V və VI siniflər üçün yenilik
Qeyd edək ki, “kurikulum” təhsil proqramıdır. Hər bir fənnin öz kurikulumu, yəni təhsil proqramı vardır. Fənlər üzrə kurikulumlarda əsas yeri həmin fənnin məzmununu ifadə edən dövlət standartları tutur. Dövlət standartlarında hər bir sinif və təhsil səviyyələrinin (ibtidai, ümumi orta, tam orta) sonunda şagirdlərin nail olacaqları bacarıqlar və mənimsəyəcəkləri zəruri biliklər əks olunub. Məzmun standartları bilavasitə şagirdlərin təfəkkürlərinin inkişafına, onlarda idraki, kommunikativ (ünsiyyət), psixomotor bacarıqların formalaşdırılmasına yönəlmiş, dərsliklər də bu istiqamətdə hazırlanıb. Yeni kurikulumlar bilikləri hazır şəkildə şagirdlərə ötürməyi deyil, öyrənmə prosesində onların fəallığını, müstəqil fikir bildirmələrini və nəticələr çıxarmalarını, düşünmə yolu ilə problemlərə müstəqil cavab tapmalarını, yaradıcılığa, tədqiqatçılığa meyil etmələrini tələb edir. Belə olan halda, sinifdə işgüzar təlim şəraiti yaranır, uşaqların özünəinamı artır və onlar öyrənmə prosesinə daha fəal qoşulurlar.
Sevinc İltifatqızı