, heç bir halda Milli Şuranın, demokratik düşərgənin seçkilərdən kənarda qalmasına yol vermək olmaz. Rəsul Quliyev isə bir müddət əvvəl bildirmişdi ki, Rüstəm İbrahimbəyov qeydə alınmayacağı şəraitdə Milli Şura seçkilərdən imtina etməlidir və seçkilər boykot edilməlidir. Mən də düşünmüşdüm ki, yanlış mövqe də olsa, hər halda o, açıq şəkildə mövqeyini ifadə edib. Çünki bəzi başqa qüvvələr faktiki olaraq boykot əhval-ruhiyyəsindədirlər, ancaq bunu açıq dilə gətirmək istəmirlər, görürlər ki, boykot ideyası cəmiyyətdə yaxşı qarşılanmır. Son günlər Rəsul Quliev də bu mövzular ətrafında fikir bildirmir, amma diqqəti yayındırır. Bu da düzgün deyil. Milli Şuranın seçkilərdəki iştirakına, Rüstəm müəllimin qeydiyyatına nail olmaq və Milli Şuranın hədəflərinin reallaşdırılmasına nail olmaq barədə düşünmək lazımdır. Rəsul Quliyev nə qədər tez bu yersiz inadkarlığından, cığallığından, davakarlığından əl çəksə, bir o qədər yaxşı olar".
AzVision.az